Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hikmət Hacıyev: Ermənistanın siyasi-hərbi rəhbərliyi destruktiv ritorikası və təxribatçı addımları ilə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar prosesini sual altına qoyur

Hikmət Hacıyev: Ermənistanın siyasi-hərbi rəhbərliyi destruktiv ritorikası və təxribatçı addımları ilə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar prosesini sual altına qoyur

Tarix: 5 May 2020 17:57

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Trend-ə müsahibə verib.

Müsahibəni təqdim edirik:

-Ermənistan xarici işlər nazirliyi tərəfindən münaqişənin mərhələli həlli prosesini təhrif edən və ziddiyyətli açıqlamalar verilir. Bu barədə nə deyərdiniz?

-ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinin mərhələli həllə əsaslanması hamıya məlumdur. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin dövlət başçıları və digər səviyyələrdə səsləndirdikləri bəyanatlarda status-kvonun qəbuledilməz olduğu və münaqişənin mərhələli şəkildə həll olunması planı dəfələrlə bəyan olunub. Ermənistan tərəfi hər zaman olduğu kimi ölkə ictimaiyyətini aldatmaq üçün əsassız iddialarla çıxış edir. Münaqişənin paket formulu əsasında həlli müzakirə mövzusu deyildir. Ermənistanın siyasi-hərbi rəhbərliyi destruktiv ritorikası və təxribatçı addımları ilə bu gün ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesini sual altına qoyur.

Münaqişə Azərbaycan Respublikasının Konstitusiyasına, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə və Helsinki Yekun Aktına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır və həll olunacaqdır. Azərbaycanın ərazi bütövlüyü heç zaman müzakirə mövzusu olmayıb və ola da bilməz. Ermənistan xarici işlər naziri və ya digər kimsə Azərbaycanın ərazi bütövlüyü və suveren əraziləri barədə mühakimə yürüdə bilməz. Prezident İlham Əliyev tərəfindən qeyd olunduğu kimi münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. "Qarabağ Azərbaycandır və nida işarəsi".

Münaqişənin mərhələli şəkildə həllində birinci və ən vacib olan addım Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və Azərbaycanlı məcburi köçkünlərin təhlükəsiz şəraitdə öz doğma torpaqlarına qayıtması hüququnun təmin olunmasıdır. Ermənistanın işğalçılıq siyasəti davam etdiyi təqdirdə, münaqişənin həllində irəliləyiş əldə etmək qeyri-mümkündür. Bütün işğallar kimi Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı da müvəqqəti xarakter daşıyır. Ermənistan işğalçı dövlət olaraq bunu nəhayət başa düşməlidir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünü bütün beynəlxalq ictimaiyyət tanıyır və dəstəkləyir. Azərbaycanın işğal olunmuş ərazilərində təşkil olunmuş qeyri-qanuni seçkilərə beynəlxalq ictimaiyyətin münasibəti bunu bir daha nümayiş etdirdi.

İlk növbədə onu qeyd edim ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü Azərbaycanın Konstitusiyasında təsbit olunmuşdur. Bütün beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyır və dəstəkləyir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli kontekstində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri də daxil olmaqla, çoxsaylı beynəlxalq hüquqi-siyasi sənədlərdə təsbit və təsdiq olunmuşdur. BMT TŞ-nın qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu bir daha təsdiq olunur, Azərbaycana qarşı gücdən istifadə pislənilir, işğalçı qüvvələrinin tam, dərhal və qeyd-şərtsiz işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması tələb olunur.

Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində təşkil etdiyi qanunsuz seçkilərlə əlaqədar beynəlxalq ictimaiyyətin nümayiş etdirdiyi mövqe bir daha onu göstərdi ki, işğal, hərbi təcavüz və qanlı etnik təmizləmə nəticəsində yaranmış vəziyyət heç vaxt tanına bilməz. Bu qanunsuz seçkilər ATƏT, Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Şurası və digər beynəlxalq təsisatlar, həmçinin ayrı-ayrı dövlətlər tərəfindən rədd edildi və Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olundu.

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi 1 mayda verdiyi açıqlamasında Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi barədə Aİ-nın mövqeyini bir daha bəyan etdi.

Göründüyü kimi Ermənistan çıxılmaz vəziyyətdə qaldığını görərək, fərqli və ziddiyyətli fikirlərlə çıxış edir. Status və təhlükəsizlik məsələsini şərt kimi qoyur və Aprel müharibəsi də tez-tez Ermənistanın siyasi gündəliyinə gəlir.

Ermənistan tərəfindən yenə də ziddiyyətli və biri digərini təkzib edən fikirlər səslənir. Qeyd etdiyimiz kimi, münaqişənin həlli ilə bağlı Azərbaycanın birmənalı, qəti və ardıcıl mövqeyi vardır.

Ermənistanın siyası rəhbərliyi qondarma rejimin danışıqlarda iştirakı və sanki danışıqlar formatının dəyişdirilməsi barədə iddialarla çıxış edirdi. Danışıqların formatı dəyişdirilə bilməz və Azərbaycan ərazilərini işğal etmiş dövlət olaraq Ermənistan siyasi-hüquqi məsuliyyət daşıyan münaqişə tərəfidir. Nəticədə, Ermənistan mövcud format əsasında danışıqlarda iştirakını davam etdirməyə məcbur oldu.

Azərbaycanın işğal olunmuş ərazilərində təşkil olunmuş sonuncu seçki şousu bir daha göstərdi ki, qondarma rejim kriminal qurumdan başqa bir şey deyil və Ermənistandakı klan müharibəsinin tərkib hissəsidir. Qanlı etnik təmizləmə nəticəsində yaradılmış bu qondarma kriminal qurumun öz müqəddəratını təyin etmək ilə əlaqələndirilməsi əsl siyasi riyakarlıqdır.

Bir milyondan artıq Azərbaycanlını qanlı etnik təmizləməyə məruz qoyan Ermənistanın təhlükəsizlikdən danışmağa mənəvi haqqı belə yoxdur. Region üçün ən böyük təhlükə mənbəyi isə məhz Ermənistanın işğalçılıq siyasəti və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğudur.

2016-cı ilin aprelində isə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatı nəticəsində Azərbaycan silahlı qüvvələri mülki Azərbaycan əhalisinin təhlükəsizliyini təmin etmək üçün əks-həmlə tədbirlərini gördülər. Nəticədə Ermənistan ordusu barəsində yaradılmış süni mif darmadağın edildi. Aprel döyüşlərindən sonra Ermənistan ordusunda aparılmış araşdırmalar və yüksək çinli generalların işdən çıxarılması məğlubiyyətin etirafı idi. Azərbaycan Respublikası istənilən zaman BMT Nizamnaməsi və Azərbaycan Respublikasının Konstitusiyasın əsaslanaraq ərazi bütövlüyünü və suverenliyini təmin etmək hüququnu özündə saxlayır. Buna görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür.


Etiketlər:  Hikmət Hacıyev Ermənistanın siyasi hərbi rəhbərliyi destruktiv ritorikası təxribatçı addımları ilə ATƏT Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar prosesini sual altına qoyur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ