Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 May 2020 17:54
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ödənişsiz həyata keçirilən onlayn sınaq imtahanlarına yazılış sayı 100 mini keçib.
Mərkəzdən Sonxeber.net-a verilən məlumata görə, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alınaraq abituriyent və buraxılış sinfi şagirdlərinə dəstək məqsədilə otk.az portalında 9 və 11-ci sinif şagirdləri üçün yerləşdirilmiş bütün buraxılış və qəbul imtahanlarını (Azərbaycan və rus bölməsi), dövlət qulluğu və rezidenturaya qəbul sınaq imtahanlarını 2020-ci il iyul ayınadək ödənişsiz edib.
Hazırda olan məlumata əsasən, martın 29-dan etibarən portalda aktiv edilmiş 40-dan artıq ödənişsiz imtahan növü üzrə 34 585 istifadəçi tərəfindən 100 708 yazılış qeydə alınıb (bəzi istifadəçilər bir neçə imtahana yazılıb).
Qeyd edək ki, portalda 4-cü sinifdən başlayaraq fənlər və siniflər üzrə məktəb dərsliklərində keçilən mövzuların da mənimsənilmə səviyyəsini yoxlamaq üçün onlayn sınaq imtahanları vermək mümkündür.
Fənlər və siniflər üzrə sınaq imtahanlarına yazılmaqla siz seçdiyiniz sinif və fənnin mündəricatında olan hər bir mövzu üzrə biliklərinizi ayrı-ayrılqda yoxlaya bilərsiniz. Hər mövzu üzrə 10 test tapşırığı təqdim olunur. Bundan əlavə, siz həmin sinif üzrə 5 qiymətləndirmə sınağından da istifadə edə biləcəksiniz. Yazıldığınız imtahan fənni üzrə sınaq testləri kabinetinizin sol küncündə "Yazıldığım xidmətlər" bölməsində 1 il müddətində aktiv olur. Bu vaxt ərzində siz test tapşırıqlarına, öz cavablarınıza və tapşırıqların düzgün cavablarına baxa bilərsiniz.