Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2020 12:52
"Vaksin xəstəliyin müalicəsi üçün nəzərdə tutulmur. Vaksin xəstəliyin profilaktikası üçündür. Yəni, vaksinasiya olunmuş şəxs koronavirusa ya yoluxmur və ya yoluxduqda onu o qədər zəif keçirir ki, heç sanki keçirməmiş olur. Yəni, onun orqanizmində o virusa qalib gələcək anti-cismlər formalaşır, immunitet yaranır, koronavirus ona heç bir şey etmir".
Bunu Sonxeber.net-a açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov deyib.
Şöbə müdiri vaksini hələ də tapılmayan COVİD-19 kimi digər viruslu xəstəliklərin böyük əksəriyyəti üçün spesifik, yəni birbaşa, ünvanlı, həmin virusa təsir edən terapiyanın olmadığını bildirib:
"Adam xəstələnibsə, koronavirusa yoluxubsa və ona yoluxandan sonra bu gün, ya sabah vaksin yeridilirsə onun heç bir effekti olmayacaq. Vaksin sırf immunitetin formalaşdırılması üçündür ki, insanlar youxmasın, yoluxduqda da onu elə keçirsin ki, xəsətlik onlara heç bir problem törətməsin. Viruslu xəstəliklərin böyük əksəriyyəti üçün spesifik, yəni birbaşa, ünvanlı, həmin virusa təsir edən terapiya yoxdur. Məsələn, qızılca, məxmərək, suçiçəyi, insan bunlara yoluxubsa, vaksinasiya olunmayıbsa onun müalicəsi üçün, o virusa təsir edəcək spesifik dərman yoxdur. Bəzi dərmanlar kömək edir, amma o virusun məhv olunmasına təsir göstərmir.
Həmin dərman çox effektivdir və o virusu məhv edir
Elə viruslu xəstəliklər var ki, onlara qarşı spesifik müalicə var. Misal üçün, Hepatit B. Hepatit B virusunu məhv edən bir xüsusi dərman var. O dərmanı içən adam Hepatit B-dən tam xilas olur. Qripə qarşı xüsusi dərman var, qripə tutulandan bir həftə, 10 gün sonra yox, vaxtında qəbul etməyə başlasa, qripə tutulubsa, simptomlar başlayıbsa nə qədər o dərmandan istifadə eləsə həmin dərman çox effektivdir və o virusu məhv edir. Amma koronavirusa qarşı hazırda spesifik dərman preparatı yoxdur, digər bir çox tənəffüs yollarının infeksiyalarında olduğu kimi. Onların əksəriyyətinin müalicəsi dəstəkləyici terapiya ilə bağlıdır. Yəni, temperatur qalxarsa temperaturu aşağı salmaq, oksigenə tələbat yaranarsa oksigen vermək, əgər insanın qusma, ürəkbulnaması varsa ona dair dərman vermək, əgər maye qəbul edə bilmirsə, yemək yeyə bilmirsə venadan ona maye vermək, tənəffüsündə ciddi problem yaranarsa aparata qoşmaq ki, ağciyərlərinə dəstək olsun və s. mümkündür.
Vaksin vurulmayan şəxslər koronavirusa yoluxacaq
Söhbət simptomatik xəstələrdən gedir. Bunlar dəstəkləyici terapiya adlanır. Ona görə də vaksin varsa və həmin şəxsə vaksin vurulmayıbsa, o, koronavirusa yoluxacaq və keçirdiyi simptomlardan asılı olaraq müvafiq müalicə terapiya almalıdır. Amma o terapiya spesifik deyil. Bəzi dərman preparatları artıq var ki, onlar virusa müəyyən dərəcədə təsir göstərir. Bəli, onu tam məhv etmir. Amma ona qalib gəlməyə köməklik göstərir. Azərbaycanda koronavirus xəstələrinin müalicəsi üçün o preparatların bir çoxu artıq istifadə olunur. Adlarını çəkməyin mənası yoxdur. O dərmanlar aptekdə satılmır və satılmamalıdır. İnsanlar onları özbaşına istifadə etməməlidir. Ona görə də o dərmanların adını çəkmək istəməzdim və tövsiyə etmirəm. Çünki onlar yalnız xəstəxanada müalicə alan xəstələr üçündür.
Bəzi ölkələrdə bu dərmanlar supermarketlərdə belə satılır
Onların çoxunun istifadəsi həkim nəzarəti altında olmalıdır. Çünki hər bir dərmanda olduğu kimi bu dərmanların da özlərinin yan təsirləri ola bilər. Bir adamda bu dərman yaxşılaşmaq əvəzinə pisləşməyə də səbəb ola bilər. Bura həkimin qərarı, həkimin müşahidəsi lazımdır, xəstəxana şəariti lazımdır. Ona görə əksər dərmanların apteklərdə satılması məqsədəuyğun deyil və əks effekt verəcəkdir. Amma elə preparatlar var ki, bunlar adətən bioloji aktiv maddələrdir. Yəni, vitamindir və s. Bu preparatları istifadə etmək mümkündür. Aptekdən insan onları ala bilər. Bəzi ölkələrdə bu dərmanlar supermarketlərdə belə satılır. Amma onların da özünün fəsadı var. İnsanların bilməyə-bilməyə, lazım oldu-olmadı onları istifadə etməsi mənfi təsir göstərir, nəinki müsbət".
Təhməz Təkin