Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Orxan Məmmədov: Turizm klasterləşməsinin təşviqi prioritet hədəflərimizdəndir (FOTO)

Orxan Məmmədov: Turizm klasterləşməsinin təşviqi prioritet hədəflərimizdəndir (FOTO)

Tarix: 23 Aprel 2019 14:30

Bakı. İlhamə İsabalayeva - Trend:

Biznes subyektləri üçün nəzərdə tutulan dəstək mexanizmləri çərçivəsində turizm sektorunun iştirakçılarının bu sahəyə geniş cəlb edilməsi, turizm klasterləşməsinin təşviqi prioritet hədəflərimizdəndir.

Trend-in məlumatına görə, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda 3-cü Qlobal Sağlamlıq Turizm Forumu (QSTF) və Qlobal Sağlamlıq Turizm Şurasının (QSTŞ) 5-ci Assambleyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ölkəmizdə sağlamlıq turizminin inkişafı üçün geniş təbii imkanlar var:

"Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə son illərdə müasir standartlara uyğun yeni müalicə kompleksləri yaradılır, mövcud turizm infrastrukturu yenilənir və əsaslı təmir olunur. Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə sağlamlıq turizmi üçün tələbatın yenidən formalaşdırılması prioritet istiqamətlərdən biri olaraq müəyyən edilib. Turizm sənayesinin davamlı inkişaf etdiyi bir dövrdə kifayət qədər çox sayda insanlar sağlamlıq məqsədilə səfərlər edirlər. Bu turist axınlarının cəlb edilməsi uğrunda region ölkələri arasında rəqabət mövcuddur. Bu mübarizə əsasən gəlir əldə etmək, məşğulluq yaratmaq və ölkəyə valyuta gətirmək kimi iqtisadi prioritetlərə söykənir".

O.Məmmədov əlavə edib ki, turizm sahəsində sahibkarlığın inkişaf etdirilməsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyət dairəsinə daxil olan istiqamətlərdən biri hesab olunur.

İdarə Heyətinin sədrinin sözlərinə görə, sağlamlıq turizmi üçün potensialı olan bölgələrdə mövcud və yeni sağlamlıq məhsullarının istehsalının təşviq olunması eləcə də, sağlamlıq xidməti göstərən müəssisələrdə və turistlər üçün digər cəlbedici yerlərdə bərpa və yenidənqurma işlərinin aparılmasına kiçik və orta sahibkarların cəlb edilməsi agentliyin maraq dairəsinə daxildir.

O hesab edir ki, sağlamlıq turizminin dəyər zəncirinə daxil olan müxtəlif maraqlı tərəflər arasında əməkdaşlıq və tərəfdaşlıq mühüm əhəmiyyət kəsb edir:

"Bu baxımdan Agentlik olaraq sağlamlıq turizminin təşviqi sahəsində uğurlu dövlət-özəl sektor təşəbbüslərinin reallaşdırılması da fəaliyyət istiqamətimizdir. Bundan başqa sahibkarlarımız üçün sağlamlıq turizm zonalarında ictimai iaşə xidmətləri sektoruna, xüsusilə müasir restoran və kafe xidmətləri kimi turistlər üçün cəlbedici yerlərin yaradılması və bu sahəyə investisiyaların yatırılması əlverişli ola bilər. Bu istiqamətdə Agentliyimiz maraqlı sahibkarlara müxtəlif istiqamətlərdə, xüsusilə biznesin təşkili ilə bağlı lazımi konsaltinq və dəstək xidmətlərini göstərməyə hazırdır. Şübhəsiz ki, bütün bunlar turizmin inkişafı baxımından önəm kəsb edir və müalicə məqsədilə ölkəmizə gələn turistlərin sayının artmasına təkan verə bilər. Əminəm ki, birgə səylərimiz nəticəsində, sağlamlıq turizm fəaliyyəti üzrə kiçik və orta sahibkarların aktivliyi artacaq, bütövlükdə isə turizm qeyri-neft sektorunda aparıcı sahələrdən birinə çevriləcək".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Orxan Məmmədov Turizm klasterləşməsinin təşviqi prioritet hədəflərimizdəndir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ