Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2020 12:54
"Bu hadisələrin Paşinyanın güc strukturlarının rəhbərlərini dəyişməsindən dərhal sonra baş verməsi təsadüfi deyil. Sarukyan tərəfdarları iddia edirlər ki, onun istintaqa çəkilməsinin səbəbi iyunun əvvəllərində Qaqikin Nikol hökumətini istefaya çağırmasına görə ondan qisas alınmasıdır. Paşinyanın mətbuat xidməti isə əksini iddia edir ki, Sarukyan artıq öz ətrafında həlqənin daralmasını hiss etdiyindən barəsində aparılması gözlənilən istintaq hərəkətlərinə siyasi don geyindirmək üçün əvvəlcədən hay-küy salıb".
Bunu Sonxeber.net-a açıqlamasında politoloq Nəzakət Məmmədova "Çiçəklənən Ermənistan" partiyasının sədri, Ermənistan parlamentindəki "Sarukyan" fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın deputat toxunulmazlığının Paşinyan hakimiyyəti tərəfindən ləğvi prosesini şərh edərkən deyib.
O, keçmişdə - Paşinyan müxalifətçi jurnalist, Sarukyan isə milyoner siyasətçi olan vaxtlardan onların arasında ədavət olduğunu bildirib:
"Paşinyanın yenicə Milli Təhlükəsizlik Xidmətinin rəisi təyin etdiyi 29 yaşlı Kərəmyan Nikolun siyasi rəqiblərinə qarşı amansız savaş elan edib və ilk hədəf "Çiçəklənən Ermənistan"ın sədri olub. Görünür məsələ o qədər təxirəsalınmaz olub ki, hətta iyunun 14-ü bazar günü olmasına baxmayaraq Ermənistan Milli Təhlükəsizlik Xidməti bəyanat verib və bir neçə cinayətin üstünü açdığını qeyd edib. Bunlardan biri 2017-ci ildə seçicilərin səslərinin pulla alınması cinayətidir ki, bunda da məhz "Çiçəklənən Ermənistan" şübhəli bilinir. Hakim fraksiyadan sonra Sarukyanın partiyası Ermənistan parlamentində 26 yerə malik olmaqla ikinci yerdədir. Sarukyana bağlı olan şirkətlər ənənəvi iqtisadi cinayətlərdə ittiham olunur - lisenziyasız fəaliyyət, vergidən yayınma, pay torpaqlarının mənimsənilməsi. Dövlətə 62 milyon dollar zərər vurulduğu iddiası Ermənistan xüsusi xidmət orqanının sənədində yer alır. Keçmişdə - Paşinyan müxalifətçi jurnalist, Sarukyan isə milyoner siyasətçi olan vaxtlardan onların arasında ədavət olub. Nikol Qaqik haqda tənqidi məqalə yazandan sonra 2004-cü ildə onun köhnə Nivası partladılıb. "Çiçəklənən Ermənistan" istər Köçəryan, Sarkisyan, istərsə də Paşinyan dövründə guya müxalifətçi partiya elan olunub, əslində isə hakimiyyətdə olan siyasi qüvvələrlə dil taparaq hər zaman milyonlar qazanıb".
Xanım politoloq Sarukyan Paşinyan iqtidarını sərt tənqid edib onun istefasını tələb etdikdən 3 gün sonra Paşinyan Sarukyanın qırmızı xətti keçdiyini düşünərək ona həddini bildirmək qərarına gəldini qeyd edib:
"2018-ci ildə çevik biznesmen ağlı ilə uzun illər siyasətdə baş çıxaran Qaqik Nikolun hakimiyyətə gətirilməsinin labüd olduğunu görüb ona dəstək verdi. Parlamentdə onun seçilməsinə səs verərək və Qarabağ klanına əlvida deyərək Nikolun tərəfinə keçdi. Nikol onun bu yaxşılığını kabinetində Qaqikin adamlarına bir neçə nazir portfeli verməklə mükafatlandırdı. Ancaq bu şübhəli ittifaq cəmi bir neçə ay çəkdi. Qaqik əksinqilabi hərəkata dəstək verən kimi Nikol onun əslində öz hakimiyyəti daxilində Troya atı olduğunu anladı və Sarukyanın nazirlərini qovdu. Ancaq Qarabağ klanının üzvlərindən fərqli olaraq məsuliyyətə cəlb edilmədi. Hər necə də olsa, Nikola hakimiyyətə gəlməkdə - meydanlardan parlament tribunasına baş nazir kimi çıxmaqda kömək etmişdi, ən əsası isə mənfur Qarabağ ermənisi deyil, Ermənistandan idi. Tərəfdarlarının israrına rəğmən Paşinyan Sarukyanı cəzalandırmadı, əksinə, ona parlamentdə 8 faiz səs yazdırmaqla hakim fraksiyadan sonra ikinci yeri tutmasına şərait yaratdı. Bu, Sarukyana ayrılmış ənənəvi rol idi - milyonlar qazanmaq, hərdənbir həddini aşmamaq şərtilə müxalifət partiyası kimi çıxış etmək, hakimiyyəti tənqid etmək. Hər şey 2020-ci ilin 5 iyununa kimi, qəfildən Sarukyan Paşinyan iqtidarını sərt tənqid edib onun istefasını tələb etməyənə qədər bu cür davam edirdi.
Bundan 3 gün sonra Paşinyan Sarukyanın qırmızı xətti keçdiyini düşünərək ona həddini bildirmək qərarına gəldi və arvadı Anna Akopyanın qəzetində 1979-cu ildə Sarukyanın zorlama cinayəti üzrə təqsirli bildiyi məhkəmə materiallarını yayımladı. Sarukyanın bəraət aldığı son məhkəmə instansiyasının materialları isə qəsdən yayımlanmadı. Artıq ox yaydan çıxıb, Qarabağ klanı zatən Paşinyana qarşı açıq savaş açmışdı, lakin Sarukyan açıq çıxışlar etmirdi. Nəhayət, Qaqik Sarukyan bütün kartları açdı. Bu, Ermənistan parlamentində parçalanmaya, bəlkə də növbədənkənar parlament seçkilərinə gətirib-çıxara bilər. Faktiki olaraq, Paşinyan Sarukyanı saxta yolla parlamentə daxil olmaqda ittiham edib və əgər qeyri-legitimlik məsələsində sona qədər gediləcəksə, bu, daha böyük qarşıdurma yarada bilər. Yaxud, Paşinyan Sarukyanı bir neçə ay həbsdə saxlayıb ona həddini bildirmək istəyir, eyni zamanda onu siyasi proseslərdən təcrid edib müxalifətə maliyyə, parlamentdə təxribatlar yaratmaq və s. yollarla dəstək verməsinin qarşısını almaq istəyir".
Təhməz Təkin