Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daşıyıcı və logistika şirkətləri daha böyük çeviklik nümayiş etdirməli olacaqlar - RƏY

Daşıyıcı və logistika şirkətləri daha böyük çeviklik nümayiş etdirməli olacaqlar - RƏY

Tarix: 18 Iyun 2020 12:32

Bakı. Trend:

Koronavirus pandemiyası dünya iqtisadiyyatında gedən mənfi prosesləri tezləşdirərək böhranlı durumu əhəmiyyətli dərəcədə dərinləşdirdi. Bir çox ölkələr sərhədlərini bağladı, karantin rejimi çərçivəsində özünütəcrid tədbirlərinə geniş yer verildi. Belə bir şəraitdə beynəlxalq sərnişindaşıma heçə ensə də, yükdaşımalar mövcud şərtlər daxilində fasiləsiz olaraq həyata keçirildi.

Ümumiyyətlə, pandemiyanın beynəlxalq yükdaşımalara təsiri necə oldu? Daşıyıcı və logistika şirkətlərini postpandemiya dövründə nə gözləyir?

“ScanEX Enterprises Limited” şirkətinin direktoru Kənan Sadıqlı bununla bağlı bildirib ki, beynəlxalq yükdaşımalar sferasında fəaliyyət göstərən daşıyıcı və logistika şirkətlərinə təsirlər müxtəlif olub.

Onun sözlərinə görə, COVID-19 infeksiyasının yayılmasına qarşı qlobal miqyasda həyata keçirilən məhdudiyyət tədbirləri beynəlxalq təchizat zəncirinə ciddi korrektələr etdi: “Martın sonlarından sərhədlərin bağlanması, müəssisələrin dayanması, karantin rejimi tətbiqinin fəsadları görünməyə başladı. Bir çox ölkələrin sərhəddə nəzarəti gücləndirməsi nəticəsində yük avtomobillərinin gömrükdən keçmə prosesi əhəmiyyətli dərəcədə çətinləşdi. Qayda və tələblərin sərtləşdirilməsi fonunda baş verən dayanmalar və bunun da nəticə olaraq nəqletmə vaxtının uzanması daşıyıcıların xərclərində əksini tapdı. Belə ki, sərhəddə hər əlavə bir saat qalmaq daşıyıcı üçün nəzərdə tutulmayan xərc deməkdir. Söhbət tez xarab olan mallardan getdikdə bu itkilər daha böyük olur”.

K.Sadıqlı diqqətə çatdırıb ki, iqtisadiyyatın bütün sahələrinin iştirakçıları pandemiyadan sonra təmsil etdikləri sektorların nə dərəcədə fəaliyyət qabiliyyətli olacağına dair proqnozlar verməyə çalışırlar: "Beynəlxalq yükdaşımalar və logistika sferası da bu mənada istisna deyil. Daşıyıcı və logistika şirkətlərinin fəaliyyətinə mənfi təsirlər postpandemiya dövründə də qalacağı gözlənilir. Sadəcə olaraq bu təsirlər seqmentlərdən və şirkətlərin yükdaşıma prosesindəki yerindən asılı olaraq fərqlənəcək. Belə ki, ərzaq və ilkin tələbat malları və əczaçılıq məhsullarının daşınmasını həyata keçirən şirkətlər bunu daha az hiss edəcək. Nəzərə almaq lazımdır ki, yükdaşıma prosesində ayrı-ayrı şirkətlər iştirak edir. Bunların arasında daşımalar üçün nəqliyyat vasitələri təqdim edən şirkətlər var. Bu nəqliyyat vasitələri isə əksər hallarda lizinqlə yüklü olurlar. Bu da əlavə maliyyə yükü deməkdir. Sifarişlərin məhdud olduğu zamanlarda isə bu cür yük altına girənlər daha çətin duruma düşür. Bu mənada borclanma kimi əlavə maliyyə yükü daşımayanlar böhrana daha davamlı olacaq. Belə bir şəraitdə borclanmaya yanaşma da fərqli olacaq. Şirkətlər borclanma risklərini yenidən nəzərdən keçirəcəklər. Bu da müəyyən zaman kəsiyində onların investisiya imkanlarını məhdudlaşdıracaq”.

Ekspert hesab edir ki, dəyişən oyun qaydaları çərçivəsində daşıyıcı və logistika şirkətləri daha böyük çeviklik nümayiş etdirməli, müştərilərin tələblərinə tez bir zamanda uyğunlaşmaq bacarığını formalaşdırmalı olacaqlar: “Yaxın gələcəkdə şirkətlər baş verəcək çətinliklərə dərhal reaksiya verəcək. Onlar biznesin aparılmasının bir neçə ssenarisini işləyib hazırlamalı olacaqlar. Biznes strategiyasının mühüm bəndi antiböhran planının və tədbirlərinin varlığı olacaq”.


Etiketlər:  Daşıyıcı logistika şirkətləri daha böyük çeviklik nümayiş etdirməli olacaqlar RƏY


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ