Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Karantin rejiminin qaydalarına riayət edərək özümüzü, ailəmizi və cəmiyyətimizi qorumalıyıq''

''Karantin rejiminin qaydalarına riayət edərək özümüzü, ailəmizi və cəmiyyətimizi qorumalıyıq''

Tarix: 2 May 2020 11:02

Bu gün dünya COVID-19 pandemiyası ilə mübarizə aparır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu təhlükəli virusa qarşı görülən təxirəsalınmaz tədbirlər nəticəsində pandemiya digər dövlətlərlə müqayisədə Azərbaycanda geniş vüsət almayıb. Xüsusi vurğulamaq lazımdır ki, respublika rəhbərliyi tərəfindən vaxtında verilən fərman və sərəncamlar ölkəmizdə irimiqyaslı təhlükələrin qarşısının alınmasında mühüm rol oynadı. Dövlət başçısının zamanında düşünülmüş qəti tədbirləri olmasaydı, dünyanın qabaqcıl və tərəqqi etmiş ölkələrini bürüyən bu dəhşətli virusla mübarizə çətinləşər, ölüm halları çoxalardı.

Sonxeber.net bildirir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan İlahiyyat İnstitutunun rektoru vəzifəsini müvəqqəti icra edən Aqil Şirinov deyib.

O vurğulayıb ki, dünyanı bürüyən ağır sınaq dövründə xalqımızın Prezident İlham Əliyevin "Biz birlikdə güclüyük!" çağırışı ətrafında sıx birləşməsi vətəndaşlarımızın ölkə rəhbərliyinə göstərdiyi etimadın bariz nümunəsidir. Təsadüfi deyil ki, Prezidentin 2020-ci il 19 mart tarixli "Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vətəndaşlarımız könüllü olaraq imkanları çatdığı miqdarda ianələr edirlər.

"Dəyərli həmvətənlərimiz, biz bu pandemiya ilə mübarizədə birlikdə qalib olmalıyıq. Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları ilə aprelin 27-də və mayın 4-də karantin məhdudiyyətlərinin bir qismi yumşaldılıb. Buna baxmayaraq, hələ də xəstəxanalarda bir çox vətəndaşımız bu virusla mübarizə aparır. Qəhrəman həkimlərimiz xəstəliklə mübarizə aparan vətəndaşlarımıza yardım etməyə çalışırlar. Risk altında qalan həkimlərimiz və polislərimiz hər gün ictimaiyyətə evdə qalmağı tövsiyə edirlər. Əgər verilən qərarlardan sui-istifadə etməsək, özümüzün və ətrafımızdakıların sağlamlığını düşünsək, yalnız ehtiyacımız olduğu təqdirdə icazələrdən istifadə etsək, pandemiya ilə mübarizədə qalib gələrik", - deyə Aqil Şirinov qeyd edib.

O diqqətə çatdırıb ki, karantin rejiminin yumşaldılması insanlarda rahatlıq yaratmamalıdır. Sosial məsafəyə və şəxsi gigiyena qaydalarına lazımınca riayət etməli, qoruyucu vasitələrdən istifadə etməyi gündəlik həyat tərzimizə çevirməliyik.

Nazirlər Kabineti yanında Operativ Qərargahın da bildirdiyi kimi, COVID-19 virusu ilə mübarizə uzunmüddətli proses olduğundan, xəstəliyə qarşı qabaqlayıcı tədbirlər davam etdirilməlidir. Hər bir vətəndaşımızı sosial məsuliyyətindən irəli gələrək, dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək olmağa, Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyə səsləyirik.

Aqil Şirinov bildirib ki, müqəddəs dinimiz İslam da bizə sağlamlığımızı qorumağı tövsiyə edir. Hazırda müqəddəs Ramazan ayını yaşayırıq. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Ramazan ayı ilə bağlı fətva verib və bu açıqlamada vətəndaşlar xüsusi karantin rejiminin tələblərinə, həkim tövsiyələrinə əməl etməyə çağırılır. Həmçinin şəriətdə vacib olmayan, lakin adət-ənənələrimizə söykənən dini mərasimlərin - ehsan, mövlud və digər ayinlərin pandemiya dövründə keçirilməməsi tövsiyə edilib. Qurani-Kərimin "Bəqərə" surəsinin 195-ci ayəsində "(Malınızı) Allah yolunda xərcləyin. Öz əlinizlə özünüzü təhlükəyə atmayın, yaxşılıq edin! Allah yaxşılıq edənləri sevir", - buyurulur. Biz də imkan daxilində bu çətin dövrdə ehtiyac içində olanlara kömək göstərməli, həmçinin karantin rejiminin qaydalarına riayət edərək özümüzü, ailəmizi və cəmiyyətimizi qorumalıyıq. Belə olan halda, ümidvarıq ki, bu sınaqdan üzüağ çıxacağıq.


Etiketlər:  Karantin rejiminin qaydalarına riayət edərək özümüzü ailəmizi cəmiyyətimizi qorumalıyıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ