Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan apreldə gündəlik 771,4 min barrel neft hasil edib

Azərbaycan apreldə gündəlik 771,4 min barrel neft hasil edib

Tarix: 12 May 2020 15:20

Bakı. Trend:

2020-ci ilin aprel ayında Azərbaycan üzrə gündəlik neft hasilatı 771,4 min barrel olub. Bunun 679,8 min barrelini xam neft, 91,6 min barrelini kondensat təşkil edib.

Energetika Nazirliyindən Trend-ə bildirilib ki, gündəlik 640,3 min barrel xam neft, 86 min barrel kondensat, 23,6 min barrel neft məhsulları ixrac edilib.

Qeyd edək ki, “OPEC plus” formatında təmsil olunan OPEC və qeyri-OPEC ölkələri, o cümlədən Azərbaycan aprel ayında hasilatın məhdudlaşdırılması öhdəliklərindən azad olub.

“OPEC plus” ölkələri nazirlərinin 2020-ci ilin 9 aprel və 12 aprel tarixlərində keçirilən görüşlərinin nəticəsi olaraq qəbul edilmiş və gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barrel, iyul-dekabrda 7,7 mln. barrel, 2021-ci ilin yanvar-2022-ci ilin aprelində isə 5,8 mln. barrel azaldılmasını nəzərdə tutan “Əməkdaşlıq Bəyannaməsi”nə Azərbaycan da qoşulub.

2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan yeni razılaşma çərçivəsində hasilatı may-iyun aylarında həmin səviyyədən 164 min barrel azaltmalıdır. Bu müddət ərzində Azərbaycan gündəlik xam neft hasilatını 554 min barrel həcmində saxlamalıdır.

Azərbaycanın öhdəlikləri iyul - dekabr aylarında 131 min barrel, 2021-ci il və 2022-ci ilin aprel ayı ərzində isə 98 min barrel müəyyənləşib. Kvotalara müvafiq olaraq ölkəmizdə gündəlik xam neft hasilatının həcmi iyulun 1-dən ilin sonunadək 587 min barreli, 2021-ci ilin yanvar-2022-ci ilin aprelində isə 620 min barreli keçməməlidir.
Mayın 1-dən etibarən “Azəri-Çıraq-Dərinsulu Günəşli” yataqlarında, “Azneft” İB, Birgə Müəssisələr və Əməliyyat Şirkətləri üzrə gündəlik hasilatın azaldılması prosesi həyata keçirilir.


Etiketlər:  Azərbaycan apreldə gündəlik 7714 barrel neft hasil edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ