Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 May 2020 11:28
Təəssüf ki, aprelin 27-də xüsusi karantin rejiminin yumşaldılmasından sonra əhali arasında xeyli arxayınlaşma, hətta bəzilərində virus təhlükəsinin ötüb keçməsi təsəvvürü yaranıb. Son günlər küçə və yollarda xeyli maskasız adam görürəm. COVID-19 elə növ virus infeksiyasıdır ki, onunla mübarizədə qətiyyən belə arxayınlaşmaq, hər şeyin ötüb keçdiyini düşünmək çox böyük yanlışlıqdır. Doğrudur, ölkəmizdə görülən qabaqlayıcı tədbirlər nəticəsində epidemiyanın miqyası böyük olmadı. İndi də infeksiyadan sağalanların sayı nikbinlik üçün əsas versə də, arxayınlaşmaq üçün qətiyyən əsas vermir.
Sonxeber.net bildirir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyev deyib.
Pediatr söhbətinə davam edərək deyib: "COVID-19-un bütün dünyanı aciz qoyan xüsusiyyəti onun təbiətinin mutagen xarakteridir. Yəni, düşdüyü bir orqanizmdə mutasiyaya uğrayaraq fərqli formalar alır, vaksinasiya və müalicəni qeyri-mümkün edir. Dünya həkimlərinin çaldığı həyəcan siqnalı və əksər ölkələrdə tətbiq edilən xüsusi karantin rejimi də bununla əlaqədardır. Xüsusi karantin rejimində aparılan yumşalma heç də infeksiya təhlükəsinin ötüb keçməsi ilə əlaqədar deyil, sadəcə olaraq elə xidmət sahələri var ki, onun fəaliyyətini uzun müddət saxlamaq mümkün deyil. Nə koronavirus pandemiyası başa çatıb, nə də virusun yayılmaq təhlükəsi aradan qaldırılıb. Ona görə də sosial izolyasiya tədbirləri yenə də əvvəlki qaydada davam etdirilməli, küçəyə çıxarkən mütləq maska taxılmalı, əlcək geyinilməli, dezinfeksiya tədbirləri davam etdirilməli, nəqliyyatda, küçədə, ticarət müəssisələrində, eləcə də iş yerlərində izolyasiya tədbirlərinə əməl edilməli, daha doğrusu, insanlar arasında müəyyən məsafə saxlanılmalıdır.
"Biz gözlə görünməyən, yediyin yemək, udduğun hava, toxunduğun əşya ilə orqanizmə daxil olaraq fəlakətli nəticələr verə bilən dəhşətli bir virusla üz-üzəyik. Onunla mübarizədə kiçik bir ehtiyatsızlıq, buraxılan bir səhv həm özünü, həm də ətrafdakıları çox böyük bir risk altına qoyur. Koronavirus pandemiyası hələ sona çatmayıb, bütün dünya amansız düşmənlə mübarizə aparmaqdadır. Ona görə də bir an da arxayınlaşmadan, qətiyyən geri çəkilmədən mübarizə davam etdirilməlidir. Elə etməməliyik ki, bu günə qədər əldə etdiklərimizi itirib daha ağır fəsadlarla üzləşək. Özü də bu pandemiyanın təkrar yoluxması indikindən daha ağır və təhlükəlidir. Ona görə də mövcud qaydalara riayət olunmalı və zəruri profilaktik tədbirlər davam etdirilməli, risk qrupunda olanlar evdən bayıra çıxmamalı, ictimai yerlərdə, market və xidmət sahələrində insanlar arasında lazımi məsafə gözlənilməlidir. Bunu nəzərə almasaq, dəhşətli infeksiyanın ikinci dalğası başlaya bilər və daha böyük təhlükə ilə üz-üzə qala bilərik", - professor fikrinə yekun vurub.