Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 May 2020 09:34
“Neftçi”nin sabiq-vitse prezidenti Tahir Süleymanov “Bakı”nın bazasının sökülməsi ilə bağlı özünün Feysbuk səhifəsində yazı paylaşıb. Həmin yazını təqdim edirik.
***
Vaxtilə bolşeviklər çarı devirəndən sonra tarixi binaları, məscidləri, kilsələri söküb-dağıdırdılar. Uçurdurdular ki, yeni həyat quracaqlar. İndi Hafiz Məmmədov futbolda yoxdusa, futbol üçün tikib-qurduğunu söküb-dağıtmaq lazımdır?!
"Bakı"nın stadion-bazasına 10 milyon dollarla vəsait xərclənib. Paytaxtın o hissəsində yeganə futbol bazasıdır, 300-500 min əhalini əhatə edir(di). Neçə-neçə təbii, süni ot örtüklü meydançalar, akademiya, istənilən şərait yaradılmışdı...
Fitnes zallarına, tibbi avadanlıqlara külli miqdarda pullar xərclənmişdi. İndi federasiya bölgələrdə 1-2 akademiya inşa etdirir, futbolun inkişafından danışılır. "Bakı" bazasına sərf edilən maliyyə ilə onlarla belə futbol məktəbi ərsəyə gətirmək olar...
Bu gün kiminsə imkanları məhduddursa, o stadion- baza niyə sökülsün ki? Pul yoxdur? Vəsait yoxdursa, çıxış yolları var... UEFA belə məsələlərə hər zaman həssas yanaşır.
Stadion-bazanın aqibəti ilə beynəlxalq qurumlar əsaslı məlumatlandırılsaydı, heç şübhəsiz vəziyyət müsbətə doğru həll edilə bilərdi. UEFA müxtəlif layihələr çərçivəsində ölkələrə milyonlarla avro yardım edir. Elə karantinə görə federasiyalara nə qədər köməklik göstərdi...
Vaxtilə "Şəfa" stadionu da futbol qurumunun köməyi ilə inşa edilmişdi. UEFA "Bakı"nın stadion-bazası üçün 10 milyonlarla uzunmüddətli kredit də ayıra bilərdi. Yetər ki, istək olaydı. Futbol naminə qurğu alınar, xalqa, Azərbaycan futboluna uzun illər xidmət edərdi...
"Bakı" stadion-bazasında ən azı 300-500 insan çalışır, evinə, ailəsinə çörək aparırdı. Bir zavod, fabrik demək idi. Bu, tək futbol yox, həm də iqtisadiyyat, əhalinin məşğulluq məsələsi idi...
Ölkə başçısı hansı stadionların açılışında olub, şəxsən iştirak edib, bu gün böyük futbolsuz qalıb. Lənkəran, Yevlax, İmişli... İndi də "Bakı"nın bazası sökülür. İnqilabçıların dili ilə desək, sabotajdır. Olmur belə, olmamalıdır...
Müasir stadionlar ona görə tikilməyib ki, boş qalsın, 5-10 ildən sonra sökülsün, viranə qoyulsun.Tək futbol adına deyil, ölkə, dövlət, dövlətçilik, millətin sağlam genefondu adına bir cinayətdir.
Stadionlar yüz minlərlə uşağın sabaha ümid çırağıdır. O çırağı söndürmək gələcək nəsillərin ümidlərinin qırılması deməkdir. Damarlarda axan qan yaşıl meydanlarda, döyüş meydanlarında özünü göstərməlidir, tək qanvermə aksiyalarında yox!
Tahir SÜLEYMANOV