Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Muxtar Babayev: Şəhərdən kəndə gələnlər buraya plastik mənşəli tullantılar atmamalıdırlar

Muxtar Babayev: Şəhərdən kəndə gələnlər buraya plastik mənşəli tullantılar atmamalıdırlar

Tarix: 4 Iyun 2019 10:48

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün zəngin bioloji müxtəliflik komponentlərinə malik olan milli parklarda 100-dən yuxarı turist marşrutu yaradılıb, onlar müvafiq infrastrukturla təmin edilib.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev “Şəhərdən kəndə” aqroekoturizm layihəsinin təqdimatında çıxış edən zaman deyib.

Onun sözlərinə görə, Azərbaycanda qısa müddət ərzində milli parkların sayı 10-a çatdırılıb. Park ərazilərində ziyarətçilərin dolğun məlumatlandırılması məqsədilə əyani vəsaitlərlə, innovativ lövhələrlə təchiz olunmuş Məlumat Mərkəzləri var. Azyaşlı ziyarətçilər üçün isə onların maraq dairələrinə uyğun uşaq guşələri fəaliyyət göstərir.

M.Babayev əlavə edib ki, turistlərin müşayiət olunması və məlumatlandırılması üçün milli park ərazilərində bələdçilər fəaliyyət göstərir. Bu gün hər bir milli parkda ətraf kəndlər üzrə turistik baza məlumatları mövcuddur.

Onun bildirdiyinə görə, gələn qonaqlara kəndlərin tarixi, xüsusiyyətləri, istər yerli, istərsə də xarici turistlərin maraq dairəsinə aid imkanları, qonaq evlərinin siyahısı verilir və kəndlərin qastronomik imkanları təbliğ edilir:

"Bu baxımdan bu gün təqdim olunacaq layihə təbiət ərazilərinin, xüsusən milli parkların iştirakını zəruri edir. Bununla belə layihənin icrası zamanı xüsusi diqqət yetirilməli məqam şəhərdən kəndə, həmçinin təbiət ərazilərinə insan marağını təmin etməklə bərabər baş verə biləcək neqativ – antropogen təsirləri minimuma endirməkdən ibarətdir. Kənd mühiti, kənd təbiəti özündə saflığı təcəssüm etdirir. Buraya gələn insanlar geriyə - şəhərə qayıdanda özləri ilə müsbət enerji və onların daşıyıcısı olan məhsulları aparır. Şəhərdən kəndə gələnlər buraya plastik mənşəli tullantılar atmamalıdırlar. Heç bir halda təbiətə neqativ təsir edilməməlidir".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Muxtar Babayev Şəhərdən kəndə gələnlər buraya plastik mənşəli tullantılar atmamalıdırlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ