Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyun 2020 15:56
Bakı. Elçin Mehdiyev - Trend:
Bəşər övladının bir neçə min illik tarixi onu göstərir ki, hər hansı formada maraqların toqquşması və konfliktlər mahiyyətindən asılı olmayaraq ölkələrin və millətlərin potensialını daha qabarıq şəkildə uzə çıxmasına şərait yaradır.
Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün növbədənkənar plenar iclasında parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.
S.Qurbanov bildirib ki, heç şübhəsiz ki, COVİD-19 virusunun yaranması, dünyanın siyası, iqtisadi, eləcə də sosial münasibətlərinə edəcəyi təsir irimiqyaslı qlobal müharibənin nəticəsi kimi dərin iz buraxaraq, uzun müddət ərzində yeni münasibətlər yaradacaq, yeni imkanlar formalaşdıracaq:
“Sözsüz ki, bu imkanlardan faydalanmaq da zamanında çevik qərarların verilməsindən asılıdır. Pandemiyanın nəticələrindən biri də o olacaq ki, dünyanın ikinci iqtisadiyyatı olan Çinin builki göstəriciləri kəskin sürətdə aşağı enəcəkdir. Düşünürəm ki, bu enişi müşayiət edən proseslərin arasında isə Azərbaycanın da faydalana biləcəyi amillər vardır.
Belə ki, ABŞ-ın, Almaniyanın, Yaponiyanın nüfuzlu araşdırma institutlarının gəldiyi nəticə, habelə biznes sahiblərinin baxışları onu deməyə əsas verir ki, miqyaslı şirkətlərin Çini tərk etmələri ehtimalı yüksəkdir.
Çində istehsalatları olan Almaniya şirkətləri “China+1” strategiyasını reallaşdırmağa çalışacaqlar. Bu strategiya Çindən asılılığı azaldaraq təchizat zəncirinin yalnız Çində deyil, “+1” - yəni digər ölkələrdə də yerləşdirilməsini nəzərdə tutur”.
Komitə sədrinin sözlərinə görə, 20 il bundan öncə Çindəki fəhlə qüvvəsi minimal həyatı təlabatlarının ödənilməsi hesabına işləməyə razılaşırdısa, bu gün kvalifikasiyası olmayan ən ucuz fəhlə qüvvəsinin minimal əməkhaqqı 180 ABŞ dollarıdır. Bu parametrlərinə görə də qonşu ölkələr Çinə artıq rəqabət yaradırlar.
Yaponiya höküməti isə Çindən miqrasiya edib, istehsalatlarını Yaponiya ərazisində yenidən quracaq şirkətlərinə 240 milyard dollar məbləğində vəsait ayırmışdır. Bu məbləğin 200 milyardı birbaşa Yaponiyaya miqrasiya edəcək şirkətlərə, 40 milyard dolları isə Çini tərk edəcək yapon şirkətlərinə veriləcək.
Qonşu Hindistanın şimal ştatlarında korporativ verginin 23.5%-dan 17.5%-dək endirmək qərarı qəbul olunmuşdur ki, Çindəki xarici şirkətlərinin Hindistana yerləşmələri təşviq edilsin.
Orta Asiya ölkələri (Qazaxıstan və Özbəkistan da) bu rallidə iştirak etməyi planlaşdırırlar. Qonşularımız istehsalat və təchizat zəncirinin bəzi komponentlərinin öz ərazilərində yerləşdirilməsi haqqında fikirlər səsləndirirlər.
Təklif edirəm ki, hökumətimiz də mövcud vəziyyətdən yararlansın.
Bunun uçün Azərbaycanda bütün potensial var. Belə ki,
1) Ölkəmiz unikal coğrafi yerləşməsi ilə seçilir,
2) Ərazisindən 4 saatlıq uçuş məsafəsində dünya istehlakçılarını və ölklərini 50% ehtiva edir,
3) Ələt Azad İqtisadi zonası, dəmir yolları ilə Orta Asiyadan Avropaya qədər daşıma və digər loqistika potensialı var,
4) Xəzər akvatoriyasına sahib olan, kvalifikasiyalı işçi qüvvəsi var,
5) Biznes mühitinə görə, biznesin təsis edilməsi üzrə qabaqcıl ölkələr qədər sürətli icazələr, qeydiyyatlar, online xdmətlər göstərmək imkanları var
6) Ən əsası isə xalqını sevən, düşünən, onun yaxşı yaşamasına çalışan İlham Əliyev kimi prezidentimiz var.
Düşünürəm ki, bu üstünlüklərdən istifadə edərək, movcud qlobal biznes miqrasiyası prosesindən, onun yaratdığı imkanlardan, birbaşa xarici investisiyaların yatırılması perspektivindən, regional qovşağa çevrilməsi imkanından maksimum faydalanmağa çalışmalıyıq.
Ən əsas məqam da ondan ibarətdir ki, qərarlar acil, operativ və cəsarətli atılmalıdır, çünki biznes - sürət tələb edir!”.