Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2020 17:16
Bakı. Samir Əli - Trend:
Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxt binalarına quraşdırılan liftlərin mərkəzləşdirilmiş vahid dispetçer sistemi vasitəsilə monitorinqinə başlayıb.
Bu barədə Trend-ə BŞİH-dən məlumat verilib. Məlumatda bildirilir ki, binalarda quraşdırılan liftlərdə hər hansısa bir nasazlıq yaranarsa, bu barədə həmin sistemə məlumat daxil olur: "Vahid dispetçer sistemi liftin hansı mərtəbədə xarab olmasını da müəyyən edir. Bu sistem vasitəsilə, həmçinin liftlərin vəziyyəti də nəzarətdə saxlanılır. Sistem liftlərin gündəlik fəaliyyətinə nəzarət edir və onların hər gün texniki sazlığının səviyyəsini öyrənməyə imkan yaradır".
Qeyd edilib ki, ötən il Bakıda yaşayış binalarında 581 yeni və müasir lift quraşdırılıb: "Bu il isə 600-dən artıq yeni liftin alınaraq binalara quraşdırılması planlaşdırılır. Yeni liftlər yaşayış binalarında istismar müddətini başa vuran liftlərlə əvəzlənəcək. Bu liftlər də vahid dispetçer sisteminə qoşulacaq".
Məlumatda vurğulanır ki, bəzi sakinlər binalara quraşdırılan yeni liftlərlə ehtiyatlı davranmır: "Təəssüflə bildiririk ki, bəzi sakinlər yeni quraşdırılan liftlərlə pis rəftar edirlər. İnsanlar liftləri zibilləyir, kabinələrə xəsarətlər yetirirlər. Onlar liftlərdən normal istifadə etsələr, liftlər daha uzunömürlü olar və tez sıradan çıxmaz".