Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2020 12:50
"Koronavirus pandemiyasının ilk günlərindən Azərbaycan həm ölkə ərazisində, həm də regional və beynəlxalq səviyyədə səmərəli və məhsuldar fəaliyyət göstərib. Azərbaycan beynəlxalq səviyyədə də COVID-19-a qarşı mübarizədə yüksək fəallıq nümyiş etdirib, 30-dan artıq ölkəyə yardımlar təşkil edib, Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə edib, bu əməllərlə dünyanın rəğbətini qazanıb".
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Kamran Bayramov deyib.
Deputat bildirib ki, hal-hazırda bütün dünyanın COVİD-19 pandemiyası ilə, sözün əsl mənasında, vuruşduğu bir zamanda bu qlobal təhlükə ilə mübarizədə dünya dövlətlərinin həmrəyliyinin möhkəmlənməsi məqsəd kimi ön plana çıxır:
"Bu məqsədə nail olunmasında ölkəmiz xüsusi fəallıq göstərir, Prezident İlham Əliyevin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və Qoşulmama Hərəkatı çərçivəsində koronavirus pandemiyası ilə mübarizə mövzusunda yüksək səviyyəli onlayn tədbirlər keçirilib və bu qlobal bəla ilə mübarizədə, həm də onun təsirlərinin azaldılmasında dövlətlərarası əməkdaşlığın, koordinasiyanın və həmrəyliyin rolu və əhəmiyyəti müzakirə olunub".
K.Bayramov vurğulayıb ki, Prezident İlham Əliyevin BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünə 130-dan çox ölkə tərəfindən verilən dəstək həm xarici dövlətlərin, həm də beynəlxalq təşkilatların ölkəmizə olan ən böyük etimadının göstəricisidir:
"Bu həm də onu göstərir ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun gündən-günə artması qaçılmazdır və labüddür, Prezident İlham Əliyevin isə dünya problemlərinə düzgün və praqmatik yanaşması, müdrik baxışı və qlobal liderlik keyfiyyətlərinin nümayiş etdirilməsi göz qabağındadır.
Böyük ümidlər və əminlik var ki, BMT Baş Assambleyasının xüsusi sessiyası pandemiya ilə mübarizədə dünya birliyində həmrəyliyin tam bərqərar olunmasına, beynəlxalq çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə və bu qlobal təhlükənin geri çəkilməsi üçün ən səmərəli və düzgün yolun tapılmasına xidmət edəcəkdir".
Deputat əlavə edib ki, Azərbaycan pandemiya dövründən öncə də dünyada nüfuzu böyük, mövqeyi möhkəm dövlət kimi qəbul olunub, ölkəmizin həm xarici siyasəti, həm də daxili islahatları dünya birliyi tərəfindən hər zaman yüksək qiymətləndirilib:
"Dostluq, əməkdaşlıq və həmrəylik niyyətlərini özündə əks etdirən və ölkəmizin başçısı cənab İlham Əliyevin həyata keçirdiyi xarici siyasət dünya dövlətləri ilə uğurlu qarşılıqlı fəaliyyətin bərqərar olunması, onların Azərbaycanın irəli sürdüyü təşəbbüslərə birmənalı qoşulması, dövlətimizin beynəlxalq həmrəylik məsələsində ən aparıcı rol oynaması üçün əlverişli şərait yaradıb".