Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2020 21:54
Sonxeber.net kaspi.az-a istinadən yazını təqdim edir.
Tələbəlik illəri hər kəsin yadına, müxtəlif acılı-şirinli xatirələr düşən dövrlərdəndir. Əslində, xatirələr çox olur, amma onların içərisində elələri olur ki, yaddan heç vaxt çıxmır. Bu dəfə rejissor, aktyor Kamal Yaşar o illərdən xatirəsini bizimlə bölüşdü:
"Tələbəlik xatirələrim ancaq dərs prosesləri ilə bağlıdır. Praktik və zehni məşğələlərdə həmişə müzakirələr genişlənir və maraqlı anlar yaşanırdı. Düzdür, indi xatırlayanda narahat oluram və bunun doğru olmadığını bilirəm, amma müəllimimin belə müzakirələrdə düz üç dəfə dərman qəbul etməsinə səbəb olmuşam, zorla özünə gəlib, sakitləşib. Xüsusilə, aktyor sənəti məşğələlərində praktik işin zehni həll və yozumunu düşünəndə fikirlərim haçalanırdı. Bir dəfə müəllim yeni məşğələ verdi. Döşəməni göstərib dedi ki, bu, sıldırım qayalıq arasındakı uçurumdur və üzərində nazik, 10 santimetr enində taxtadır, burdan o tərəfə keçməlisiniz. Mən də dirəşmişdim ki, mən keçmirəm. Əgər keçib, özümü guya qorxurmuş kimi göstərməliyəmsə, onu edə bilərəm.
Amma mən düşünmürəm ki, bu, uçurumdur və uçurum olsa, mənə güllə atsalar da, burdan o tərəfə keçmərəm. Müəllim isə deyirdi ki, yox, bu, uçurumdur və keç, keçməyi "göstərmə", uçurumdan keç. Hər yadıma düşəndə gülməkdən özümü saxlaya bilmirəm. Aləm bir-birinə qarışmışdı. Bu, həm də həqiqətlə yalanın qəribə sərhədidir. Əslində burda söhbət aktyor sənətindəki "əgər" və "təklif olunan vəziyyət"dən gedirdi. Sadəcə, zehin və bədən belə şeyləri qəfil anlaya, duya və idrak edə bilmir. Bu kimi də bir çox müzakirələrimiz, tapşırıqlarımız, beləcə, "qanlı-qadalı" olurdu və belə xatirələrin sayı çoxdur".