Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Həmin videoya görə qadınlarla mübahisəm düşdü'' - Anar Nağılbazın həyat yoldaşı ailə sirlərindən danışdı - FOTO

''Həmin videoya görə qadınlarla mübahisəm düşdü'' - Anar Nağılbazın həyat yoldaşı ailə sirlərindən danışdı - FOTO

Tarix: 27 Iyun 2020 11:05

Sonxeber.net ölkə.az-a istinadən mərhum rep ifaçısı, müğənni Anar Nağılbazın keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva ilə müsahibəni təqdim edir:

- Anjelika xanım, istəyərdim Anar Nağılbazla olan sevgi tarixçənizdən başlayaq...

- Anarla  2007-ci ildə ailə qurmuşuq. Tanışlığımızın isə maraqlı tarixçəsi var. Mən o zaman çox gənc idim, ailə qurmaq haqqında ümumiyyətlə düşünmürdüm. Biz yaxın ailə dostumuzun nişan mərasimində tanış olmuşuq. Tanışlıqdan qısa müddət sonra isə ailə qurduq. Sizə bir fakt deyim. Anarın dostu bizim də yaxın ailə dostumuz idi. O, Anarın evlənmək istədiyini bildirdikdə mən hətta ona evlənmək üçün xanım da axtarmışam.

- Bildiyim qədər 10 yaş fərqiniz vardı. Bu yaş fərqi anlaşmada çətinliklər yaratmırdı ki?

- Bu barədə heç yerdə danışmamışam. Deməli, biz evlilik qərarı verəndə gecə saat üç idi. Açıq söhbətimiz oldu, mənə ürəyini açdı, bir söz dedi və mən ondan sonra qərarımı verdim.

- Nə dedi sizə?

- Bu bir az uzun söhbətdir, qısa deyə bilərəm ki, açıq şəkildə hər şeyi etiraf etdi, həyatında olan çətinliklərdən danışdı.

- Bu çətinlik maddi idi, yoxsa mənəvi? Axı Anar imkanlı ailədə böyümüşdü, atası Rizvan Cəbiyev deputat idi.

- Yox, onun problemi maddi sıxıntı deyildi, söhbət mənəvi sıxıntılardan, gördüyü çətinliklərindən gedirdi.

- Anarla evlənməyiniz ailələr arasında hansısa bir narazılığa səbəb olmuşdu, yoxsa hər iki tərəf razı idi?

- Bizim ailə bir az narazı oldu. Hətta qardaşlarım toyumda iştirak etmədi. Lakin sonradan bunun mənim seçimim olduğunu qəbul etdilər və hər şey öz qaydasına düşdü.

- Evlilikdən sonra Anarla münasibətləriniz necə idi?

- Bizim münasibətlərimiz çox gözəl olub. Ümumiyyətlə, Anar çox yaxşı ailə başçısı idi. Sonradan bəzi hadisələr baş verdi və ona görə də hər şey bu qədər dəyişdi. Bəlkə də bunda düşdüyü mühit, ətrafında olan insanların rolu oldu.

- Neçə il mehriban, xoşbəxt yaşamısız?

- İlk 4-5 il ailəmizdə hər şey çox gözəl idi. Daha dəqiq desəm, qızım doğulana qədər biz çox mehriban idik. Sonradan yaranan bəzi söz-söhbətlərdən sonra aramızda soyuqluq yarandı. Boş-boş söhbətlər bizim ailə münasibətlərinə öz təsirini göstərməyə başladı.

- Bu söz-söhbətlərin yaranmasında Anarın ailəsinin rolu var idi?

- Yox, əksinə qayınatam və qayınanam bu davalar zamanı məni dəstəkləyirdilər.

- Anar özü başqa nə işlə məşğul idi, ailəsini necə dolandırırdı?

- Anar televiziya rejissoru idi, bu sənət üzrə ali savadı vardı. Bir müddət telekanalların birində rejissor kimi fəaliyyət göstərib. Daha sonra mədəniyyət sahəsində çalışmağa başladı. Ancaq ən çox bizə qayınatam dəstək olurdu.

- Şəxsi eviniz vardı, yoxsa Anarın ailəsi ilə yaşayırdınız?

- Yox, biz heç zaman ayrı yaşamamışıq. Ailə qurduqdan son günə qədər qayınatamgil ilə yaşamışıq. Ancaq Anar "Cənub" televiziyasında çalışanda bir müddət orada ayrı yaşamışıq.

- Bir evdə yaşamaq hansısa söz-söhbətlərin yaranmasına səbəb olurdu? Münasibətləriniz necə idi?

- Bizim münasibətlərimiz çox yaxşı olub. O ki, qaldı söz-söhbətlərə, o hər evdə olan bir işdir, arada bizdə də belə xırda problemlər olurdu, tez bir zamanda da keçib gedirdi.

- Niyə bəs sonradan onların münasibətləri sizə qarşı belə dəyişdi? Səbəb nə oldu?

- Ortada çox anlaşılmazlıqlar oldu. Məni tamamilə səhv başa düşdülər.  Anardan övladlarımla bağlı müəyyən tələblərimin olması onlar tərəfindən başqa cür qəbul edildi.

- Hazırda vəziyyət necədir? Nəvələrini görməyə gəlirlər? 

- Bəli, onlar nəvələrinə hər cür dəstək  göstərirlər. Bir ay karantin zamanı uşaqlar baba-nənəsinin yanında idilər, orada qalırdılar.

- Bəs, siz bu müddət ərzində gedib övladlarınızı görürdünüz?

- Xeyr, babası gəlib apardı uşaqları.

- Hazırda qayınananızla münasibətləriniz necədir?

- Gediş-gəlişimiz yoxdur, necə deyirlər, "salam, sağol" münasibətindəyik.

- Qayınananız yenə sizi Anarın ölümündə günahlandırır, sizi nələrdəsə ittiham edir, yoxsa?

- Bunu deyə bilmərəm. Mən yad qızıyam, əsas onların nəvələridir, Anarın yadigarlarıdır. Başqa sözlərə ehtiyac yoxdur, məncə.

- Məndə olan məlumata görə, qayınatanız Rizvan Cəbiyevin sizə böyük maddi dəstəyi vardı, o kömək davam edir, yoxsa?

- Bəli, hər zamanki kimi bizə maddi və mənəvi dəstək göstərir. Hazırda da bu davam edir. Övladlarımı babaları dolandırır, geyimlərindən tutmuş kirayə qaldığımız evimizin puluna qədər hər şeyi qarşılayır.

- İstərdim Anarın son günlərindən danışasınız. Vəziyyəti necə idi? Övladlarını görməyə gəlirdimi?

- Müəyyən səbəblər oldu, mən son dəfə onu görə bilmədim. Ölümündən 1 həftə əvvəl mənə 4-5 dəfə zəng etdi, danışdıq. Görüşmək istəyirdi, mən imtina etdim. Buna görə hələ də özümü bağışlaya bilmirəm. Dedim uşaqları görmək istəyirsənsə, gəlib apara bilərsən. Lakin mənimlə görüşüb söhbət etmək istədiyini dedi. Mən buna görə özümü hələ də qınayıram.

- Bu xəstəlik Anarda əvvəldən var idi?

- Bəli, qara ciyərində problem vardı.

- Özünüz də bir az əvvəl qeyd etdiniz ki, evlənməyinizə ailəniz razı deyildi. Boşandıqdan sonra ailəniz sizə dəstək olurmu?

- Onlar da hər zaman mənə maddi-mənəvi dəstək olublar. Bütün bu vaxt ərzində kiçik qardaşım hər zaman yanımda olub.

- Hazırda özünüz nə işlə məşğulsunuz? Necə dolanırsınız?

- Gözəllik salonlarının birində stilist-vizajist kimi fəaliyyət göstərirəm. Öz peşəm üzrə çalışıram.

- Karantinə görə, sizin sahədə də bir müddətdir ki, iş yoxdur...

- Bəli, hazırda işləmirəm, uşaqlarla evdəyəm. Amma həm qayınatam, həm də qardaşım bizə maddi kömək edir.

- Məndə olan məlumata görə, vaxtı ilə hətta Anardan hüquq mühafizə orqanlarına şikayət də etmisiniz. İstəyərdim bu barədə də danışasınız.

- Mən o məsələlərə qayıtmaq istəmirəm. Həqiqətən də bu istəmədən alınan bir vəziyyət idi. Əsas odur sonradan hər şey öz yoluna düşdü, haqlı, haqsız tərəf bilindi.

- Anarın ikinci ailəsi haqqında nə deyə bilərsiniz? Xanım kim idi,harada tanış olmuşdular, rəsmi nikahları var idimi?

- Eşitdiyimə görə, rəsmi nikahları olub. Ancaq mən o qadını şəxsən tanımıram.

- Bir yerdə yaşayırdılar?

- Heç bir məlumatım yoxdur. Çünki, bu barədə heç vaxt maraqlanmamışam.

- Anarın məzarını ziyarət edirsiz?

- Bəli, oğlum getmək istəyir, yuxuda tez-tez atasını görür. Ramazan ayında qızım atası üçün dua edirdi. Namaz qıldı, əllərini açıb "Allahım, atamın yerini orada rahat et!" deyə dua etdi.

- Bu ziyarətlərə Anarın ailəsi mane olmur?

- Xeyr, hətta mənim vaxtım olmayanda babası, nənəsi uşaqları ora ziyarətə aparır. Mənim yolum bir az uzaq olduğundan tez-tez gedə bilmirəm.

- Dəfn mərasimində iştirak etmişdiniz?

- Xeyr.

- Niyə? Sizə icazə vermədilər, yoxsa?

- Sadəcə olaraq mənə deyildi ki, orada iştirak etməyim. Həm də uşaqlar rayonda idi, oğlum bilmirdi.

- Gənc yaşınızda ailə qurdunuz, 5-6 il xoşbəxt həyat yaşadınız, sonradan gərginliklər, problemlər başladı. Qarşınızda belə bir seçim olsaydı, Anarla yenidən ailə qurardınız?

- Buna tam səmimi cavab verəcəm. Mən Anarla ailə qurduğuma görə heç vaxt peşman olmamışam. Sadəcə, bəzi anlaşılmazlıqları qırağa qoysaq, mən Anarla xoşbəxt olmuşam.

- Artıq neçənci dəfədir ki, deyirsiz bəzi anlaşılmazlıqlardan münasibətlərimiz korlanmağa başladı. Burada aranıza girən 2-ci, 3 cü şəxslərdən söhbət gedir? Hətta sizin bəzi açıqlamalarınızda oxumuşdum ki, bu münasibətlərin korlanmasında Anarın anasının müəyyən qədər rolu olub...

- Əsəbi olanda insan sonradan peşman olacaq sözlər işlədə bilir. Səmimi cavab verim, Anar həyatda yoxdur, uşaqların da onun ailəsi ilə münasibətləri çox yaxşıdır. Babası və nənəsi Anarın yadigarları ilə nəfəs alırlar. Mənim onlarda heç bir haqqım qalmayıb. Söz-söhbətlərə gəldikdə isə, o hər bir ailədə olur.

- Anar boş vaxtlarında nə ilə məşğul olurdu?

- Mahnı bəstələyirdi, ifa edirdi. Onun bütün mahnılarının birinci dinləyicisi mən olmuşam. Hətta gecə saat 3-də məni oyadırdı ki, yeni mahnı bəstələmişəm ona qulaq as.

- Anarın üzə çıxmayan bəstələri var?

- Bəli, çox sayda bəstələri qalıb.

- Sizdə var o mahnılar?

- Məndə yazılı şəkildə bəziləri qalıb. Digərləri isə öz evindədir.

- Bəstələrini özü ifa edirdi, yoxsa digər ifaçılara təqdim edirdi?

- Bir neçə dəfə bəzi ifaçılara verib.

- Tanınan sənət adamlarının xanımlarının ən böyük problemləri qısqanclıq olub. Anarın da bir neçə xanım duet ortaqları olub. Bu, sizdə qısqanclıq yaradıb?

- Xeyr, çünki mən hər zaman Anarın yanında olmuşam. Hara gedirdi, məni də özü ilə aparırdı, hər zaman kadr arxasında olurdum. Demək olar ki, oğlum maşında böyüyüb.

- Bildiyimə görə, Anarın sağlığında maddi sıxıntıları var idi.

- Bəli, var idi. Çünki o, özü heç yerdə çalışmırdı.

- Son dönəmlər efirlərdən də uzaq düşmüşdü. Özü istəmirdi, yoxsa dəvət etmirdilər?

- Yox, heç yerə dəvət etmirdilər. Anar çox insana yaxşılıq etmişdi. İşsiz qalanda, imkanı zəifləyəndə hamı ondan üz çevirdi, dəstək olmadı. Hazırda onlar efirlərə çıxırlar, məşhurdular.

- Öz həmkarları idi?

- Təkcə həmkarları deyil, başqa ifaçılar da var. Çox məşhur inasanlar var ki,  Anar onları evində də saxlayıb, yedirdib, lazım gələndə ciblərinə pul da qoyub.

- Kim idi bu insanlar?

- Ad çəkmək istəməzdim. Onun bir prodakşnı var idi, ifaçılar hər zaman orada yığışırdılar, mahnı ifa edib, məsləhətləşirdilər. Onların hamısının çəkilişləri məndə arxivdə var.

- Mərhum repçi Hüseyn Dərya ilə münasibətləri necə idi?

- Onunla münasibəti yaxşı olub. Bilirsiniz, Hüseyn bir zamanlar çox pis vəziyyətdə idi. Həmin vaxtlarda onlar bizə gəlirdi, biz tez-tez onu yoluxmağa gedirdik. Anar Hüseynə dəstək olmağa çalışırdı. Hətta bir-neçə dəfə ona maddi dəstək də olmuşdu. Anarın ona yazığı gəlirdi, hər zaman söyləyirdi ki, heyif onun istedadından. Anar Hüseyn barədə heç vaxt pis fikirdə olmayıb.

- Sizə elə gəlmir ki, Anarı da Hüseyn Dəryanın aqibəti gözləyə bilərdi. Lakin Rizvan Cəbiyevin oğlu olması bunun qarşısını alırdı?

- Yox, Anar ümumiyyətlə, çox bayıra çıxmağı sevmirdi. Evdə olmağı, ailəsi ilə vaxt keçirməyi daha çox xoşlayırdı.

- Anar özü etiraf etmişdi ki, həyatının müəyyən dönəmində pis vərdişləri var idi.

- Bu barədə danışmaq istəmirəm.

- Elşad Xose ilə münasibəti necə idi?

- Yaxşı idi, pis deyildi.

- Məşhurlaşmasında rolu var idi?

- Anar ümumiyyətlə çox insana dəstək olub. O, yaxşılıq etməyi, kiməsə dəstək olmağı sevirdi. Bunun üçün əlindən gələni edirdi. İstəyirdi rep sənəti inkişaf etsin. Sonralar adi mahnılar bəstələyirdi, ancaq bu da ona kömək etmədi, kölgədə qaldı. Bu vəziyyət onu çox üzürdü.

- Anar repə yeni imic - kostyum qalstuk kimi yenilik gətirən bir şəxs olub. Normalda rep ifaçılarının geyim tərzi başqa cür olur. Buna görə hətta onu tənqid də edirdilər...

- Mən də bir neçə-dəfə buna görə iradımı bildirmişdim. Ancaq o, idman tərzində geyinməyi sevmirdi. Səhnəyə hər zaman klassik üslubda çıxmağı sevirdi. Bu, onda artıq vərdiş halını almışdı.

- Ümumiyyətlə, Anar nə vaxtsa ölümlə bağlı nəsə danışırdı sizinlə?

- Bəli, danışıb. Bir dəfə bu mövzuda bizim davamız da olub. Mənə demişdi ki, 40 yaşında vəfat edəcək. Bir dəfə gənc olan zaman xarici ölkədən qayıdanda ona küçədə bir qaraçı yaxınlaşıb. Əlinə baxıb deyib ki, sən öz vətənində çox məşhur olacaqsan. Bu sözlərdən sonra qaraçı qadın susub. Sonda Anarın təkidi ilə falında nə çıxdığını deyib. Qadın Anara 40 yaşında vəfat edəcəyini söyləyib. O zamandan Anar o sözləri ürəyində dərd edirdi. Hər zaman deyirdi ki, mən 40 yaşımda öləcəyəm. Hətta mən buna görə onu danlayırdım.

- Bu haqda danışanda, sizə başqa nəsə deyirdi, vəsiyyət edirdi?

- Anar Ssevgililər Günü münasibəti ilə mənə bir hədiyyə etmişdi. Həyatımızın ən xoş günlərindən olan, uşaqlarla fotolarımızı o lövhədə yerləşdirmişdi. Aşağısında isə belə bir yazı vardı: "Narahat olma, mən övladlarım üçün hər şey edəcəm". Hazırda o hədiyyə bizdə evdədi, oğlum onu divardan asıb.

- Anarla yazışmalarınızı saxlamısınız?

- Yox, telefonumda problem oldu, hamısı pozuldu.

- Anarın qardaşları ilə münasibəti necə idi?

- Yaxşı idi. Onlar sakit adamlardır, hərəsi öz işindədir.

- İstəyərdim bu suala tam səmimi cavab verəsiniz? Heç olubmu, Anarın yoldaşı olduğunuza görə utanasınız?

- Bəli, olub. Bir dəfə belə bir hadisə yaşamışam. Bir məclisdə idim, məni tanımırdılar, bilmirdilər Anarın yoldaşıyam. Onun haqqında xoşagəlməz sözlər danışırdılar.

- Ölümündən sonra idi?

- Bəli.

- Deyə bilərsiniz nə haqda danışırdılar?

- Söhbət ölümündən bir müddət əvvəl yayılmış videogörüntüdən gedirdi. Mən orada özümü tanıtdım və etirazımı bildirdim. Onlar çox pərt oldular.

- O videogörüntülər yayılanda Anara öz dəstəyinizi bildirdiz?

- Bəli, çox istədim yanında olum, ona dəstək göstərim. Lakin o mənim zənglərimə cavab vermədi, mənimlə danışmaq istəmədi.

- Hətta bir çoxları bu hadisənin onun ölümünü tezləşdirdiyini dedilər.

- Bəli, çox depressiyaya düşmüşdü.

- Sizin adınız da hallanmışdı bu məsələdə

- Mənim bu məsələ ilə heç bir əlaqəm olmayıb. Mən o videodan sonra özüm depresiyaya düşmüşdüm, şok yaşamışdım. Bir müddət heç evdən çölə çıxmırdım.

- Sonradan sizin də fotolarınız sosial şəbəkədə yayıldı.

- Bəli, mənim fotosessiyamdan görüntülər yayılmışdı. Sonra çəkiliş zamanı gənc aktyorla çəkilən fotolarımı yayıb, bunlara başqa anlam vermişdilər.

- Bildiyimə görə televiziyaların birində layihəniz olacaqdı. Ancaq sonradan alınmadı. O layihə niyə yarımçıq qaldı?

- Maddiyyata görə yarımçıq qaldı. Layihəni hazırlamışdım, təqdim etdim, lakin sonradan işin maddi tərəfi planlarımızı alt-üst etdi.

- Bildiyimə görə oğlunuz Tamerlanın da atası kimi istedadı var.

- Bəli, oğlum çox həvəslidir. Yeni bir rep yazıb, istəyirik onun üzərində çalışaq, mahnı işıq üzü görsün.

- Bu işdə kimsə sizə yardım edir? Atasının dostlarından kimsə maraqlanıb sizinlə?

- Yox, heç kəs. Anar rəhmətə gedəndən heç kəs bizi axtarmayıb. Yalnız Ramin Nabran Tamerlanın ad günündə təbrik etmişdi.

- İkinci dəfə ərə getmək fikriniz var?

- Xeyr, hazırda bu barədə düşünmürəm. Bu mövzunun mənim üçün bağlı olduğunu desəm, yalan danışmış olaram. Ancaq indi belə bir fikrim yoxdur.

- Meyarlarınız nədən ibarətdir? Övladlarınızın razılığı olmalıdır, yoxsa Anarın ailəsinin?

- Bəli, mütləq övladlarımın razılığı olmalıdır. Mənə əsas onların fikridir.

- Bu barədə onlarla heç danışmısınız?

- Xeyr, nə vaxtsa ehtiyac yaransa, mütləq onlarla söhbət edəcəyəm.

- Gələcək həyatınızı necə qurmaq istəyirsiniz? Övladlarınız üçün bir planınız var?

- Tezliklə qardaşlarımın yanına - Rusiya getmək istəyirəm. Qardaşlarımın orada öz işləri var. Mənə də təklif edirlər ki, gəlim orada onlarla bir yerdə işləyim. İnşallah, sərhədlər açılsın, qismət olsa, Azərbaycanı tərk edəcəyəm.

- Sizcə, bu Anarın ailəsi tərəfindən necə qarşılanacaq? Yəqin ki, müəyyən etirazlar olacaq.

- İnşallah, yay aylarında bura gələndə nəvələrini görə biləcəklər. Əgər mən orada övladlarım üçün şərait yarada biləcəyəmsə, niyə də olmasın?

- Müsahibəyə görə, çox sağ olun.

- Siz sağ olun.


Etiketlər:  Həmin videoya görə qadınlarla mübahisəm düşdü Anar Nağılbazın həyat yoldaşı ailə sirlərindən danışdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ