Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 May 2020 23:15
Sonxeber.net saglamolun.az-a istinadən neyrocərrah Bəhruz Eyvazovun yazısını təqdim edir.
Hydrosephalus "hydro" - su və "sephalus" - baş sözlərinin birləşməsindən yaranır. Ümumiyyətlə beyində həddindən artıq mayenin yığılması kimi tanınır.
Burada qeyd olunan maye baş-onurğa beyin mayesi - "serebrospinal maye"dir. Bu mayenin həcminin beyin mədəciklərində artması kəllədaxili təzyiqin yüksəlməsi və beyini sıxaraq beyinə zərər verməsinə səbəb olur.
Serebrospinal maye normada gün ərzində davamlı olaraq yaranır və geri sorulur. Bu maye beyin və onurğa beynini əhatə edir və davamlı dövriyəyə malikdir.
Serebrospinal mayenin üç əsas vəzifəsi vardır:
- beyin və onurğa beyinə gələn zərbələrin zərərli təsirindən onları qorumaq,
- beynin qidalanması və artıq maddələrinin atılmasına yardım etmək,
- beyin və onurğa beyini arasında hərəkət etməklə beyində təzyiq dəyişikliklərini tənzimləmək.
Hidrosefaliya hər yaşda görülə bilər, lakin tez-tez uşaqlar və yaşlılarda (60 yaşdan çox) baş verir. Təxminən 500 uşaqdan birində hidrosefaliya olur. Bu xəstələrin əksəriyyətində diaqnoz doğuş zamanı, doğumdan əvvəl və ya erkən körpəlikdə qoyulur. Nadir hallarda genetik xəstəliklər və ya sonradan yaranan ola bilər.
Ümumi səbəblər:
- intrakranial qanaxmalar,
- baş travması,
- beyin şişləri,
- erkən doğuma bağlı hemorragiya
- infeksiya (meningoensefalit).
Əlamətlər
Hidrosefaliya əlamətləri insandan insana dəyişir. Yaş qruplarına görə ümumi nəticələr aşağıdakılardır:
Yenidoğulmuşlarda (0-2 ay): başın anormal böyüməsi, baş dərisinin nazikləşməsi, baş damarlarının nəzərəçarpan olması, qusma, narahatlıq, gözlərin aşağı baxması, tutmalar və ya ünsiyyət qabiliyyətinin pozulması.
Uşaqlarda (2 ay və yuxarı): başın anormal böyüməsi, baş ağrısı, ürəkbulanma, qusma, qızdırma, ikili görmə, narahatlıq, danışmada və yerimədə geridə qalma, ünsiyyət pozğunluğu, sensor-motor funksiyalarının itirilməsi, epileptik tutmalar.
Orta yaşlı yetkinlərdə: baş ağrısı, oyaq qalmada və ya oyanmada çətinliklər, balans pozğunluğu, sidik qaçırma, şəxsiyyət pozğunluğu, demensiya, görmə pozğunluğu.
Yaşlılarda: Ünsiyyət qurmada pozğunluqlar, gedişdə müvazinətin pozulması, xatırlama çətinlikləri, baş ağrısı, denemsiya, sidik qaçırma.
Hidrosefaliyası olan xəstələrdə həkim əvvəl ümumi baxış keçirir, müayinə və bəzi testlər (Kompyuter tomoqrafiya KT, Maqnit Rezonans Tomoqrafiya MRT, Beyin Ultrasonografiyası-neyrosonografiya) təyin edir. Hidrosefaliyanın diaqnozu və müalicə metodu bu testlərdən sonra qoyulur. Təkcə uşaqlarda başın böyük olması hidrosefaliya olduğunu göstərməz! Ancaq beyin görüntüləmə üsulları istifadə edilərək diaqnoz təsdiqlənir.
Hidrosefaliyanın müalicəsi
Hidrosefaliya xəstəliyinin dərmanlarla müalicəsi mümkün deyil. Hidrosefaliya yalnız beyin və sinir cərrahiyyəsi mütəxəssisləri-neyrocərrahlar tərəfindən cərrahi müdaxilələrlə düzəldilə bilər. Seçiləcək cərrahiyyə müdaxiləsinin növləri hidrosefaliyanın əsas səbəbinə görə dəyişir.
Serebrospinal mayenin dövranında bir maneə (tıxanma) varsa, tıxanıqlıq (şiş, kist və s.) cərrahi əməliyyatla aradan qaldırılır.
Beyində baş onurğa beyin mayesinin dövranında yollarda darlıq varsa, belə xəstələrə endoskopik cərrahi əməliyyat mümkündür.
Açıq hidrosefaliyada (yəni beyin mayesinin dövranında heç bir maneə yoxdur, problem beyin mayesinin daha çox əmələ gəlməsindədir) ancaq ventrikuloperitoneal şuntlama cərrahi əməliyyatı icra olunur.