Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyul 2020 11:04
Bakı. Trend:
Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək.
Trend-in məlumatına görə, müvafiq müddətdə “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” də işlək olacaq.
Bu müddətdə fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində çalışan şəxslərin icaze.e-gov.az portalında 2020-ci il 20 iyul tarixinə qədər aktiv olan icazələrinin müddətinin uzadılması Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən avtomatik olaraq həyata keçiriləcək. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən fəaliyyətinə icazə verilən yeni sahələrdə çalışan vətəndaşlar üçün isə portalda icazə alınmalıdır.
icaze.e-gov.az portalında mövcud icazəsinin statusuna vətəndaşlar “myGov” elektron hökumət portalında baxa bilərlər. Bunun üçün “myGov” portalına daxil olaraq öz şəxsi kabinetində “Məlumatlarım” bölməsini seçmək, açılan pəncərədə “İcazələrin Alınması və Monitorinqi Sistemindən arayış”ın üzərinə sıxaraq icazəyə baxmaq və ya elektron formasını yükləmək lazımdır.
Evdən çıxmaq istədiklərinə dair icazə əldə etmək üçün vətəndaşlar isə əvvəlki qaydada, mobil nömrədən icazənin məqsədini bildirən xüsusi kodu və şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini SMS-lə 8103 qısa nömrəsinə göndərməklə icazə əldə edəcəklər. Yeni Qərara əsasən şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmək üçün aldıqları SMS icazənin müddəti 2 saatdan 3 saatadək artırılıb.
İcazələrin məqsədinə dair isə daha öncə olduğu kimi 2 kodla müraciət etmək mümkündür:
1 nömrəli kod təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədardır. İcazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir. Müalicə prosedurunun müddəti uzanarsa geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir.
2 nömrəli kod ərzaq və digər gündəlik tələbat mallarının, dərman vasitələrinin alınması, dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün nəzərdə tutulub. İcazə 3 saat müddətinə gündə 1 dəfə verilir.
Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, həmçinin Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər icazə kodunu, şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsini 8103 nömrəsinə göndərməklə icazə əldə edə bilərlər.Müvafiq indeks üzrə yaşayış yerini fərdi nəqliyyat vasitəsi ilə tərk etdikdə vətəndaşlara şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi ilə yanaşı, həmin SMS mətninə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını da əlavə etmələri tövsiyə olunur. Bu zaman nəqliyyat vasitəsinin icazəsinin olub-olmaması Daxili İşlər Nazirliyi tərəfindən xüsusi texniki vasitələrlə avtomatik formada yoxlanılacaqdır. SMS mətni nümunədə göstərildiyi şəkildə formalaşdırılmalıdır. İcazə indeksi, boşluq, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, boşluq, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı. SMS mətninin düzgün formalaşdırılması üçün boşluqlardan qeyd olunan şəkildə istifadə etmək mütləqdir. Həmçinin xarici, tranzit, səfirlik və.s dövlət qeydiyyat nişanları olan nəqliyyat vasitələri üçün də eyni qaydada icazə əldə etmək mümkündür.
Yaxın qohumun dəfnində iştirak üçün vətəndaşlar Daxili İşlər Nazirliyinin 102 qaynar xətti ilə əlaqə saxlamalıdırlar.
Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini tərk etmək üçün SMS icazənin alınması tələb olunmur. Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS göndərilmədən yaşayış yerini tərk edirlər.
Daxili İşlər Nazirliyinin əməkdaşlarının yoxlamaları zamanı müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Vətəndaşlar SMS icazə sistemindən istifadə qaydaları və SMS göndərilməsi ilə bağlı yaranan suallarla əlaqədar “ASAN xidmət”in 9108 Çağrı Mərkəzinə müraciət edə bilərlər.
SMS icazə sisteminin yenilənmiş videotəlimatına keçid: https://youtu.be/Gc-9cINXWCw