Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Son paylaşdığı Alim Qasımovun ''Xatirədir” mahnısıydı...'' - Şəhidin qızı

''Son paylaşdığı Alim Qasımovun ''Xatirədir” mahnısıydı...'' - Şəhidin qızı

Tarix: 21 Iyul 2020 17:12

Hərbçi həyatının necə çətin olduğunu şəhid polkovnik İlqar əmimdən bilirdim. Bir yerdə böyüdüyüm övladları Elvin və Gülnarə ilə hər bayramda, özəl günlərdə gözümüz qapıya zillənər, onun yolunu gözləyərdik, dəqiq vaxtı, günü bilməzdik... Həmişə heç olmazsa xüsusi günləri bir arada keçirməyi arzulayardıq. Xidmətdən qayıdanda birgə keçirə bilmədiyimiz doğum gününü qeyd edəcəkdik İlqar əminin, nə planlar qurmuşduq...

Elə tarixi hadisələr də var ki, illər ötüb nəsillər bir-birini əvəz etsə də, həmin hadisələrdə öz qanı ilə dastan yazan qəhrəmanlarımız, torpaq uğrunda canından keçən igid oğul və qızlarımız heç vaxt unudulmur. Bu şanlı tarixin səhifələrinə adını qızıl hərflərlə yazdıran qəhrəmanlardan biri də İlqar Mirzəyev oldu.

1973-cü il mayın 8-də Gürcüstanın Qardabani rayonunda anadan olmuş polkovnik İlqar Mirzəyev 2020-ci il iyulun 14-də Tovuz istiqamətində gedən şiddətli döyüşlər zamanı canını bu vüqarlı dağlara təslim edib, yaxın dostu general-mayor Polad Həşimov və 5 hərbi qulluqçu ilə gözlərini birdəfəlik yumdu.

Şəhidlik zirvəsinə yüksələn qəhrəman döyüşçülərimiz milyonlarla insanın ürəyini fəth etdilər. Sağlığında yetirmələrinin Vətənə layiq əsgər kimi yetişməsində müstəsna rolu olan İlqar Mirzəyev iki övladına istədiyi qədər vaxt ayıra bilməsə də, oğlu ilə qızı onun çiyinlərinə necə bir yük götürdüyünü bilirdi. Onlar anlayırdılar ki, atalarına ali bir missiya, Vətən torpağını qorumaq görəvi tapşırılmışdı. Buna görə də heç vaxt ondan inciməzdilər, əksinə həmişə hərbçi ataları ilə fəxr edirdilər.

İlqar Mirzəyevin qızı Gülnarə Mirzəyevanın sözlərinə görə, vaxt məhdudluğuna rəğmən atası həmişə onların təhsilinə diqqət yetirirmiş: "Atam bizi həmişə əzizləyirdi, vaxt tapan kimi kitab oxuyur, bizə də bədii ədəbiyyatın vacibliyini təlqin edirdi, xarici ədəbiyyata böyük maraq göstərirdi. Son illərdə alman dilini öyrənməyə başlamışdı və artıq B1 səviyyəsinə qədər çatmışdı. Dilləri öyrənməkdən əlavə, öz ixtisası üzrə hərbi kitablar oxumağı xoşlayırdı.

Dincələndə musiqiyə, ən çox retro mahnılarına üstünlük verirdi. Sosial şəbəkədə son paylaşdığı mahnı isə Alim Qasımovun "Xatirədir" mahnısıydı".

Sonuncu dəfə evdən çıxarkən başqa cür qayıdacağını ailəsinə hiss etdirmişdi İlqar Mirzəyev... Qızı Gülnarə Mirzəyeva deyir ki, həmişə ona "anam" deyə müraciət edirmiş: "Atamın ən böyük arzusu mənim iqtisadçı olmağım idi. Mən də onun arzusunu reallaşdıracam, gələcəkdə siyasətçi və iqtisadçı olmağı planlaşdırıram. Qardaşımla əllərimizi eyni anda tutub deyirdi ki, siz mənim qürur mənbəyimsiniz, mən sizlərlə fəxr edirəm. Mən də atamın qanını yerdə qoymayacağıma söz verirəm və tezliklə Qarabağın geri qaytarılmasını istəyirəm".

İlqar Mirzəyevin 25 illik dostu Mürşüd Babayev yaxın münasibətlərinin hərbi məktəbdən başladığını xatırlayır: "Sonralar yenə eyni hərbi hissədə xidmət etdik. O, 2000-ci ildə hərbi xidmətdə fərqlənərək, bir çox uğura imza atmışdı. Komandir kimi diviziya birincisi olduqdan sonra ona vaxtından əvvəl mayor rütbəsi verildi. İlqar əsgərlərinə qarşı daim tələbkar, bir o qədər də qayğıkeş idi. 2016-cı ilin Aprel döyüşlərində Polad Həşimovla birlikdə çiyin-çiyinə vuruşmuşdu, hər ikisi məhz o döyüşlərdə ölümlə qarşı-qarşıya qaldıqlarını danışırdılar. Orada heç bir itki vermədən böyük qələbə qazanmışdılar.

İlqar Mirzəyevin qəlbində həmişə müqəddəs bir hiss - Vətənə olan məhəbbət yaşayırdı. Vətən sevgisi insanın qəlbinə hakim kəsilən, özündən asılı olmadan yaranan bir ümmandır. Hər bir kəs bu dünyaya göz açdığı anda ilk olaraq anasını görürsə, ilk qədəmlərini Vətən torpağında atır və torpaq sevgisinin hərarətini də bu zaman duyur. İlqar Mirzəyev Qarabağın ermənilərin əsarəti altında olması ilə barışa bilmirdi, tez bir zamanda o torpaqların qayıtmasını arzulayırdı".

Biz də gənc nəsil kimi İlqar Mirzəyevin timsalında canını Vətən yolunda fəda edən qəhrəman şəhidlərimizin qisasının alınacağını, arzularının çin olacağını diləyirik. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla mübarizə aparıb ən uca zirvəyə - şəhidlik məqamına ucalan hərbçilərimizinin adına məktəblər, küçələr, prospektlər verilməklə əbədiləşəcəyinə inanırıq.

İlqar Mirzəyev öz arzusuna çatdı və uca yaradanın, Vətənin, millətin yolunda şüurlu surətdə canını fəda etdi, sağlığında da, şəhadətindən sonra da hörmətə anıldı. Hər bir Azərbaycan vətəndaşı öz qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolunu özünə örnək götürməlidir.

Elmin Altay


Etiketlər:  paylaşdığı Alim Qasımovun Xatirədir mahnısıydı Şəhidin qızı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ