Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2020 15:48
Bakı. Trend:
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) bu ilin mart-aprel ayları ərzində 746 müraciət daxil olub.
KOBİA-dan Trend-ə bildirilib ki, daxil olmuş müraciətlərin 370-ə yaxını koronavirus pandemiyası və bununla əlaqəli məsələlər, o cümlədən pandemiya səbəbindən sahibkarların qarşılaşdıqları çətinliklər və sahibkarlara dövlətin maliyyə-iqtisadi dəstək tədbirləri ilə bağlıdır. Müraciətlərin 225-i sahibkarlığın inkişafı, 105-i sahibkarlıqla bağlı yaranmış problemlər, 50-si KOBİA-nın sahibkarlara göstərdiyi dəstək və xidmətlər, eləcə də digər məsələlərlə əlaqədardır.
Mart-aprel ayları ərzində KOBİA-nın 131 Çağrı Mərkəzinə isə 598 müraciət daxil olub. Müraciətlərin 299-u koronavirus pandemiyası və bununla bağlı məsələlər, o cümlədən pandemiya ilə əlaqədar sahibkarların qarşılaşdıqları çətinliklər və onlara göstərilən maliyyə-iqtisadi dəstək tədbirləri, 71-i biznesə başlanılması və mövcud sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə dəstək göstərilməsi, 228-i isə Agentliyin dəstək mexanizmləri, güzəştli maliyyəyə çıxış, əməkdaşlıq və digər məsələlərlə bağlıdır.
KOBİA-ya daxil olmuş müraciətlər qanunvericiliyə uyğun olaraq cavablandırılıb, araşdırma tələb edən müraciətlər isə Agentliyin struktur bölmələri tərəfindən araşdırıldıqdan sonra sahibkarlara müvafiq məlumat verilib.