Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 May 2020 12:32
COVİD-19 yeni növ koronavirus infeksiyası ilə bağlı ölkədə tətbiq edilmiş karantin rejimi yumşaldıldıqdan sonra paytaxtdakı mənzərə heç də ürəkaçan deyil. Bəzi karantin qaydalarının ləğvi vətəndaşların məsuliyyətsizliyini yenidən üzə çıxarıb. Bu da Operativ Qərargahın yoluxma ilə bağlı açıqladığı statistikada öz əksini açıq şəkildə büruzə verir. Yoluxanların sayının 3 rəqəmli statistikadan aşağı düşməməsini vətəndaşların sosial məsafə saxlamamaq və maskadana istifadə etməməkləri ilə əlaqələndirmək hazırkı duruma görə məntiqlidir.
Hadisələrin belə cərəyan edəcəyi halda karantin qaydaları yenidən sərtləşdirilə bilərmi? Belə olacağı halda vətəndaşları hansı cərimələr gözləyir?
Bununla bağlı Sonxeber.net-a danışan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarını gözlədiklərini bildirib:
"Operativ Qərargah hansı tədbirləri görsə biz onu icra edirik. Karantin rejiminə riayət olunmasına nəzarəti fasiləsiz olaraq bizim polis əməkdaşları, Daxili Qoşunların hərbi qulluqçuları ölkə ərazisində, o cümlədən paytaxtda həyata keçirir. Metrodan istifadə edən sərnişinlərdən mütləq qaydada maskadan istifadə etmək tələb olunur. Polis icraçıdır, biz hansı qərar qəbul olunsa onun icrasına nəzarət edirik".
Nazirlər Kabineti yanında Operativ Qərargahın Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı isə cəzaların sərtləşdiriləcəyini və yeni qaydaların olacağı xəbərini verib:
"Parklarda, bulvarda gəzmək sosial məsafə qaydalarına ciddi riayət etməklə olmalıdır. Tibbi maskanın taxılması qapalı sahələrdə məcburidir. Taxılmayacağı halda ciddi cərimələr tətbiq olunacaq. Açıq havada isə tövsiyə olunur. Vətəndaşlarımız öz sağlamlıqlarına riayət etsinlər. Xüsusilə hündürmərtəbəli yaşayış binalarında, biznes mərkəzlərində liftlərlə enərkən onlar infeksiyanın bu tip sahələrdə qala biləcəyi ehtimalını nəzərə almalıdırlar. Ancaq açıq havada da bankların qarşısında, hansısa bir digər məqsədlərlə növbələr olarsa, burada da məcburi olacaqdır, açıq hava olmasına baxmayaraq. Yəni maska taxılması qapalı sahələrdə və açıq sahələrdəki növbələrdə məcburi olacaqdır".
Qeyd edək ki, mövcud vəziyyətdə xüsusi karantin rejimi mayın 31-nə kimi qüvvədədir. İyunun 1-dən bəzi qadağaların ləğvi gözlənilir.