Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 May 2020 10:50
Azərbaycan Prezidenti İlham Əliyev mayın 21-də Baş prokurorun birinci müavini Rüstəm Usubovu və Baş prokurorun müavini Namiq Əsgərovu tutduqları vəzifədən azad edib.
Dövlət başçısının müvafiq sərəncamları ilə Elçin Məmmədov Baş prokurorun birinci müavini, Elmar Camalov müavini, Nazim Rəcəbov isə Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifələrinə təyin ediliblər.
Yeni müavinlər kimdirlər?
Sonxeber.net modern.az-a istinadən onların qısa dosyesini təqdim edir:
Baş prokurorunun birinci müavini Elçin Məmmədbağır oğlu Məmmədov 1971-ci ildə anadan olub, 1993-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra prokurorluq orqanlarına qulluğa qəbul olunaraq, Azərbaycan nəqliyyat prokurorluğunun Daxili işlər orqanlarında qanunların icrasına nəzarət şöbəsinin prokuroru və həmin prokurorluğunun İstintaq şöbəsinin prokuroru vəzifəsi üzrə stajor işləyib.
1994-cü ildən Azərbaycan nəqliyyat prokurorluğun Daxili işlər orqanlarında qanunların icrasına nəzarət şöbəsinin İstintaq şöbəsinin prokuroru, 1995-ci ildən Azərbaycan nəqliyyat prokurorluğunun böyük müstəntiqi, 2000-ci ildən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin Kriminalistika şöbəsinin prokuror-kriminalisti kimi çalışıb.
2002-ci ildən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi, 2005-ci ildən Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin İstintaq şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqi işləyib.
2012-ci ildən Gəncə şəhər prokurorunun müavini vəzifələrində çalışıb, 3 fevral 2016-cı il tarixdən son təyinatadək Lənkəran prokuroru vəzifəsində işləyib.
Azərbaycan Prezidentinin 21.05.2020-ci il tarixli sərəncamı ilə Baş prokurorun birinci müavini vəzifəsinə təyin edilib. Rus dilini bilir.
Baş prokurorunun müavini Elmar Heybət oğlu Camalov 1969-cu ildə anadan olub, 1992-ci ildə SSRİ Müdafiə Nazirliyinin Hərbi İnstitutunun hüquq fakültəsini bitirdikdən sonra Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluğa qəbul olunaraq Lənkəran qarnizonu hərbi prokurorluğunun müstəntiqi və baş müstəntiqi işləyib. 1993-cü ildən Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsinin böyük müstəntiqi vəzifəsində çalışıb. 2000-2005-ci illərdə Azərbaycan Respublikasının vergi orqanlarında xidmət edib, 2005-ci ildən keçirilmə qaydasında prokurorluq orqanlarında qulluğa qəbul olunaraq Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin İstintaq şöbəsinin mühüm işlər üzrə müstəntiqi, böyük müstəntiqi işləyib.
2010-cu ildən Baş Prokurorluğun Milli Təhlükəsizlik və Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidmətinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini, 2012-ci ildən Baş prokurorun böyük köməkçisi, 2014-cü ildən Şəki rayon prokuroru vəzifələrində çalışıb.
6 noyabr 2019-cu ildən son təyinatadək Mingəçevir şəhər prokuroru vəzifəsində işləyib. Azərbaycan Prezidentinin 21.05.2020-ci il tarixli sərəncamı ilə Baş prokurorun müavini vəzifəsinə təyin edilib. Rus dilində sərbəst bilir.
Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Hafiz oğlu Rəcəbov 1964-cü ildə anadan olub, 1989-cu ildə Karaqanda Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə ilə bitirib. Daha sonra Qazaxıstan Respublikası prokurorluq orqanlarında işə qəbul olunaraq, Karaqanda şəhəri Kirov rayon prokurorluğunun müstəntiqi, Temirtau şəhər prokurorluğunun xüsusilə mühüm işlər üzrə müstəntiqi vəzifələrində işləyib.
1991-ci ildə Azərbaycan Respublikasının prokurorluq orqanlarına keçirilmə qaydasında işə qəbul olunaraq, Nəqliyyat prokurorluğunun prokuror-kriminalisti və baş müstəntiqi vəzifələrində işləyib. 1993-cü ildən Baş Prokurorluğun Hüquqi təminat idarəsinin Qanunvericiliklə iş üzrə şöbəsinin prokuroru, Baş Prokurorluğun Hüquqi təminat idarəsinin prokuroru, böyük prokuror-metodisti vəzifələrini tutub.
1995-ci ildən Baş Prokurorluğun Nəqliyyatda qanunların icrasına nəzarət şöbəsinin prokuroru, Baş Prokurorluğun Kadrlar idarəsinin prokuroru və böyük prokuroru, 2001-ci ildən Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru vəzifələrində çalışıb.
2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinə işə keçirilərək, həmin şöbənin məsləhətçisi və böyük məsləhətçisi vəzifələrində işləyib. 29 yanvar 2015-ci ildə prokurorluq orqanlarına işə keçirilərək, Baş Prokurorluğun Kadrlar idarəsinin rəisi vəzifəsinə təyin edilib, III dərəcəli dövlət ədliyyə müşaviri xüsusi rütbəsindədir.
Azərbaycan Prezidentinin 28 sentyabr 2018-ci il tarixli sərəncamı ilə N.Rəcəbov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, Baş prokurorun 20.12.2019-cu il tarixli əmri ilə isə "Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
N.Rəcəbov Azərbaycan Prezidentinin 21.05.2020-ci il tarixli sərəncamı ilə Baş prokurorun müavini - Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Rus dilində sərbəst danışır.