Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyul 2020 11:46
Yeni növ koronavirus, yəni COVID-19 çox təhlükəli virusdur. Hazırda onun mutasiyası çox müzakirə olunur və öyrənilir. İnsanların immunitetindən asılı olaraq virusun mutasiyası da fərqlidir. Yəni virus istənilən qədər mutasiya ola bilər. Mutasiyalar isə istənilən qədər təhlükə törədə bilər. Araşdırmalara görə, COVID-19-un son mutasiyası əvvəlkilərdən 8 dəfə tez yayılmaq gücünə malikdir. Digər mülahizəyə görə isə virus mutasiyaya uğradıqca zəifləyə də bilər. Hazırda mikrobioloqlar, virusoloqlar bununla ciddi məşğuldurlar.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının direktoru, professor Surxay Musayev deyib.
Professorun sözlərinə görə, bəzən elə xəstələr olur ki, onlarda xəstəlik çox sürətlə inkişaf edir və həmin şəxslərin həyatı uğrunda mübarizə nəticə vermir. Nəticədə xəstə qısa müddət ərzində itirilir. Onların çoxu həkimə müraciət etmədən ev şəraitində özbaşına müalicə alanlar və ya virusun mövcudluğuna inanmayanlardır.
O bildirib ki, xəstəliyin müalicəsi ilə bağlı yeni təlimatlar hazırlanıb. Belə ki, əvvəllər xəstələr dərhal təcili və təxirəsalınmaz tibbi yardım xidmətinə müraciət edir və müalicə üçün xəstəxanaya gətirilirdilər. Hazırda xəstəxanaların işi çox gərginləşib. Qərar qəbul olunub ki, xəstəxanaya ciddi oksigen təminatına, süni tənəffüs aparatına qoşulmağa ehtiyacı olanlar gətirilsin. Digərləri isə poliklinikaya zəng edirlər. Sahə həkimləri gəlib onların vəziyyətini dəyərləndirir, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinə zəng edir, ondan yaxma götürülür. Xəstənin vəziyyətinə uyğun olaraq onun ev şəraitində və ya xəstəxanada müalicəsinə qərar verilir. Pandemiya klinikaları isə ən ağır xəstələr üçündür.
S.Musayev bildirib ki, hazırda COVID-19-a yoluxanların böyük əksəriyyəti yas yerlərində, həmçinin insanların kütləvi toplaşdığı digər məkanlarda yoluxurlar. Hətta azyaşlılar arasında da yoluxmalar qeydə alınır. Ailəvi yoluxmalar zamanı hətta 7 aylıq körpənin də COVID-19-a yoluxması müşahidə olunub.
Klinikanın direktoru, həmçinin qeyd edib: "Ölkəmizdə COVID-19-a gündəlik yoluxma hallarının azalması üçün vətəndaşların sosial məsuliyyəti artmalıdır. Vətəndaşlar marketlərə maskasız gedir, sosial məsafəni qorumurlar. Yumşalma tədbirləri tətbiq edilən zaman kütləvi toplanma məkanları açılan kimi vətəndaşlar ora axın etdi və nəticə göz qarşısındadır. Yoluxma zəncirini qıra bilsək, görülən tədbirlər nəticəsini verəcək. Hazırda ölkəmizdə xəstələrin müalicəsi, xəstəxanaların dərman təchizatı ilə bağlı problem yoxdur. Dərman təchizatı yüksək səviyyədədir. Ləvazimat baxımından hər hansı çatışmazlıq yoxdur. On minlərlə kombinezon, xeyli sayda süni tənəffüs cihazı gətirilib və pandemiya xəstəxanalarına paylanılıb. Xəstələrin müalicəsi üçün hər cür şərait yaradılsa da, həyata keçirilən tədbirlərin istənilən effekti verməsi üçün vətəndaşların məsuliyyəti önəmlidir. Məsləhətim odur ki, özlərinin, ailələrinin sağlamlığı naminə maska taxsın, gigiyena qaydalarına əməl etsin, sosial məsafəni qorusunlar. Çünki biz uzun müddət bu virusla bir mühitdə yaşamaq məcburiyyətindəyik".