Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2019 15:16
“Sabah” klubunun üzvləri bu il “Dostluq üçün futbol” (Football for friendship) sosial layihəsində iştirak edəcək.
Madriddəki turnirə qatılacaq komandanın üzvlərinin iştirakı ilə bu gün mətbuat konfransı təşkil edilib.
Tədbir iştirakçıları əvvəlcə layihə barədə məlumat veriblər. 200-dən çox ölkənin qatıldığı layihədə başlıca məqsəd sağlamlıq, tərbiyəvi işlərin aşılanması olduğu bildirilib. Dəvəti dərhal qəbul edən “Sabah” yarışda təmsil olunmaq ideyasını müsbət dəyərləndirib. Layihə çərçivəsində məşqçilər üçün də seminar keçiriləcəyi vurğulanıb. Premyer Liqamızın debütantı bu tədbirdə uşaq məşqçisiylə də təmsil olunacaq.
Daha sonra “Sabah”ın uşaq komandalarının uğurları barədə bəhs edilib. Madridə gedəcək heyətdə ötən mövsüm U-12 komandaları arasında ölkə çempionu olmuş “Sabah”ın iki futbolçusu iştirak edəcək. Söhbət hücumameylli yarımmüdafiəçi Balamirzə Mehdiyev və qapıçı Ayxan Əlizadədən gedir. Eyni zamanda, bu uşaqların müxtəlif yarışlarda ən yaxşı oyunçular seçildikləri bildirilib. Bununla yanaşı, Fatimə Məhərrəmli də qızların turnirində ilk dəfə ölkəmizi təmsil edəcək.
Tədbirin daha bir maraqlı məqamı "gənc jurnalist"lə təmsil olunmaqdır. Təşkilatçılar ölkəmizi Timur Jeltenkovla təmsil olunmasını məqbul sayıblar. Bu yeniyetmə futbola dair kiçik məqalə yarışmasında ən uğurlu olub və Azərbaycanı təmsil etmək hüququ əldə edib.
Xorvatiyada, Türkiyədə, Avstriyada beynəlxalq turnirlərdə uşaq komandaları ilə təmsil olunan “Sabah”ın gələcəkdə də azyaşlılara bu cür təcrübə aşılamaq niyyəti barədə məlumat verilib.
Mayın 28-də yola düşəcək təmsilçimiz, iyunun 2-də Vətənə dönəcək. Bu müddətdə turnir iştirakçıları UEFA Çempionlar Liqasının final qarşılaşmasını da izləyəcək. Azərbaycan 2 oğlan və 1 qızla təmsil olunacaq. Komandaların tərkibi püşkatma nəticəsində müəyyənləşəcək.(sport24.az)