Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda “Şimal-Cənub” layihəsinin reallaşdırılması və regional inteqrasiya perspektivləri müzakirə olunub (VİDEO)

Bakıda “Şimal-Cənub” layihəsinin reallaşdırılması və regional inteqrasiya perspektivləri müzakirə olunub (VİDEO)

Tarix: 14 Iyun 2019 18:03

Bakı. Mətanət Nəsibova - Trend:

TREND Beynəlxalq İnformasiya Agentliyində keçirilmiş “Şimal-Cənub” nəqliyyat dəhlizi: regional inteqrasiya perspektivləri” mövzusunda Moskva-Bakı videokörpüsü zamanı ekspertlər “Şimal-Cənub” layihəsini müzakirə edib.

Tədbirin moderatorları Bakıda UNEC araşdırmalar mərkəzinin prezidenti Fərhad Əmirbəyov, Moskvada “Şimal-Cənub” Politologiya Mərkəzinin icraçı direktoru Anjelika Trapeznikova olub.

Müzakirələr zamanı rusiyalı və azərbaycanlı ekspertlər yeni regional nəqliyyat dəhlizlərinin yaradılması və Rusiyanın iştirakı ilə inteqrasiya layihələrinə Cənubi Qafqaz ölkələrindən tərəfdaşların qoşulması perspektivləri barədə fikir mübadiləsi aparıb.

Rusiyalı iqtisadçı Aleksandr Karavayev bildirib ki, "Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi reallaşdırılmanın ilkin mərhələsindədir, amma dəmir yolu yük daşımaları baxımından mövcud reallıqlarda aktuallığını qoruyur.

Onun sözlərinə görə, tərəfdaş ölkələrin nəqliyyat dəhlizinə qoşulması fikri trans-regional əməkdaşlıq baxımından çox aktuallaşıb:

“Eyni zamanda, bu layihənin reallaşdırılmasının birinci və vacib elementi Bakı-Moskva-Tehran müstəvisində münasibətlərin inkişafıdır. Hesab edirəm ki, avqustda Moskvada baş tutacaq üçtərəfli sammitdə üç ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığın əsas trendləri nəzərdən keçiriləcək”.

Eyni zamanda rusiyalı ekspert Stanislav Pritçin deyib ki, “Şimal-Cənub” nəqliyyat layihəsi geosiyasi baxımdan böyük əhəmiyyət daşıyır, eləcə də iqtisadiyyatın real sektoruna yönəlib.

O qeyd edib ki, dünyada əsas trendlərdən biri regionallaşmadır:

“Layihə iştirakçıları qarşılıqlı əməkdaşlığın qlobal səviyyəsinə keçməyə çalışırlar. Əgər “Şimal-Cənub” nəqliyyat dəhlizini Çinin “Bir kəmər, bir yol” təşəbbüsü ilə müqayisə etsək, Çin bu təşəbbüsü elan etməmişdən qabaq geniş boru kəmərləri şəbəkəsini tikmişdi. “Şimal-Cənub”la bağlı isə biz başqa mənzərəni görürük. Layihənin başladığı gündən hələ də Fars körfəzindən Rusiyanın infrastrukturları ilə birləşən birbaşa yol yoxdur. Ona görə də burada, çox iş görmək lazımdır”.

Öz növbəsində Bakı studiyasında Rus İqtisad Məktəbinin direktor müavini, UNEC professoru Elşad Məmmədov regional tərəfdaşlar – Rusiya, İran və Azərbaycanın uzun illər ərzində “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin reallaşdırılmasını dəstəkləməyə hazır olmasını bu layihənin iqtisadi məqsədyönlülüyünü və geosiyasi əhəmiyyətini təsdiq edən bir fakt kimi dəyərləndirib.

"Day.az" informasiya portalının baş redaktoru Emin Əliyev “Şimal-Cənub” nəqliyyat dəhlizini bir neçə istiqamət üzrə nəzərdən keçirməyi təklif edib.

Onun sözlərinə görə, bu faktı Rusiyanın və Mərkəzi Asiya ölkələrinin, Azərbaycan və Rusiyanın əməkdaşlığı çərçivəsində, eləcə də Azərbaycan-Rusiya-İran formatında nəzərdən keçirmək lazımdır.

Qeyd edək ki, videokörpünün təşkilatçıları “Şimal-Cənub” Politologiya mərkəzinin Bakıdakı nümayəndəliyi, TREND Beynəlxalq İnformasiya Agentliyi, “Xəzər Ekspert Klubu” olub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda Şimal Cənub layihəsinin reallaşdırılması regional inteqrasiya perspektivləri müzakirə olunub VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ