Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Samsung” və “LG” arasında “QLED” və “OLED” televizorların reklamı ilə bağlı mübahisə həll olunub

“Samsung” və “LG” arasında “QLED” və “OLED” televizorların reklamı ilə bağlı mübahisə həll olunub

Tarix: 9 Iyun 2020 11:09

“Samsung Electronics” və “LG Electronics” şirkətləri yüksək sinfə aid televizorlar ilə bağlı fikir ayrılığını yoluna qoyublar.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, iyunun 5-də Cənubi Koreyanın Ədalətli Ticarət Komissiyası (Korea Fair Trade Commission, FTC) şirkətlərin bir-birinə qarşı iddialarından sonra başlanan araşdırmanı dayandırıb. Tənzimləyici orqanın məlumatına görə, “Samsung” və “LG” qarşılıqlı iddialardan imtina edərək bundan sonra mənfi marketinq üsullarına əl atmamaq barədə razılığa gəliblər.

 

Komissiyanın mətbuat xidmətinin məlumatında deyilir ki, özü işıq saçan kateqoriyaya həm “Samsung” şirkətinin “QLED” modelləri, həm də “LG” şirkətinin “OLED” televizorları aiddir.

 

Bununla yanaşı, tənzimləyici orqan “Samsung” şirkətinə bütün növ “QLED TV” reklamlarında bu televizorlarda fon işıqlandırmasının nəzərdə tutulmasını dəqiqliklə göstərməyi tövsiyə edib.

 

Cənubi Koreya istehsalçıları arasında reklam iddiaları ilə əlaqədar mübahisə təxminən bir il əvvəl – 2019-cu ilin sentyabrında Almaniyada “IFA” sərgisində yaranıb. O vaxt “LG” komissiyaya şikayətlə müraciət edərək “Samsung”u ədalətli markalama və reklam haqqında qanunu pozmaqda ittiham edib. “LG” nümayəndələrinin sözlərinə görə, “Samsung” şirkətinin “QLED” televizorlarının reklamı istehlakçılar arasında çaşqınlıq yaradır, çünki işıqlandırmanın mövcudluğuna görə “QLED” modelləri özü işıq saçan sinfə aid ola bilməz.

 

Bir ay sonra “Samsung” Cənubi Koreyanın tənzimləyici orqanına qarşılıqlı iddia ünvanlayıb. Şikayətdə bildirilib ki, “LG” şirkətinin “QLED TV” ilə bağlı iddiaları əsassızdır. Bundan başqa, “Samsung” rəqibin təxribat xarakterli videoçarxından hiddətlənib. “QLED” televizorlarını tənqid edən videoda ingilis dilində qeyri-senzuralı ifadələrə eyham vurulması yer alıb.

 

Şirkətlər Cənubi Koreyada bir-birinin TV texnologiyalarının üstünlüklərini azaltmaq məqsədilə mətbuat konfransları keçiriblər.

 

Lakin iyunda şirkətlər mübahisəni həll etmək qərarına gəliblər. Onlar iddiaları geri götürdükdən sonra “FTC” mübahisəyə son qoyulduğunu bəyan edib.

 

Nizam Nuriyev




Etiketlər:  Samsung arasında QLED OLED televizorların reklamı ilə bağlı mübahisə həll olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ