Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Silikon Vadisinin yüksək dəyərə malik texnologiya şirkətində işləyən azərbaycanlı - Uğur hekayəsi - FOTO

Silikon Vadisinin yüksək dəyərə malik texnologiya şirkətində işləyən azərbaycanlı - Uğur hekayəsi - FOTO

Tarix: 19 Iyun 2020 23:12

Ələkbər Əyyubov: İnsan, "birdən səhv edərəm", yaxud "camaat nə deyər" kimi düşüncələri həyatından çıxarsa, o ağırlıqdan xilas olacaq və hava şarı kimi uçacaq"

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Riskləri sevir. Deyir ki, risk etməsən, limitləri bilməzsən. O, həyatı bir kitab kimi qəbul edir. Keçmişdə baş verənlər sənin, artıq oxuduğun səhifələr kimidir. Həmin kitabın yeni səhifələrini oxumaq sənə daha çox şey verəcək, nəinki köhnə səhifəni açıb təzədən oxumaq. Buna görə də həmişə gələcəyə doğru baxır və qorxmadan məqsədlərinin ardınca gedir. Qorxmur. Çünki uğursuzluğun gətirəcəyi biliklər onun üçün çox vacibdir. Deyir ki, insan o zaman püxtələşir.

Müsahibimiz İngiltərədə "Big data analitikası" sahəsində fəaliyyət göstərən, "Forbes" jurnalının məlumatına əsasən, Silikon Vadisinin ən yüksək dəyərə malik texnologiya şirkətlərindən biri olan "Palantir Technologies" Şirkətində data üzrə mütəxəssis və magistral üzrə mühəndis işləyən Ələkbər Əyyubovdur.

Həmsöhbətimiz Şəkidə anadan olub. İbtidai təhsilini Şəkidə orta məktəbdə, 7-ci sinifdən isə humanitar təmayüllü liseydə aldıqdan sonra Azərbaycan Dövlət Neft Akademiyasına daxil olub. Əsas məqsədi informatika sahəsində atasını yolunu davam etdirmək idi. Elə ilk proqram yazmaq təcrübəsini də atasının dərs dediyi məktəbdəki kompüterlərlə öyrənib. 2006-cı ildə Neft Akademiyasında bakalavrı bitirdikdən sonra, magistratura pilləsində təhsilini davam etdirib, xarici şirkətlərdə təcrübə keçib. BP-də data üzrə nəzarətçi, sistem koordinatoru və ofşor data üzrə qrup rəhbəri kimi vəzifələrdə çalışıb. Rəhbər vəzifədə 4 ay işlədikdən sonra dövlət proqramı ilə Londona "Imperial College"-ə proqram təminatı mühəndisliyi ixtisasını oxumaq üçün yollanıb. Təhsil aldığı bütün ixtisasları fərqlənmə ilə bitirib: "Burada təhsil almazdan öncə elə bilirdim ki, ixtisasım üzrə kifayət qədər bilirəm. Təəssüflər olsun ki, bizdə təhsil sistemi fərqli idi. Tədris materiallarının köhnəliyi, onların üzərində işlərin aparılmaması bizi çətinliyə salırdı. Orada məndən yaşca kiçik tələbələr elə universitetlərdə təhsil alıb, şirkətlərdə təcrübə keçmişdilər ki, mən özümü çox geridə hiss edirdim. Bacardığım qədər çalışdım ki, heç olmasa, onların səviyyəsinə müəyyən qədər də olsa, çatım. 2010-cu ildə universiteti fərqlənmə ilə başa vurdum. Diplom işini yazarkən mənə e-mail gəldi ki, "Datum 360" adlı bir şirkət neft-qaz sektorunda olan şirkətlər üçün informasiya emal platforması düzəldir və məni müsahibəyə çağırdılar. Məlum oldu ki, onlar məni data konsaltinq kimi işə götürmək istəyirdilər. Mənim verdiyim məlumat onların fikrini dəyişdi və proqramçı kimi işə başladım. Bununla da, İngiltərədə iş təcrübəm başladı".

- Gənc yaşınızda BP kimi şirkətdə rəhbər vəzifədə işlədiyiniz halda, təhsil üçün İngiltərəyə getməyə necə qərar verdiniz? Özünüz də vurğuladınız ki, çətinliyə düşübşünüz...

- Həmin dövrlərdə BP prestijli şirkət sayılırdı. Düzdür, çox insan orda işə düzəlməyə can atırdı. BP-nin işə qəbul proseduru bir neçə müsahibəni, testləri özündə cəmləşdirirdi. Mənim müsahibə proseslərim uğurla getdi. Orada atmosfer fərqli idi. BP sanki, tam fərqli mühitdə boya-başa çatan insanların külliyyatı idi. Orada ilk başladığım vəzifə də data-analist idi, sonra rəhbər vəzifəyə qədər yüksəldim. Lakin mən özümü proqramlaşdırma sahəsində görür, o sahədə mükəmməl olmaq istəyirdim. Qarşıya məqsəd qoyulubsa, məncə, heç bir səbəb səni öz amalından kənar salmamalıdır. Məni yolumdan saxlayan qüvvə ancaq ailəmin səhhəti ilə bağlı problem olardı. Şükürlər olsun ki, hər şey yaxşı oldu və qarşıma qoyduğum məqsədə çatmaq üçün İngiltərəyə gəldim. Düzdür, rəhbər işləyən şəxs üçün sıfırdan təhsilə başlamaq çətin idi. Amma İngiltərəyə gəlib o təhsil mühitinə düşdükdən sonra anladım ki, bu, tam fərqli səviyyədir. Burada adi tələbə kimi universiteti bitirəndən sonra sıfırdan başlamaq mənə əzab verirdi, amma öz məqsədini bilirsənsə, bu tərəddüdlər çox qısa bir müddət sonra meydandan çıxır. Amalını başa düşərək o istiqamətdə gedəndə, hər şey gözəl olur.  Sadəcə olaraq, məqsəddən kənara çıxmamaq lazımdır. Çünki əlavə faktorlar insanın diqqətini yayındırır.

- Dediniz ki, İT sahəsinə İngiltərədə təhsil tam fərqli idi. Bəs bizdə necə idi və sizcə, İT, kompüter mühəndisliyi, proqramlaşdırma necə tədris edilməlidir?

- Mənim dövrümdə proqramlaşdırma üzrə təhsil almaq məsələsi çox çətin, universiteti yola vermək isə asan idi. Dərsdə sakit olur, qiymətimizi alıb gedirdik, amma təhsil almaq məsələsində axsayırdıq. Mühazirədə müəllim danışır, sən yazırsan. Sual vermək imkanı yoxdur. Seminarlarda elə bu konspektdən sualın olurdusa, onda verə bilirdin. Onda da 90 faiz uşaqlar, içi mən qarışıq vecimizə deyildi. Çünki təhsilə maraq yox idi. Bilirdik ki, az oxumaqla imtahanlardan da keçə biləcəyik. Ürəkdən təhsil almaq hissi yox idi. Bizim fakültədə kompüter otağının qapısı həmişə bağlı idi. Sən proqramlaşdırmanı öyrənmək istəyirsənsə, mütləq təcrübə lazımdır. O vaxt bizim də imkanlarımız yox idi, kompüter alaq. Bu sahədə normal kitablar isə ancaq rus dilində idi. Çox şadam ki, mən məktəbdə rus dilini öyrənmişdim. Yoxsa heç bir məlumatım olmazdı. Başqa problem o idi ki, müəllimlər öz üzərində işləmir, biliklərini yeniləmirdilər. 50-60 il öncə hansı informasiya mövcud idi, onu da keçirdilər. İngiltərədə isə bizə dərs deyən müəllimlər kollecdə hansısa proyektin üzərində işləyən professorlar idi. Onlar öz istəkləri ilə tələbələrə dərs deyirdi. Dərs sistemi elə idi ki, müəllim mövzu ətrafında məsələni izah edir, məsləhətlərini verirdi. Təcrübə çox idi. Nəzəri məlumatları əldə edib əzbərləyə bilərsən, amma təcrübədə istifadə etməsən, yadda saxlamaq mümkün deyil. Mühəndislik sahəsində İmperial ilk beşliyə daxil olan universitetlər siyahısında idi. Çətin də olsa, mən onlarla ayaqlaşa bildim.

- Görünür, siz komfort zonadan rahat çıxa bilirsiniz. Bunu hər insan bacarmır. Bu zonadan çıxa bilmək və risklər sizə nə verir?

- Passiv həyatı sevmirəm. Passiv həyat komfort zonanın yaratdığı vəziyyətdir. Bu zonaya düşdünsə, özünü tapmaq istiqamətində bütün fəaliyyətini dayandırırsan. Risk etməsən,  bilməzsən ki, sənin limitlərin haradadır və bu limitləri necə aradan qaldıra bilərsən. Bu, yalnız karyeraya aid deyil. Həyatın bütün aspektlərini özündə cəmləşdirən ünsürdür. Etmək istədiyinin reallaşması üçün o qorxuları aşmalısan. Sudan qorxan insan heç vaxt hovuza girmir. Amma addımını ataraq digər insanların köməyi ilə bu problemləri aşa, öyrənə, yeniliklər əldə edə bilərsən. Komfort zonadan çıxmağın riskləri var, amma bu risklər sənə kömək edir. Risk özünə olan inamı artırmaq üçün ən gözəl vasitələrdən biridir. İnsan uduzmaqdan qorxmamalıdır. Səhv etməsən, yeniliklər əldə edə bilməyəcəksən. İnsanlar addım atmağa tərəddüd edir. "Düz, ya səhv edərəmmi" deyə çox düşünür. İnsan səhv etməyi bacarmalıdır. 

- "İnsanlar səhv etməlidir" deyirsiniz. Amma səhv edəndə, motivasiya da düşür. Yıxılan, necə ayağa dursun?

- Hər birimiz uşaq olmuşuq. Qaçmağı öyrənəndə, velosiped sürəndə, gəzmək istəyən hər dəfə yıxılıb, yenidən dururduq. Bizdə uşaq istəyi olmalıdır. Uşağın məqsədi var. Ayağı yer tutana qədər fiziki prosesi davam etdirir. Məşq edir, öyrənir və reallaşdırır. Uğursuzluğun pozitiv tərəfi odur ki, sən məsələni həll edəndə, digər baxış açısı ilə edirsən. Onlardan dərs çıxarır, tətbiq edir, yoxlayırsan. 1,3,5...15 fərq etməz. Hər dəfə böyük biliklər əldə edirsən. Ruhdan düşməmək lazımdır. Uğursuzluqdan doğan bilik, səni uğura aparmaq üçün yeni pillədir. İnsanlar bunu qəbul etməlidirlər. Bizim cəmiyyətdə insanlarda qorxu hissi uşaqlıqdan gəlir. Uşaqlıqda da öz fikrimizi ifadə etmək istəyəndə, bizə hər dəfə böyüklər və valideynlər tərəfindən müdaxilə olunub. Bu, qorxunu mücərrəd olaraq içimizdə saxlayır. İnsan, "bunu belə etsəm düz olmaz", yaxud "camaat nə deyər" kimi düşüncələri həyatından çıxarsa, o ağırlıqdan xilas olacaq və hava şarı kimi uçacaq. Qorxmayın. Uğursuzluğun gətirəcəyi hədsiz qiymətsiz biliklər çox vacibdir, insan o zaman püxtələşir.

 - Həyatınızda və karyeranızda dönüş yaradan hansısa məqamı bizimlə bölüşə bilərsinizmi? Yəqin ki, sizi istiqamətləndirən belə hadisələr az olmayıb...

- Bir neçə hadisəni sadalaya bilərəm. İlk belə hadisə Bakıda KBR şirkətində işləyən zaman baş verdi. Belə ki, o vaxt bizimlə Cənubi Koreyadan olan Keysi adlı regional menecer çalışırdı. Yaşlı və çox müdrik, həyat fəlsəfəsinə malik insan idi. Bir dəfə onunla keçmişdən və gələcəkdən ümumi söhbət edən zaman məni şəxsi və peşəkar həyatımda narahat edən bir-iki məqamı bölüşdüm. O, bir misalla problemlərə və məni narahat edən məqamlara baxışımı tam olaraq dəyişdi. Mənə dedi ki, həyatı bir kitab kimi qəbul et və keçmişdə baş verənlər sənin artıq oxuduğun səhifələr kimidir. Həmin kitabın yeni səhifələrini oxumaq sənə daha çox şey verəcək, nəinki köhnə səhifəni açıb təzədən oxumaq. Buna görə də həmişə gələcəyə doğru bax və get. Bu hadisə və bu məsləhət iş və karyera seçimimdə, KBR-dən BP şirkətinə keçməyimdə mənə stimul verib və həyatımı  müsbət dərəcədə dəyişib. Digər belə hadisə İngiltərədə universitetdə oxuduğum vaxtda baş verib. Deməli, oxuduğum "İmperial college" təhsil ocağının yemək və istirahət zonası 2 mərtəbədən ibarətdir. Birinci mərtəbədə bakalavr, ikincidə isə daha yuxarı pillədə oxuyan tələbələr və müəllimlər vaxt keçirirlər. Bir gün yeməyimi götürüb nahar etməyə hazırlaşırdım ki, orta yaşlı bir kişi yaxınlaşıb mənimlə oturmaq üçün icazə aldı, çünki digər masalarda boş yer yox idi. Yemək yeyən vaxt mənim haradan gəldiyimi və nə işlə məşğul olduğumu soruşdu. Danışığından başa düşdüm ki, müəllimlərdən biridir. Bir qədər söhbət etdikdən sonra həmin universitetdə mənim xoşuma gələn və gəlməyən məqamlardan söz açdım. Məsələn, orada dərs seçiminə və qərar verilməsinə çox az vaxt verilirdi. Həmin insan isə bildirdi ki, dediklərimi nəzərə alacaq. Sən demə, o, universitetin rektoru imiş. Belə bir məşhur və nüfuzlu təhsil müəssisənin rektorunun adi tələbələrlə  nahar edib, onlarla söhbət etməsi məni çox təəccübləndirdi. Başa düşdüm ki, insan qazandığı nailiyyət və vəzifəsindən asılı olmayaraq sadə olmalıdır. Bu sadəlik xüsusiyyətinə malik olan insanlar öz məqsədlərinə daha çox çata bilirlər. Bu, mənə digər bir vacib dərs idi. Atalar sözümüz da var ki, bar verən ağac həmişə boynunu aşağı əyər və bu atalar sözünün əsl mənasını həmin anda başa düşdüm. Sadə olmağı öyrənmək, məndə bir az vaxt apardı, çünki bizim cəmiyyətdə statusa malik olmaq məsələsinə bir qədər fərqli baxılır. Lakin bunun öyrənəndən sonra sadə olmaq, karyeramda mənə çox kömək edib. 

- Sizcə, uğurun sirri nədir?

- İnsan istəməlidir. Özünün nə əldə etmək istədiyini müəyyənləşdirməlidir. Ondan sonra bunun üzərində işləməlidir. Uğur heç vaxt təsadüfən olmur və sənin qapını özü döymür. Uğur sənin etdiyin və atacağın addımların zəncirvari reaksiyasıdır. Çalışmaq və qorxmamaq lazımdır. Ən əsası isə baş verən hadisə və problemə  tam fərqli baxmağı bacarmalısan. Əgər çoxluq eyni şey haqqında düşünürsə, bu o deməkdir ki, heç kim düşünmür. Çünki sən standart olanı qəbul edirsən. Əgər sən əzmkarlıq göstərsən, həmin sahədə ağıllana-ağıllana gedirsən və bu proses səni uğura gətirir.

Milli.Az


Etiketlər:  Silikon Vadisinin yüksək dəyərə malik texnologiya şirkətində işləyən azərbaycanlı Uğur hekayəsi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ