Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan bizə etnik savaş elan edib

Ermənistan bizə etnik savaş elan edib

Tarix: 24 Iyul 2020 11:30

ABŞ-ın Los-Anceles şəhərində və Belçikanın paytaxtı Brüsseldə hücumlara məruz qalan, döyülən, söyülən, təhqir olunan, daha konkret desək, terrora məruz qalan soydaşlarımızın fotoşəkilləri, videogörüntüləri sosial şəbəkələrdə yayılıb.

Çox ciddi narahatlıq doğuran, acınacaqlı və acı mənzərədir.

Biz qüdrətli, böyük və güclü xalqıq. Düşünməyin ki, 10 milyonuq. Yox, 60 milyonluq azərbaycanlılarıq. Bu səbəbdən Ermənistan və ermənilər əsla bizə qalib gələ bilməzlər.

Dağlıq Qarabağ münaqişəsinə, işğal edilmiş ərazilərimizə gəldikdə isə, bilməli olduğumuz çox sadə məqam var: ərazilərimizi Ermənistan öz gücünə yox, Güclərdən güc alaraq işğal edib. Üstəlik, içdəki xəyanətkarlar.

Son hadisələrdə də erməni təxribatına uymamalıyıq.

Ermənilərin də istədikləri odur ki, müxtəlif ölkələrdə, müxtəlif şəhərlərdə toqquşmalar olsun, onlar da videoları və fotoları çəkib yaysınlar.

Soydaşlarımızın döyülmələrini, onların terrora məruz qalmalarını dünyanın heç bir populyar telekanalı, xəbər saytı vermədi.

Amma əmin olun ki, erməninin burnu qanayan kimi bütün Qərbdə və Rusiyada bütün TV-lər yayacaqlar, Azərbaycanı və azərbaycanlıları vəhşilikdə, barbarlıqda suçlayacaqlar.

Hədəfimiz soydaşlarımıza qarşı vəhşilik törədən ermənilər olmalıdır. Onları döymək, öldürmək əsla çıxış yolu deyil.

Çıxış yolu həmin şəxslərin qanun qarşısında cavab verməsinin, ədalət məhkəməsinə cəlb olunmasının təminatıdır.

Ermənilər birdəfəlik anlamalıdır ki, azərbaycanlıya qaldırılan əl kəsiləcək.

Hər əməlin hesabı verilməlidir. Ən sərt, ən ağır şəkildə.

Unutmayaq ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatın qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alındı. Ordumuz bir daha hansı gücə, qüdrətə malik olduğunu işğalçı dövlətə, eyni zamanda, ona havadarlıq edən dairələrə nümayiş etdirdi. Azərbaycan Ordusuna dəstək adı altında istər ölkə daxilində, istərsə də dünya ölkələrində keçirilən tədbirlər birliyimizin, həmrəyliyimizin, vətənpərvərliyimizin təqdimatında bir daha əhəmiyyətli rol oynadı.

Heyhat ki, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün qarşısı qətiyyətlə alındıqdan sonra dünyanın müxtəlif yerlərində, o cümlədən ABŞ-da radikal erməni ekstremistlərinin diplomatik missiyalarımız da daxil olmaqla həmvətənlərimizə qarşı müxtəlif kriminal yönümlü zorakı fəaliyyətləri artıb. Soydaşlarımız dünyanın müxtəlif ölkələrində aksiyalar keçirir, dövlətimizin dəyişməz, tarixi faktlara əsaslanan, beynəlxalq hüququn norma və prinsiplərinə söykənən mövqeyini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırır, erməni yalanları əsaslı şəkildə ifşa olunur, ən əsası dünyanın yaşadığı hüquq probleminin yaratdığı çətinliklərə diqqət yönəldilir.

Bu gün güclü, qüdrətli Azərbaycan harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarının qürur mənbəyidir.

Bu gün dünyanın əksər ölkələrində Azərbaycan diaspor təşkilatlarının təşkilatçılığı ilə keçirilən yürüşlər də həqiqətlərimizin təbliğinə xidmət edən addımlar sırasındandır. Erməni radikal dairələri həmin aksiyalar zamanı dinc azərbaycanlı etirazçılara vəhşicəsinə hücum edir, bəzi həmvətənlərimiz zorakılığa məruz qalırlar. Nəticədə, bir neçə həmvətənimiz ciddi bədən xəsarətləri alıb. Bu təxribatlara dünyanın göz yumması diqqətdən kənarda qala bilməz. Artıq bu kimi olaylar bir daha onu göstərir ki, erməni vəhşiliklərinə, vandalizminə görə Ermənistana heç bir sanksiyanın tətbiq olunmaması onların bu çirkin əməllərinin coğrafiyasını daha da genişləndirmələrinə stimul verir.

Soydaşlarımızın öz torpaqlarının erməni işğalından azad edilməsini tələb etməsi onların beynəlxalq hüquqla tanınan haqlarıdır. Bunu dinc etiraz və asayişin qorunması çərçivəsində təşkil etmələri də yaşadıqları ölkələrin qanunlarına hörməti və ona riayət etmələridir. Yəni bu, tamamilə hüquqa və özünüifadə azadlığına əsaslanan sivil kütləvi etiraz formasıdır. Ermənilərin isə bu cür dinc və hüquqi aksiyalar zamanı azərbaycanlılara hücumlar etməsi əsl zorakılıq, vandalizm və barbarlıqdır. Ancaq işğalçı Ermənistan dövlət sərhədində törətdiyi təxribat zamanı Azərbaycan ordusu və xalqı tərfindən aldığı layiqli cavabı beynəlxalq təşkilatlar və vandalizm hərəkətləri etdikləri ölkələrin hüquq sistemi tərəfindən də almalıdır. 

Ermənistanın bir qayda olaraq döyüş meydanında daim məğlub olması sonrakı dövrlərdə belə təxribatların baş verməsi ilə müşayiət edilir. Bu gün ictimaiyyətdə maraq və sual doğuran məqamlardan biri də Avropadakı tural sadıqlıların, qənimət zahidlərin, ABŞ-dakı sevinc osmanqızıların, cəmil həsənlilərin susmasıdır. Avropada, ABŞ-da həmvətənlərimizə qarşı qeyri-insani hərəkətlər edilir, amma "düşmən dəyirmanına su tökən" bu antimilli ünsürlər seyrçi mövqedə dayanmağa daha çox üstünlük verirlər: Budur onların "Vətən təəssübkeşlikləri". Təbii ki, vətəndaşlıq təəssübkeşliyi olmayan şəxsin dövlətçilik maraqlarının qorunmasından danışması qeyri-mümkündür. Ermənlərlə, ermənipərəst qüvvələrlə işbirliyində olan belələri soydaşlarımıza qarşı bu təxribatlara sanki sevinirlər. Bu gün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlıları birlik, həmrəylik nümayiş etdirdikləri halda, "sapı özümüzdən olan baltalar"ın, xarici dairələrin əlində bir alətə çevrilib onların maraqlarının ifadəsinə çevrilən bədxahların əsl siması, çirkin niyyətləri özünü daha qabarıq şəkildə büruzə verir. Dövlətin, xalqın maraqlarını bir kənara qoyub öz şəxsi ambisiyalarının quluna çevrilən antimilli ünsürlərdən Vətən, dövlət, xalq naminə hansısa addımı gözləmək sadəlövhlükdən başqa bir şey deyil.

Dünyada ikili standartların tətbiq edildiyi, Azərbaycanın öz ərazi bütövlüyünü tələb etdiyinə görə haqsızlıqlarla qarşılaşdığı bir şəraitdə soydaşlarımızın dinc aksiya keçirdiyi üçün məruz qaldığı terrorun da səbəbi aydındır. Bakının iradəsini sındırmaq, Qarabağ məsələsində onu milli maraqlara zidd qərara məcbur etmək. Unudulmamalıdır ki, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız məhz Ermənistanın Azərbaycana Tovuz istiqamətində bu yaxınlarda etdiyi basqından sonra ölkəmizə, bayrağımıza, Ali Baş komandanımıza və ordumuza dəstək vermək üçün ayağa qalxmışdı. Baş verən vəhşiliklər məhz bu barışmazlıqla, güzəştə getməyəcəyimizlə, milli birliyimizlə bağlıdır. Brüsseldə basqın Belçikadakı səfirliyimizə, deməli, beynəlxalq qanunlara görə, Azərbaycanın ərazisi sayılan bir ünvana, birbaşa ölkəmizə edilib. Bu, müstəqil dövlətin ərazi bütövlüyünə qəsd sayılmalıdır.


Etiketlər:  Ermənistan bizə etnik savaş elan edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ