Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2020 13:20
Bakı. Trend:
Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) COVID-19 pandemiyası dövründə əl yükünün daşınması qaydalarında dəyişikliklər edib.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yeni qaydalara əsasən, təyyarə salonuna əl yükünün keçirilməsi qadağandır.
Bu dəyişikliklər həm daxili, həm də beynəlxalq reyslərlə səyahət edən bütün sərnişinlərə şamil edilir.
Bu tədbiri tətbiq etməklə aviaşirkət təyyarə salonunda növbəni minimuma endirməyə və sərnişinlərin təyyarəyə maneəsiz daxil olmasını təmin etməyə çalışır.
AZAL-ın yeni qaydalarına əsasən yalnız qadın çantasının və ya kişi portfelinin, həmçinin uşaqlar üçün zəruri əşyaların əl yükü qismində daşınmasına icazə verilir. Digər baqaj, o cümlədən kağız və polietilen paketlər qeydiyyatdan keçirilərək baqaj bölməsinə təhvil verilməlidir.
Həmçinin "Duty Free" mağazalarından alınan əşyaların təyyarədə əl yükü qismində daşınması qadağandır.