Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2020 19:32
Bakı. Trend:
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) əməkdaşları Beynəlxalq inspektor statusu alacaq.
Agentlikdən Trend-ə verilən məlumata görə, bu, AMADA ilə Beynəlxalq Test Agentliyinin əməkdaşlığı çərçivəsində baş tutacaq.
İyulun 7-də Beynəlxalq Test Agentliyinin Beynəlxalq Dopinq Nəzarəti İnspektorları üçün Təlim-Sertifikat proqramına start verilib. Bu proqramda iştirak üçün dünyadan aralarında AMADA-nın da olduğu cəmi 8 milli və regional antidopinq agentliyi müəyyənləşdirilib. AMADA proqramın hazırlanmasında öz təcrübələrini bölüşməklə və təklifləri ilə layihəyə öz töhfəsini verib. Ümumilikdə proqrama cəlb olunan bütün təşkilatlar dünyada keyfiyyətli testin təşviqi üçün Beynəlxalq Test Agentliyi ilə səylərini birləşdirib.
Proqramın məqsədi dünyada antidopinq sahəsində testlərin keyfiyyətinin artırılması üçün səylərin birləşdirilməsi və qabaqcıl təcrübələri təhlil edərək ən yaxşı standartların müəyyənləşdirilməsidir. Bu proqramın digər məqsədi yarışmadan kənar və beynəlxalq idman yarışlarında, o cümlədən dünya çempionatları, Olimpiya oyunları və digər böyük yarışlarda dopinq nəzarətini həyata keçirmək üçün Ümumdünya Antidopinq Agentliyinin uyğunluq standartlarına cavab verən peşəkar mütəxəssislər hazırlamaqdır.
Proqram çərçivəsində AMADA-nın inspektorları xüsusi seminarlara cəlb ediləcək. Seminarların nəticəsində iştirakçılara beynəlxalq inspektor statusu verən sertifikatlar təqdim olunacaq.
Proqram antidopinq üzrə beynəlxalq mütəxəsislərin rəyləri və Ümumdünya Antidopinq Agentliyinin standartları nəzərə alınmaqla hazırlanıb. Beynəlxalq Test Agentliyi COVID-19 pandemiyasını nəzərə alaraq təlimləri bu yay onlayn keçirəcək. Ənənəvi seminarların yeri və vaxtı isə yaxın gələcəkdə ev sahibi təşkilatlarla razılaşdırıldıqdan sonra təsdiqlənəcək.
Qeyd edək ki, Azərbaycan 2019-cu ildən Beynəlxalq Test Agentliyi ilə əməkdaşlıq edir. Sözügedən proqrama AMADA ilə yanaşı Avstraliya, Belarus, Böyük Britaniya, Çin, Kanada, Norveç və Mərkəzi Amerikanın milli və regional antidopinq agentlikləri cəlb olunub.