Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

PA-nın şöbə müdiri Ədalət Vəliyev Ümid Partiyasının sədri İqbal Ağazadə ilə görüşüb

PA-nın şöbə müdiri Ədalət Vəliyev Ümid Partiyasının sədri İqbal Ağazadə ilə görüşüb

Tarix: 21 Iyul 2020 15:27

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə iqtidar-müxalifət dialoqu davam etdirilir, yeni siyasi konfiqurasiyanın formalaşmasında müxalifət partiyaları yaxından iştirak edirlər.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu məqsədlə növbəti görüş Ümid Partiyasının sədri ilə keçirilib. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev üçüncü dəfə İqbal Ağazadə ilə görüşüb. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi, Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribat, COVİD-19 pandemiyası dövründə siyasi partiyaların fəaliyyəti, eləcə də yoluxma sayının azalması, karantin rejiminin tətbiqi ilə əlaqədar dövlətin gördüyü işlər, VI çağırış Milli Məclisin formalaşmasında müxalifət partiyaların iştirakı, ölkədə korrupsiyaya qarşı aparılan mübarizə, Siyasi partiyalar haqqında Qanun, partiyaların Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatlarının təqdim etməsi mövzuları müzakirə edilib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi ətrafında fikir mübadiləsi aparılaraq bildirilib ki, ötən əsrin 90-cı illərində ölkədə baş vermiş siyasi xərc-mərclik, xaos nəticəsində ermənilər yenidən Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etmiş və işğal siyasəti nəticəsində ölkəmizin 20% ərazisi Ermənistan Silahlı Qüvvələrinin nəzarətinə keçib. Azərbaycanda 1 milyondan çox qaçqın və məcburi köçkün problemi yaranıb. ATƏT-in Minsk qrupu problemin sülh yolu ilə həll edilməsi istiqamətində öz fəaliyyətini uğurlu qura bilməyib və 30 ilə yaxın davam edən münaqişə müxtəlif vaxtlarda hərbi təxribatlarla nəticələnib. 2016-ci ilin aprel döyüşlərində ordumuzun şücaəti nəticəsində işğalda olan ərazilərimizin bir hissəsi azad edilib. Ermənilərin növbəti hərbi təxribatı iyulun 12-də Tovuz istiqamətində törədilib. Ağır artilleriyadan istifadə edərək düşmən mövqelərimizi və mülki əhalini atəşə tutub. Nəticədə ordumuzun ali və yüksək rütbəli zabitləri şəhid olublar. Ə.Vəliyev və İ.Ağazadə şəhid olmuş bütün vətən övladlarına Allahdan rəhmət diləyib, ailələrinə və yaxınlarına səbr söyləmiş, yaralılara isə Allahdan şəfa istəyiblər.

Baş vermiş hərbi təxribat fonunda, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların milli həmrəyliyi, dövlətçiliyimizin, ərazi bütövlüyümüzün qorunmasında mövqeləri yüksək dəyərləndirilib. 43 siyasi partiyanın birgə bəyanatı, 4 siyasi partiyanın isə ayrılıqda, ümumilikdə 47 siyasi partiyanın Ali Baş Komandan ətrafında birləşməsi ölkədə sağlam iqtidar-müxalifət münasibətlərinin formalaşmasının nümunəsidir.

Ədalət Vəliyev bildirmişdir ki, ölkə rəhbərliyinin tapşırığı ilə indiyə qədər görülmüş işlər nəticəsində, ölkədə yeni siyasi mədəniyyətin təşəkkülü fonunda 45 dövlət qeydiyyatına alınmış siyasi partiya rəhbərləri ilə, tanınmış politoloq və ictimai-siyasi fəallarla və dövlət qeydiyyatına alınmamış bir neçə partiya sədrləri ilə görüşlər keçirilib. Bir sıra şəxslərlə isə 2-3 və daha artıq olmuş görüşlərdə sağlam iqtidar-müxalifət münasibətlərin qurulması, yeni siyasi konfiqurasiyanın əsasları müzakirə edilib. Bundan əlavə, şöbənin fəaliyyət istiqamətlərindən biri olan Milli Məclislə bağlı bir sıra yeniliklər olub. Parlamentdə təmsil olunan 8 müxalif partiyaların nümayəndələri Milli Məclisin rəhbər orqanlarında təmsil olunub, onlar arasında konstruktiv əməkdaşlıq qurulmuş və bu işlər nəticəsində cari ilin iyulun 7-də Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri arasında video müşavirə keçirilib. Bu müşavirə çox uğurlu alınmış və gələcəkdə digər siyasi partiyaların iştirakı ilə bu tip müşavirələrin keçirilməsi məqsədəuyğun hesab edilib.

Görüşdə bütün dünyanı narahat edən COVİD-19 pandemiyası müzakirə edilib. Qeyd olunub ki, ölkəmizdə qəbul edilmiş qərarlar nəticəsində koronovirusa yoluxma sayı mümkün qədər minimal səviyyədə saxlanılıb. Bundan əlavə, dövlət başçısının göstərişi ilə yeni modul tipli xəstəxanaların tikintisi, zəruri tibbi avadanlıqların ölkəmizə gətirilməsi, tibbi maska və dezinfeksiya vasitələrinin istehsalı ilə məşğul olan müəssisənin tikintisi, xaricdən həkim-mütəxəssislərin ölkəmizə dəvət edilməsi pandemiya ilə mübarizəyə müsbət təsir göstərib.

Ölkəmizdə aparılan iqtisadi, siyasi islahatlar fonunda Dövlət başçısının qətiyyətli mövqeyi ilə korrupsiya hallarının aradan qaldırılması istiqamətində görülən işlər yüksək qiymətləndirilib. Vurğulanıb ki, icra başçılarının həbsi, bir sıra mərkəzi icra orqanlarında korrupsiya hallarına qarşı əməliyyat tədbirləri ölkəmizin sağlam təməllər üzərində inkişaf etdirilməsinə dəstəkdir.

Daha sonra görüşdə siyasi partiyaların fəaliyyəti haqqında fikir mübadiləsi aparılıb. İ.Ağazadə qeyd etmişdir ki, partiyası qanunvericiliyin tələblərinə uyğun olaraq hər il Mərkəzi Seçki Komissiyasına hesabatlar təqdim edir. Bundan əlavə, pandemiya dövründə Ümid Partiyasının növbəti Qurultayının keçirilməsi aktual məsələlərdən biridir və bu istiqamətdə müəyyən işlər görülür. "Siyasi partiyalar haqqında" Qanunun yenidən hazırlanması isə siyasi konfiqurasiyanın inkişafına, iqtidar-müxalifət arasında dialoqun uğurla davam etdirilməsinə müsbət təsir göstərə bilər.

Sonda İ.Ağazadə qəbula görə təşəkkür etmişdir və bir daha Ümid Partiyasının dövlətçiliyimizin, ərazi bütövlüyümüzün qorunması, iqtidar-müxalifət arasında dialoqun və yeni siyasi konfiqurasiyanın inkişafında hər zaman dəstək olacağını qeyd edib.


Etiketlər:  nın şöbə müdiri Ədalət Vəliyev Ümid Partiyasının sədri İqbal Ağazadə ilə görüşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ