Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mərkəzi Gömrük Hospitalının ürək-damar cərrahı ağır xəstələrin müalicəsində iştirak edir

Mərkəzi Gömrük Hospitalının ürək-damar cərrahı ağır xəstələrin müalicəsində iştirak edir

Tarix: 17 Iyul 2020 12:15

Bakı. Trend:

Ən ağır koronavirus xəstələrinin yerləşdirildiyi Mərkəzi Gömrük Hospitalı ölkəmizdə koronaviruslu xəstələrin müalicəsində ilk dəfə EKMO cihazından istifadə edən tibb müəssisəsidir.

Hospitalda dördüncü xəstənin EKMO cihazına qoşulması və artıq birinci xəstənin həm EKMO cihazından, həm də süni tənəffüs aparatından uğurla ayrılması Hospitalda yüksəkixtisaslı reanimotoloqlar, kardiocərrahlar və perfuzioloqlar komandasının peşəkarlığını əyani surətdə nümayiş etdirir. Bu peşəkar komandada çalışan həkimlərdən biri də ürək-damar cərrahı Kənan Əsədovdur.

Dr. Kənan Əsədov 2005-ci ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini bitirdikdən sonra 2005-2006-cı illərdə həmin universitetdə internatura keçmişdir. O, təhsilini davam etdirərək 2008-2010-cu illərdə Stavropol Tibb Akademiyasında torakal cərrahiyyə üzrə kliniki ordinaturada təhsil almışdır. Dr. Əsədov 2018-ci ildən Mərkəzi Gömrük Hospitalında ürək-damar cərrahı kimi çalışır.

Bu günə qədər Dr. Kənan Əsədovun həyata keçirdiyi mindən artıq mürəkkəb kardiocərrahiyyə əməliyyatları arasında həm miniinvaziv, həm də açıq ürək əməliyyatları olmuşdur. Karyerası dövründə Dr. Əsədov öz həmkarları ilə bir komandada çalışaraq, körpə uşaqlardan başlayaraq müxtəlif ürək qüsurları olan yüzlərlə uşağı əməliyyat edərək sağlam həyatlarına qaytarmış, valideynlərini sevindirmişdir.

Dr. Kənan Əsədov bu gün Mərkəzi Gömrük Hospitalında ən ağır koronavirus xəstələrinin müalicəsinə öz dəstəyini verir. Bir kardiocərrah kimi, Dr. Əsədovun həmin xəstələrin müalicəsində EKMO cihazından istifadəsində rolu əvəzsizdir. O, deyir: “Bizim Hospitala ən ağır COVİD-19 xəstələri qəbul edilir. Ağır vəziyyətdə olan, nəfəs almaqda çətinlik çəkən xəstələrin Mərkəzi Gömrük Hospitalında EKMO cihazına qoşulması belə xəstələrin sağalması üçün bir şansdır. Bu xəstələrə əlimizdən gələn dəstəyi edirik ki, ən ağır xəstələr də belə bu cihaz vasitəsilə həyata qayıtsınlar. Əminəm ki, tezliklə bu COVİD-19 adlı düşmənə qalib gələcək, insanları sağlamlıqlarına qovuşduracağıq”.


Etiketlər:  Mərkəzi Gömrük Hospitalının ürək damar cərrahı ağır xəstələrin müalicəsində iştirak edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ