Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2020 17:58
Azərbaycan Gənclərinin Ankara Həmrəyliyi (AGAH) İctimai Birliyinin internet televiziyası olan AGAH TV-nin "Salam, Azərbaycan" proqramının növbəti qonağı Türkiyə Respublikasının Xarici İşlər Nazirinin müavini Yavuz Selim Kıran olub.
AGAH-ın mətbuat xidmətindən Sonxeber.net-a daxil olan məlumata görə 30 Aprel ADNA terror aktının anımı ilə başlayan verilişdə COVİD-19 pandemiyasına qarşı mübarizədə Türkiyə-Azərbaycan əlaqələri, Dağlıq Qarabağ münaqişəsinin son vəziyyəti, gənclər təşkilatlarının iki ölkə arasındakı əlaqələrin inkişafındakı rolu kimi mövzular müzakirə olunub. AGAH-ın sədri Təbriz Raufoğlunun moderatorluğu ilə həyata keçirilən proqramda iki qardaş ölkənin birlik və bərabərliyinin əbədi olacağı vurğulanıb.
Yavuz Selim Kıran Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla bütün mövzularda Türkiyənin Azərbaycanın yanında olduğunu bəyan edib. O, "Türkiyədə yaşayan və təhsil alan azərbaycanlı tələbə-gənclər bilsinlər ki, Azərbaycandan "Dostluq" ordeni alan bir Xarici İşlər nazirinin var olduğu ölkədə yaşayırlar, odur ki, bütün şərait və şərtlərdə onların yanında olacağımızdan əmin olsunlar." deyə sözlərinə davam edib.
Qeyd edək ki, AGAH TV vasitəsi ilə çəkilən proqram Facebook və Twitter üzərindən birbaşa yayımlanıb.