Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2020 22:30
Allergiya orqanizmin hər hansı bir maddəyə qarşı yüksək həssaslıqlı reaksiyasıdır. Adətən, allergiya özünü dəridə müxtəlif ölçüdə və formada səpkilər, qaşınma, immun sistemi tərəfindən zəiflik, selikli qişaların şişkinliyi ilə büruzə verə bilər.
Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin II uşaq xəstəlikləri kafedrasının professoru, əməkdar elm xadimi Amaliya Əyyubova bildirib. O qeyd edib ki, allergik xəstəliklər ilin bütün fəsillərində baş verə bilər. Lakin insan orqanizmindən asılı olaraq bəzi allergiyalar mövsümi xarakter daşıyır, əsasən yaz və payız aylarında qeydə alınır: "Bura pollinoz - bitkilərə qarşı həssaslıq, allergik rinit - məişət tozuna qarşı həssaslıq, bronxial astma, atopik bronxial astma, qida allergiyası və s. aiddir. Mövsümi allergiyalar təbiətdə baş verən dəyişiklərlə əlaqədar yaranır. El arasında "Bahar xəstəliyi" və yaxud "Bahar katarı" adlanan allergiya ağacların çiçək açdığı ərəfədə daha da fəallaşır. Xəstələrdə asqırma daha da güclənir, onların gözlərindən su axır, gözləri qızarır, qaşınır və şişir. Buna havada olan tozcuqlarla bərabər, yanaşı mövsümi qidalar da təsir edir. Nümunə üçün çiyələyi, gilası, əriyi, şaftalını, tutu və s. göstərmək olar. Allergenlər insan orqanizminə dəri, tənəffüs və mədə-bağırsaq traktı vasitəsilə keçir. Xəstəlik özünü dərhal - 20-30 dəqiqə ərzində, yaxud da 24-48 saat sonra büruzə verə bilər".
Professorun sözlərinə görə, allergik xəstəlikləri hazırda bütün dünyada yayılan koronavirus infeksiyasından ayırd etmək vacibdir: "Burada bizə düzgün toplanan anamnez kömək edir. Belə ki, allergik xəstəliklər irsən keçən xəstəliklərə aiddir. Xəstəlik birdən-birə başlayır, hərarət olmur. Çox vaxt xəstə və uşağın valideyni hər il xəstəliyin hansı vaxtda baş verəcəyini bilir. Məsələn, ağacların, çiçəklərin, güllərin çiçəklənmə vaxtı və s. Mövsümdən asılı olmayan ən çox yayılmış allergenlər ev tozudur. Onun əsas tərkibi gözlə görünməyən gənədir. Onları törətdiyi xəstəliklər - bronxial astma, atopik bronxial astma bütün ilboyu qeydə alınır".
Amaliya Əyyubova qeyd edib ki, pandemiya ilə əlaqədar aparılan sosial izolyasiya, karantin rejimi, evdə qalmaq müəyyən dərəcədə mövsümi allergiyadan əziyyət çəkənlərə kömək edir: "Evdə qalmaq xəstəliyin inkişafına və üzə çıxmasına maneə törədir. Bu ərəfədə allerqoloqlara müraciət xeyli azalıb. Əlbəttə, allergik xəstəliyi olan insanlar koronavirus infeksiyasına yoluxarlarsa, xəstəlik daha da ağırlaşar. Bunun nə ilə nəticələnəcəyini əvvəlcədən demək çətindir. Ona görə də məsləhət görürəm ki, allergik xəstəliklər başlayan zaman həkim-allerqoloqa müraciət etməyi unutmayın".
O, mövsümi allergiyadan qorunmaq üçün küləkli havada evdən çıxmamağı, evin, mənzilin pəncərələrinə ağcaqanad toru vurmağı və hər gün 1-2 dəfə onları yaş parça ilə silməyi, evdə tozsoran işlətməməyi, döşəmələri yaş parça ilə təmizləməyi, hansı qidaya qarşı həssaslıq hiss edilərsə, ondan ən azı 6 ay-1 il müddətinə uzaqlaşmağı və həkim-allerqoloqun məsləhətinə riayət etməyi məsləhət görüb.