Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2020 15:42
İndi Bakıda hər tin başı əlində jezl və ya ona bənzər bir əşya ilə parkinqə nəzarət edən insanlara rast gəlmək mümkündür. Maşınların girişinə-çıxışına köməklik edirmiş kimi, sürücünün həndvərində fırlanan bu şəxslər, gördükləri "iş" qarşılığında pul tələb edirlər.
Sonxeber.net bildirir ki, mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında süjet yayımlanıb.
Sürücü: "Hər dəfə pul vermirəm, olanda verirəm. Amma bilirəm ki, onlara pul verilməməlidir".
Sürücü: "Çox vaxt verirəm. Verməyəndə eləsi olur ki, deyir maşınını cızacam".
Məsələdən Bakı Nəqliyyat Agentliyi xəbərdardır. Qurum sürücülərə xəbərdarlıq edir ki, o şəxslərin fəaliyyəti qanunsuzdur.
Mais Ağayev - BNA mətbuat xidmətinin rəhbəri: "Şəhərimizdə küçə parklanmasına görə tariflər hələ ki, Nazirlər Kabineti tərəfindən təsdiqlənməyib. Ona görə də, küçə parkinqi ilə bağlı bütün dayanacaqlar pulsuzdur. Və şəhərin bir çox yerinə bununla bağlı məlumatlar yerləşdirilib".
Qurum rəsmisi deyir ki, agentlikdə küçə parklanması ilə bağlı mexnizm hazırlanıb və hökümətə təqdim edilib. Qalır Nazirlər Kabinetinin qərarını gözləmək.
Mais Ağayev - BNA mətbuat xidmətinin rəhbəri: "Nazirlər Kabinetinə təhvil verilən mexanizmdə ərazilərin müəyyənləşdirilməsi, tariflər, tariflərin zonalara görə, vaxta görə müəyyənləşdirilməsi və s. məsələlər daxildir. Yəni küçə parklanması ilə bağlı nə nəzərdə tutulubsa, təhlil olunub, dünya təcrübəsi öyrənilib".
İndiki vəziyyətdə isə həmin şəxslərə pul ödənməsi yenə də qalır sürücülərin öhdəsində.