Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 May 2020 12:09
Bakı. İlhamə İsabalayeva – Trend:
Mövcud karantin rejimi ilə əlaqədar rus bölməsi üzrə birinci sinfə qəbul olmaq istəyən uşaqlar üçün müsahibələrin keçirilməsi ilə bağlı qaydalar hazırlanır.
Trend-in məlumatına görə, bunu Təhsil nazirliyinin məsləhətçisi Elçin Kərimov deyib.
Bu qaydaların ictimaiyyətə açıqlanacağını deyən E.Kərimov əlavə edib ki, indiyədək ölkə üzrə təxminən 9 600 uşaq (məktəbəhazırlıq qruplarından başqa) rus bölməsi üzrə birinci sinfə qəbul üçün müsahibəyə yazılıb.
E.Kərimov qeyd edib ki, müsahibələr respublikadakı bütün rayon və şəhər təhsil şöbələrində yaradılan müsahibə komissiyaları tərəfindən keçiriləcək. Müsahibədən uğurla keçən namizədlər növbəti mərhələdə məktəb seçimini edə biləcəklər.
Qeyd edək ki, rus bölməsi üzrə təhsil almaq istəyən uşaqlar üçün müsahibələrin, həmçinin lisey və gimnaziyalara qəbulun iyunda keçirilməsi planlaşdırılır. Müsahibələr elektron sistemdə valideynin seçimi əsasında onlayn və ya canlı müsahibəyə yazılmaqla keçiriləcək. Canlı müsahibələr təşkil edilərkən sanitar-epidemioloji qaydaların tələbləri gözləniləcək.