Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyul 2020 19:20
Nazirlər Kabinetinin qərarı ilə "Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilməsi Qaydası" təsdiq edilib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu Qayda sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilməsi qaydasını müəyyən edir.
Qaydada bildirilir ki, əməkhaqqının işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilən hissəsinin məbləği Dövlət Statistika Komitəsi tərəfindən əvvəlki il üçün müəyyən olunmuş ölkə üzrə orta aylıq nominal əməkhaqqından çox, lakin minimum aylıq əməkhaqqından az olmamaq şərtilə işəgötürənin ştat vahidi üzrə nəzərdə tutulmuş əməkhaqqının və əməkhaqqından tutulmaların (əməyin ödənişi fondundan hesablanan məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqı) 50 faizini təşkil edir.
Sosial iş yerlərində 2 ildən az olmayan müddətə bağlanılan əmək müqaviləsi ilə işə götürülmüş işçilərin əməkhaqqının bu qayda ilə müəyyən edilmiş hissəsi 3 aydan az və 12 aydan çox olmayan müddətdə Agentlik tərəfindən maliyyələşdirilir.
Əməkhaqqı sistemində nəzərdə tutulan mükafatlar, əmək- haqqına əlavələr, artımlar (əmsallar), habelə iş vaxtından kənar vaxtlarda görülən işlərə görə verilən ödəmələr və digər ödənişlər Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işəgötürənlərin vəsaiti hesabına maliyyələşdirilir.
Qaydalarda bildirilir ki, sosial iş yerləri üzrə əməkhaqqının məbləği işəgötürənin eyni vəzifə (peşə) üzrə digər iş yerlərindəki əməkhaqqının məbləğinin 10 faizindən çox fərqlənə bilməz. Hər bir işəgötürən üzrə sosial iş yerlərinin sayı həmin işəgötürənin işçilərinin ümumi sayının 20 faizindən, lakin hər 1 işəgötürən üzrə 10 sosial iş yerindən çox ola bilməz.
Sosial iş yerlərinin təşkili zamanı əlilliyi olan şəxslərə, gənclərə, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərə və 1 ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslərə üstünlük verilir. Bu qaydada istifadə olunan anlayışlar "Məşğulluq haqqında" və "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.
Sosial iş yerləri üzrə əməkhaqqının maliyyələşdirilməsi qaydasında deyilir ki, dövlətə və bələdiyyəyə məxsus hüquqi şəxslər istisna olmaqla, son 1 ildə fəaliyyətdə olan, habelə Agentlik tərəfindən əmək bazarının təhlili əsasında müəyyən edilən prioritet iqtisadi sahələr və peşələr (ixtisaslar) üzrə vakansiyası olan və ya yeni vakansiya yaradan hər bir işəgötürən sosial iş yerləri üzrə əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi üçün müraciət edə bilər.
İşəgötürən "Elektron hökumət" və ya "e-sosial" portallarının mövcud autentifikasiya vasitələrindən istifadə etməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Mərkəzləşdirilmiş elektron informasiya sistemi"nin (MEİS) "Məşğulluq" altsistemində bu qaydanın əlavəsinə uyğun olaraq "Sosial iş yerlərində işçilərin əməkhaqlarının maliyyələşdirilməsi üçün Ərizə"ni dolduraraq təsdiq edir.
Müraciət qeydiyyata alındıqdan sonra Agentlik və ya "DOST" mərkəzləri 10 iş günü ərzində həmin işəgötürənin bu qayda ilə müəyyən edilən tələblərə uyğunluğunu araşdırır. İşəgötürən bu qayda ilə müəyyən edilən tələblərə uyğun olduqda Agentlik və ya Mərkəz tərəfindən ona bu barədə elektron bildiriş göndərilir və Agentliklə işəgötürən arasında Ərizədə göstərilən boş (vakant) iş yerləri üzrə işə qəbul ediləcək işçilərin əməkhaqlarının bu qaydada göstərilən işsizlikdən sığorta vəsaiti hesabına ödənilməsinə dair bu qaydanın əlavəsinə uyğun olaraq "Sosial iş yerləri üzrə əməkhaqqının maliyyələşdirilməsinə dair Müqavilə" imzalanır.
İşaxtaran və işsiz şəxsin sosial iş yeri üzrə işə qəbulu onunla əmək müqaviləsinin bağlanılmasına dair bildirişin MEİS-in "Əmək müqaviləsi bildirişi" altsistemində qeydiyyata alınması ilə təsdiqlənir. Sosial iş yerinə qəbul olunmuş işçi ilə işəgötürən arasında əmək müqaviləsi bağlanılarkən Əmək Məcəlləsinə uyğun olmaqla 3 aydan artıq olmamaq şərtilə sınaq müddəti müəyyən edilə bilər. Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər. Bu halda Agentlik və ya Mərkəz tərəfindən həmin iş yeri üzrə yeni göndəriş rəsmiləşdirilir. Yeni işçi təyin edilən zaman həmin iş yeri üzrə əvvəlki işçinin əməkhaqqının maliyyələşdirilməsi dövrü nəzərə alınır.
Müqavilə müddətində (sınaq müddəti müəyyən edildiyi halda sınaq müddəti istisna olmaqla) işçinin əmək müqaviləsinə ublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "a" və "ç" bəndləri istisna olmaqla işəgötürənin təşəbbüsü ilə xitam verilərsə, həmin iş yeri üzrə yeni göndəriş rəsmiləşdirilmir.
Müqavilə müddətində əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verildiyi halda həmin şəxslə 1 il müddətində təkrar əmək müqaviləsi bağlanıla bilməz.
Sosial iş yerləri üzrə əməkhaqqının maliyyələşdirilməsi müddətində qeyd edilir ki, işçinin əməkhaqqının işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilən hissəsi sosial iş yerləri üzrə işçi ilə işəgötürən arasında bağlanılmış əmək müqaviləsinin hüquqi qüvvəyə mindiyi aydan başlayaraq, növbəti ayın 5-dək Müqavilədə nəzərdə tutulmuş müddətdə və məbləğdə Agentlik tərəfindən işəgötürənin hesabına köçürülür.
İşəgötürənlərin sosial iş yerləri üzrə işə qəbul etdikləri işçilər və onlara ödənilən əməkhaqqı barədə məlumatlar Agentlik tərəfindən MEİS-in "Əmək müqaviləsi bildirişi" altsistemi üzərindən yoxlanılır və məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatla üzləşdirilir.
İşəgötürən tərəfindən işsizlikdən sığorta vəsaiti hesabına artıq ödənilmiş əməkhaqları aşkar edildiyi halda, həmin vəsaitin geri qaytarılması işəgötürəndən tələb olunur və bu vəsait geri qaytarılmadıqda həmin işəgötürənlə bağlanılmış Müqaviləyə xitam verilir.
Qərara əsasən, "Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilməsi Qaydası"nın təsdiq edilməsi və "Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 616 nömrəli Qərarı ləğv edilib.