Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Püşkdə bəxtimiz gətirmədi" - Rahid Əmirquliyev

Tarix: 20 Iyun 2019 11:40

"Səbail"in kapitanı Rahid Əmirquliyev Qol.az-a müsahibə verib. Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibləri "Universitatya" klubunu dəyərləndirən təcrübəli yarımmüdafiəçi püşkdə bəxtlərinin gətirmədiyini bildirib.

- Avroliqanın 1-ci təsnifat mərhələsində Rumıniya təmsilçisi "Universitatya" ilə qarşılaşacaqsınız. Kapitan kimi püşkü necə dəyərləndirərdin?

- Bizə çox çətin rəqib düşdü. "Universitatya" yaxşı komandadır. Səbətdə olan rəqiblərin ən yaxşılarından biridir. Ona görə də qarşıda bizi ağır oyunlar gözləyir. Yaxşı hazırlaşmaq lazımdır. Çətin olacaq, amma ümidimiz də var. Yaxşı hazırlaşıb, mərhələni keçməyə çalışacağıq.

- Yəni deyirsən ki, bəxtiniz gətirmədi...

- Bəli. Çünki orada asan rəqiblər də var idi. Onlarla düşsəydik, daha yaxşı olardı. Həqiqətən bəxtimizə güclü rəqib düşdü. Yəqin, qismətimizdə onlar imiş.

- Əvvəlcədən sizə rəqib olmasını istədiyiniz hər hansı komanda var idi?

- Konkret olaraq, "filan rəqiblə oynayaq" deyə bir şey düşünmürdük. Ancaq yenə deyirəm, səbətdə zəif rəqiblər var idi. Onlarla düşsəydik, bir az rahat olardı.

- Rumıniya klubunun "Səbail"ə rəqib olduğunu biləndə ilk olaraq, nə düşündün?

- Ağlıma gələn ilk fikir o oldu ki, bəxtimiz gətirmədi. Çünki nisbətən zəif komanda ilə də düşə bilərdik.

- İlk oyun Bakıda olacaq. Səncə, bunu üstünlük saymaq olar?

- Mən elə düşünürəm ki, bu amil elə də rol oynamır. İlk matçın evdə və ya səfərdə olmasının fərqi yoxdur. Onsuz da həm orada, həm də burada oynamalıyıq. Amma ilk oyun evdə olduğu üçün yaxşı hazırlaşıb, sərfəli nəticə qazanmalıyıq.

- Necə düşünürsən, "Universitatya"nı keçmək üçün hazırkı heyətiniz kifayət edir, yoxsa komanda daha da güclənməlidir?

- Bizim yaxşı heyətimiz var. Yeni legionerlər də qoşulub. Yaxşı komanda yığılıb. Amma siz demişkən, bu heyət kifayət edəcək, ya yox, bunu zaman göstərəcək. Komandamıza güvənirəm.

Elnur SALAHOV

 


Etiketlər:  Püşkdə bəxtimiz gətirmədi Rahid Əmirquliyev


RƏYLƏR