Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2020 23:34
Çox təəssüflər olsun ki, koronavirus pandemiyası Azərbaycanda artıq genişlənməyə başlayıb. Son 10 gündə dinamik olaraq yoluxanların sayı sağalanların sayını üstələyir, ölənlərin və ağır xəstələrin də sayı artır.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, bu şəkildə davam edərsə bir müddətdən sonra çox çətin tibbi və səhiyyə problemləri ilə üzləşə bilərik: "Belə ki, klinikalarda yerlər çatmaya bilər, reanimasiya vasitələri, xüsusən süni tənəffüs aparatları çatmaya bilər və ola bilsin ki, bəzi xəstələrin müalicəsi xəstəxanada deyil, evdə aparılsın və tibb personaların çox ağır yük altında işləməsi müəyyən dövrdən sonra onların da həm sağlamlığına mənfi təsir göstərə bilər, həm də əmək qabiliyyətini aşağı sala bilər.
Digər tərəfdən biz koronavirusla mübarizəni ciddiləşdirməsək, yoluxanların da sayı çox olacaq və nəzərə almalıyıq ki, bunların da içərisində xroniki və yanaşı xəstəliyi olanlar da var, eyni zamanda yay dövründə isti havalarla bağlı xəstələrin ümumi vəziyyəti, tənəffüsü çətinləşir, qan təzyiqi artır və ürək fəaliyyəti də çətinləşir.
Ona görə də bunların hamısını nəzərə alaraq karantin rejiminin gücləndirilməsi doğru addımdır. Karantin rejiminin həftə sonu ciddiləşməsi bununla əlaqədardır ki, həftə sonu insanlar sərbəstdilər, daha çox lazım olmayan hallarda müəyyən alış-veriş mərkəzlərində, mağazalarda, restoran və kafelərdə toplaşırlar ki, bu da koronavirusun yayılması üçün çox geniş baza yaratmış olur.
Dünyanın bir çox ölkələri artıq bir ay öncədən bu təcrübəyə keçiblər. İndiyə qədər Azərbaycanda bu təcrübənin tətbiq edilməsinə zərurət yox idi, amma görünür, indiki vəziyyət həftə sonu ciddi karatin rejiminin tətbiq edilməsini zəruri edir və gələcəkdə lazım olarsa tam karantin rejiminin də tətbiq edilməsi istisna edilmir.
Mən bir daha fürsətdən istifadə edib vətəndaşlarımızı birgə məsuliyyətə çağırıram, yəni vətəndaşların məsuliyyət hissi olmasa, dövlət tətəfindən görülən işlərin də lazımi nəticəsi olmayacaq".