Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yunanıstan mətbuatı Azərbaycan aktrisasından yazıb

Yunanıstan mətbuatı Azərbaycan aktrisasından yazıb

Tarix: 19 Iyun 2020 07:36

Yunanıstanın aparıcı mətbu orqanları "Ta Nea" və "Ethnos" qəzetlərində Azərbaycan səhnəsinin tanınmış teatr və kino aktrisası pont yunan məşəlli Pamfiliya Tanailidinin həyat və yaradıcılığından bəhs edən məqalə dərc edib.

Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə aktrisanın 1891-ci ildə İrəvan xanlığının Zəngəzur mahalının Başkənd kəndində doğulduğu və bu ərazinin əvvəllər, Azərbaycan xanlıqları - Qarabağ, Naxçıvan və İrəvanın ərazilərini təşkil etdiyi bildirilir. Doğulduğu torpağa sıx tellərlə bağlı olan aktrisa hər fürsətdə istirahət günlərini keçirdiyi Zəngəzur mahallında ilk teatr yaratmaq arzusunda olub. Lakin qeyd olunur ki, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Stalin tərəfindən Zəngəzurun Ermənistana verilməsi nəticəsində Tanailidi bir daha bu mahala qayıtmayıb.

Yazıda göstərilir ki, erkən yaşlarından incəsənətə, xüsusən teatr sənətinə həvəs göstərən aktrisa Tbilisidə Azərbaycan dram truppasının hazırladığı müxtəlif tamaşalarda Sürəyya Zəngəzurlu təxəllüsü ilə çıxışlar edib. 1924-cü ildə Bakı şəhərinə köçdükdən sonra öz yaradıcılığını Azərbaycan Dövlət Dram Teatrında davam etdirən Tanailidi qısa müddət ərzində tamaşaçıların rəğbətini qazana bilib. Eyni zamanda, böyük səhnə ustası olan aktrisa teatr truppasının tərkibində qonşu ölkələrə qastrol səfərlərində ölkəmizin teatr mədəniyyətini yüksək səviyyədə təmsil edib.

1937-ci ildə tüğyan edən repressiyanın qurbanı olan Tanailidi saxta casusluq ittiham ilə həbs edilib. Məhkəmənin hökmü ilə 1938-ci ildə güllələnən aktrisaya yalnız 1957-ci ildə Stalinin ölümündən sonra bəraət verilib.

Məqalədə Azərbaycanda tarixən mövcud olan zəngin multikultural, tolerantlıq və dini dözümlülük mühitində yaşayıb-yaradan aktrisanın xatirəsinin unudulmadığı qeyd olunub.

Qeyd edək ki, zəngin yaradıcılığı dövründə Pamfiliya Tanailidi Kəblə Fatma ("Ölülər"), Emiliya ("Otello"), Şamama cadu ("Pəri cadu"), Tükəz ("Hacı Qara"), Köylü qadın ("Topal Teymur"), Marqo ("Knyaz"), Tamara ("Oqtay Eloğlu"), Böyükxanım ("Aydın") və bir sıra obrazlar yaratmış, iki bədii filmdə ("İsmət" və "Almaz") çəkilib.


Etiketlər:  Yunanıstan mətbuatı Azərbaycan aktrisasından yazıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ