Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyun 2019 14:39
Bakı. Elçin Mehdiyev - Trend:
Fransa məhkəməsinin çıxardığı qərar Ermənistanın Dağlıq Qarabağdakı separatçı rejimi legitimləşdirmək cəhdlərinə növbəti ağır zərbədir.
Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin və Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Sahibə Qafarova deyib.
Deputat qeyd edib ki, Fransa inzibati məhkəməsinin bu ölkənin Arnuvill şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış “Dostluq haqqında xartiya”nı iyunun 4-də ləğv etməsi və məhkəmənin 2018-ci il oktyabrın 22-də imzalanmış “sənəd”in qeyri-qanuni imzalandığı, heç bir hüquqi qüvvə daşımadığı və Fransanın beynəlxalq öhdəliklərinə zidd olması barədə qərarı ermənilərin qanunsuz fəaliyyətinə verilən layiqli hüquqi qiymətdir.
Millət vəkili xatırladıb ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı separatçı cinayətkar rejimin təbliği və onun legitimləşdirilməsi məqsədilə bir sıra səylər göstərir: "Bəzi ölkələrin müxtəlif şəhərləri ilə əməkdaşlıq qurulması, telemarafonların və yardım kampaniyalarının, qeyri-qanuni səfərlərin təşkili Ermənistan hakimiyyətinin bu niyyətinə xidmət edən qanunsuz addımlardır. Təbii ki, işğalçı dövlətin bu istiqamətdə göstərdiyi bütün cəhdlərin heç bir hüquqi əsası yoxdur və buna görə də dünya dövlətləri və əksər beynəlxalq təşkilatlar tərəfindən ciddi qarşılanmır. Əksinə, Ermənistanın qonşu dövlətin ərazi bütövlüyünə, regional təhlükəsizliyə yaratdığı təhdidlər ciddi şəkildə qınanır. Fransa məhkəməsinin qərarı bunu növbəti dəfə təsdiq etdi".
S.Qafarova bildirib ki, işlə bağlı məhkəmə dinləmələri 2019-cu il fevralın 28-də başlanıb və mayın 29-da başa çatıb: "Bu, 2013-cü ildən sonrakı dövrdə Fransa məhkəməsinin Azərbaycanın xeyrinə çıxardığı ilk qərardır. Fransa məhkəməsinin bu ədalətli qərarı təqdirəlayiqdir. Bu, həm də özündə müsbət bir tendensiyanı əks etdirir və bu ölkənin məhkəmələri Ermənistanın işğal altında olan Azərbaycan ərazilərində yaratdığı rejimin bağladığı digər qeyri-qanuni xartiyaların da ləğv edilməsi üçün bir stimul rolunu oynaya bilər".
Deputat onu da qeyd edib ki, dövlətimiz Azərbaycan həqiqətlərinin dünya birliyinə obyektiv şəkildə çatdırılması istiqamətində hər zaman fəal iş aparır və bununla da qlobal miqyasda erməni lobbisinin təsirlərini neytrallaşdırmağa nail olur:
"Azərbaycan dövləti separatçı rejimin işğalı legitimləşdirmək, Fransa şəhərləri il qarşılıqlı əlaqələr qurmaq cəhdlərini dəfələrlə rəsmi Paris qarşısında qaldırıb və belə beynəlxalq hüquqa zidd əməllərin dayandırılmasına çağırışlar edib. Bu məqamda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir qədər bundan əvvəl Fransaya səfərini xatırlamaq yerinə düşər. Bəhs olunan səfər zamanı Birinci vitse-prezident Mehriban Əliyeva keçirdiyi rəsmi görüşlərdə məsələni müzakirə edib və belə halların yolverilməzliyini diqqətə çatdırıb. Azərbaycanın göstərdiyi belə fəal diplomatik səylərin nəticəsidir ki, cari ilin fevralında erməni diasporunun nümayəndələri ilə görüş zamanı Fransa Prezidenti Emmanuel Makron bu tipli xartiyaların imzalanmasını və işğalçı rejimlə Fransa şəhərlərinin əlaqələrinin qurulmasını Fransanın dövlət maraqlarına, beynəlxalq öhdəliklərinə və hüquqa zidd olduğunu bildirib”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin