Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Google” şirkəti əsas rəhbər ilə yolları ayırıb

“Google” şirkəti əsas rəhbər ilə yolları ayırıb

Tarix: 12 May 2020 14:00

"Google" şirkətinin və eyniadlı axtarış sisteminin daxil olduğu "Alphabet" holdinqinin dəyişməz top-meneceri Erik Şmidt vəzifəsini tərk edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "NEWSru" resursuna istinadən yazır ki, o, son vaxtlar elm və texnologiyalar üzrə müşavir vəzifəsini tutduğu "Alphabet" holdinqini bu ilin fevralında tərk etsə də, bu barədə indi məlum olub. E.Şmidtin və "Google" şirkətinin nümayəndələri məsələyə münasibət bildirməkdən imtina ediblər.

 

Məlumata görə, E.Şmidt "Google" şirkətində 2001-ci ildə onun həmtəsisçiləri Larri Peyc və Sergey Brinin dəvəti ilə fəaliyyətə başlayıb və Direktorlar Şurasının sədri və baş icraçı direktor vəzifələrini tutub. O, 2006-2009-cu illərdə "Apple" şirkətinin Direktorlar Şurasına da daxil olub. E.Şmidt 2011-ci ildə "Google" şirkətinin icraçı direktor vəzifəsini Larri Peycə təhvil verib. 2015-ci ildə "Alphabet" holdinqi yaradıldıqdan sonra yeni şirkətin Direktorlar Şurasının rəhbəri seçilib. O, ABŞ-ın keçmiş prezidenti Barak Obama administrasiyasında elm üzrə müşavir vəzifəsini tutub.

 

2018-ci ilin əvvəlində E.Şmidt "Alphabet" Direktorlar Şurasının rəhbəri vəzifəsini tərk edərək şirkətin elm və texnologiyalar üzrə müşaviri vəzifəsini tutub, eləcə də holdinqin Direktorlar Şurasında vəzifəsini qoruyub. O, 2019-cu ilin mayında holdinqin Direktorlar Şurasını tərk edib.

 

Şirkət E.Şmidtin müşavir qismində vəzifəsinin mahiyyətini heç vaxt açıqlamayıb və bu informasiya hələ də sirr olaraq qalır.

 

E.Şmidt "Alphabet" holdinqinin 4,1 milyon səhminə sahibdir. Onun portfelinin dəyəri 5,3 milyard dollar təşkil edir. Ötən həftə Nyu-York ştatının qubernatoru Endryu Kuomu bəyan edib ki, E.Şmidt koronavirus pandemiyasından sonra ştatın texnoloji infrastrukturunun inkişafı məsələləri ilə məşğul olacaq komissiyaya rəhbərlik edəcək. Söhbət teletibb və distant təhsil sistemlərinin təkmilləşdirilməsindən gedir.

 

Nizam Nuriyev




Etiketlər:  Google şirkəti əsas rəhbər ilə yolları ayırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ