Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyun 2020 13:42
Qərəzli qərarlar istehsal etməsi, hadisələrə və proseslərə situasiyaya uyğun subyektiv prizmadan verdiyi qiymətləndirmələr və həqiqətdən uzaq bəyanatlar Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) siyasi reputasiyasına ciddi təsir göstərə bilər.
Sonxeber.net xəöbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
S.Mikayılova bildirib ki, bərabərhüquqlu əməkdaşlıq, demokratiya, mədəniyyətlərarası dialoq, sülh və təhlükəsizlik kimi dəyərlərin artıq AŞ PA daxilində zəifləməsi müşahidə olunur:
"AŞPA hazırda müxtəlif dairələr tərəfindən idarə olunan, fərdlərin siyasi manipulyasiyası üçün əlverilşi platforma təəssüratı yaradır.
Xüsusilə, Azərbaycana qarşı fobiya meyillərinin də durmadan artdığının şahidiyik. Sirr deyil ki, AŞ PA ikili standartların ən geniş vüsət aldığı regional təşkilata çevrilməkdədir və təəssüf ki, 20 ildən artıqdır ki, Azərbaycana qarşı iş aparan müəyyən qüvvələrin siyasi həmfikri kimi çıxış edir.
Təşkilatın Azərbaycana qarşı antipatiyası açıq-aydın şəkildə müşahidə olunur və bu, artıq kampaniya formasını alıb. Azərbaycanın beynəlxalq səviyyədə qazandığı uğurlar və nüfuzlu təşkilatlar tərəfindən etibarlı tərəfdaş kimi tanınması və qəbul olunması görünür ki, AŞ PA-da kəskin qıcıq və etiraz yaradır. Vaxtaşırı qəbul olunan əsassız bəyanatların da mahiyyətində məhz bu amil dayanır.
Məsələn, AŞ PA-nın Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı nümayiş etdirdiyi qərəzli mövqe bir daha təşkilatın ölkəmizə qarşı idbar məqsədini nümayiş etdirib".
Deputat vurğulayıb ki, 2020-ci il fevralın 9-da baş tutmuş seçkilərlə bağlı yanvarın 30-da, vaxtından əvvəl, tələm-tələsik, qərəz və kin dolu qiymət verilməsi AŞ PA-nın Azərbaycana qarşı məramını açıq şəkildə göstərir:
"Azərbaycanda baş verən proseslərə bu qədər "canıyananlıq" edən təşkilat nədənsə Ermənistanın Azərbaycan ərazilərinə təcavüzü nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünlərin taleyinə, onların elementar insan hüquqlarının pozulmasına, beynəlxalq hüququn ayaqlar altına atılmasına biganədir.
Eyni zamanda, Ermənistan tərəfindən girovluqda saxlanılan və işgəncələrə məruz qalan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin də taleyi nə üçünsə Azərbaycanı "diqqətdə saxlayan" AŞ PA-nı narahat etmir. Belə olan halda AŞ PA-nın qərəzsiz olduğunu qəbul etmək olarmı? Əlbəttə yox. Buna görə də AŞ PA-da müşahidə olunan anti-Azərbaycan meyillər, qərəz və kin dolu bəyanatlar Azərbaycan ictimaiyyətində haqlı narazılıqlar yaradır və təşkilat artıq ölkəmizdə də nüfuzunu itirməkdədir".