Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avtomobil yollarında piyada zolaqları necə təşkil olunmalıdır? - Ekspert rəyi

Avtomobil yollarında piyada zolaqları necə təşkil olunmalıdır? - Ekspert rəyi

Tarix: 20 May 2020 09:51

Bakı. Samir Əli - Trend:

Ölkənin bəzi ərazilərində piyadaların avtomobil yolunu keçməsi üçün nəzərdə tutulan piyada zolaqları silinib. Bu cür hallar sürücülərin məsuliyyəti və ya piyadaların vurulması ilə nəticələnir. Xüsusən günün axşam saatlarında sürücülər həmin silinmiş və ya silinmək üzrə olan piyada zolaqlarını görmür. Əslində avtomobil yollarında çəkilən piyada zolaqları necə olmalıdır?

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov Trend-ə açıqlamasında bildirib ki, piyada zolaqları olan ərazidə piyadaların keçidini bildirən yol nişanı olmalıdır:

"Əks halda həmin piyada zolaqları funksiyasını itirmiş hesab olunur. Piyada zolaqları 2 növ olur. Birincisi, işıqforun yanında çəkilmiş zolaqlardır ki, onlar tənzimlənən piyada zolaqları adlanır. Burada hərəkət həmin işıqforun tələbi ilə nizamlanır. Yəni işıqforun qırmızı işığı yanarkən avtomobillər dayanır və piyadalar üçün yol açılır. Belə olan halda həmin ərazidə piyada və sürücülər arasında anlaşmazlıq yaranmır.

İkinci zolaq isə nizamlanmayan keçiddir. Yəni, bu ərazidə piyadaların keçməsi hər hansı bir texniki vasitə ilə nizamlanmır. Əgər həmin ərazidə piyada zolağı varsa, orada mütləq 5.16.1 və 5.16.2 yol nişanları quraşdırılmalıdır. Əks halda həmin yol nişanı quraşdırılmayan zolaq piyada zolağı funksiyasını itirir. Ümumiyyətlə, işıqforlarda olan piyada keçidlərində də qeyd edilən yol nişanı quraşdırılır. Əslində işıqfor olan ərazidəki piyada keçidində yol nişanı olmaya da bilər, çünki həmin ərazidə işıqfor keçidi nizamlayır. Amma işıqfor olmayan yerdə çəkilən zolaqda bu yol nişanı mütləq olmalıdır. Amma bütün hallarda piyada zolağı çəkilirsə, işıqforun olub-olmamasından asılı olmayaraq yol nişanı olmalıdır".

Ekspert bildirib ki, piyada zolaqlarının silinməsi bilərəkdən də ola bilər: "Yəni, ola bilsin ki, hansısa ərazidə piyada zolağı çəkilib, müəyyən müddətdən sonra həmin ərazidə piyadaların keçməsinə ehtiyac olmayıb və zolaq silinib. Belə ərazilərdə piyadalara yol verməyən sürücü məsuliyyət daşımır. Amma zolağın baxımsızlıqdan silinməsi və köhnəlməsi varsa, həmin zolaq dərhal bərpa olunmalıdır. Piyada keçidi yol nişanının qoyulması, həmçinin ona görə vacibdir ki, həmin silinən zolağı sürücü görməzsə, yol nişanını görməli və ona uyğun hərəkət etməlidir. Əgər piyada zolağı görünməzdirsə və orada yol nişanı yoxdursa, belə halda sürücü məsuliyyətdən azaddır".

Ə. Hüseynov qeyd edib ki, bu prosesdə önəmli məsələ kiminsə cərimə olunması deyil: "Yəni, sürücü piyada zolağını görmür, piyadaya yol vermir və nəticədə ərazidə quraşdırılmış kameralar yaxud da yolda dayanan yol polisi əməkdaşı tərəfindən cərimənir. Bu prosesdə əsas məsələ cərimələnmə deyil, təhlükəsizlik tələblərinin pozulmasıdır. Həmin şəraitdə piyadaya yol verməyən və ya müəyyən səbəblərdən yol verə bilməyən sürücü həmin piyadanı vura bilər. Ona görə də piyada zolaqları görünən xüsusi boya ilə çəkilməli və zolağın yanına piyada keçidini bildirən yol nişanı qoyulmalıdır. Həmin yol nişanı elə yerdə quraşdırılmalıdır ki, sürücü həmin işarəni 100 metrlik məsafədən görsün".

Nəqliyyat eksperti bildirir ki, əvvəllər piyada keçidlərinin təşkili ilə bağlı qərara yol hərəkətinin təhlükəsizliyi komissiyaları nəzarət edib:

"İndi həmin komissiyalar ləğv edilib. Hazırda bu məsələyə paytaxtda Bakı Nəqliyyat Agentliyi Baş Dövlət Yol Polisi İdarəsi ilə birgə qərar qəbul edir, piyada keçid və zolaqlarının yerini müəyyən edir və orada sifarişçi həmin zolağın çəkilməsini icra edir. Rayonlarda isə bu işə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) və Baş Dövlət Yol Polisi İdarəsinin Siqnal İdarəsi nəzarət edir. Həmin piyada zolaqları çəkiləndən sonra isə adıçəkilən qurumlar səlahiyyətləri çərçivəsində bu zolaqlara nəzarət etməlidirlər. Həmin qurumlar vaxtaşırı əraziyə baxış keçirməli, mövcud nöqsanları aradan qaldırmalıdır".


Etiketlər:  Avtomobil yollarında piyada zolaqları necə təşkil olunmalıdır Ekspert rəyi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ