Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2020 12:02
Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda icbari tibbi sığortanın tətbiq edildiyi rayonlarda müraciətlərin ən çox hansı xəstəliklər üzrə edildiyi açıqlanıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, icbari tibbi sığortanın tətbiq edildiyi 23 inzibati ərazidə 4 585 307 tibbi xidmət göstərilib.
Agentlik tərəfindən icbari tibbi sığorta 2020-ci 1 yanvar tarixindən 23 inzibati ərazidə - Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaşda tətbiq edilir.
Cari ilin ilk 5 ayı ərzində sözügedən ərazilərdə tibb müəssisələrinə 906 131 nəfər, 1 636 166 müraciət etmişdir. Bu müraciətlər üzrə 4 585 307 tibbi xidmət göstərilmişdir.
Vətəndaşların ən çox müraciət etdikləri regionlar Mingəçevir (240 093), Yevlax (135 380), Xaçmaz (114 385), Zaqatala (111 711) və Şəkidir (104 544). Ən çox tibbi xidmət göstərən tibb müəssisələri Mingəçevir şəhər Mərkəzi Xəstəxanası (1 085 076), Yevlax (338 175), Ağdaş (337 022), Qusar (258 071) və Quba rayon Mərkəzi Xəstəxanalarıdır (254 415).
Qeyd edək ki, Agentlik tərəfindən tibb müəssisələrinin resurslarından və kadr potensialından səmərəli istifadəni təmin etmək, fəaliyyətlərini optimallaşdırmaq və əhalinin müxtəlif növ tibbi yardıma əlçatanlığını təmin etmək məqsədilə respublikanın inzibati ərazi vahidləri üzrə tibbi ərazi bölmələri (TƏB) yaradılmışdır. Hazırda icbari tibbi sığortanın tətbiqi 5 TƏB-i əhatə edir. TƏB üzrə müraciət sayına gəldikdə, ən çox Bərdə-Yevlax TƏB-ə müraciət edilib. Bərdə-Yevlax TƏB üzrə 449 037, Şəki-Zaqatala TƏB üzrə 428 025, Quba-Xaçmaz TƏB üzrə 321 767, Göyçay-Kürdəmir TƏB üzrə 228 746 və Dağlıq Şirvan TƏB üzrə 205 232 müraciət qeydə alınıb.
Müraciətlərin çoxu ümumi tibbi baxışla (42 070) bağlı olub. Ən çox müraciət edilən xəstəliklər sırasında yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası (36 951), essensial (birincili) hipertenziya (30 628), insulindən asılı olmayan şəkərli diabet (22 947), normal hamiləliyin gedişi üzərində müşahidə (18 212), diaqnozu müəyyən edilmiş, şikayəti olmayan şəxslərin ümumi tibbi baxışı və müayinəsi (17 169) və s. xəstəliklər yer alır.
Ümumilikdə 1021 həyati vacib-dəyəri yüksək olan əməliyyat həyata keçirilib. Bahalı əməliyyatlar arasında kardiologiya/ürək-damar cərrahiyyəsi (554), oftalmologiya (267), nevrologiya/neyrocərrahiyyə (76), urologiya (66) və travmatologiya (35) üzrə əməliyyatlar çoxluq təşkil edir.