Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyul 2020 13:50
"Yüksəliş" müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. Hazırda əyani mərhələnin videomüsahibə turu yekunlaşıb. Əyani mərhələyə buraxılan 976 iştirakçıdan 940-ı bu turu uğurla başa vurub.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, müsabiqənin Təşkilat Komitəsinin yaradılması və İşçi qrupunun müəyyən edilməsi prosesi bitdikdən sonra 2019-cu il dekabrın 27-də müsabiqənin qeydiyyat mərhələsinə başlanılıb və bu proses 2 fevral 2020-ci ildə yekunlaşıb. Ümumilikdə 11760 nəfər qeydiyyat üçün müraciət edib və onlardan 9775 nəfər müsabiqəyə qəbul edilib. Müsabiqənin onlayn mərhələsində ümumi biliklər və qabiliyyət imtahanı olmaq üzrə 2 fərqli imtahan təşkil edilib. Fevralın 16-da keçirilən ümumi biliklər üzrə imtahanda 7701 nəfər iştirak edib. Onlayn mərhələnin qabiliyyət imtahanı isə martın 1-də keçirilib. İmtahanda 7059 namizəd iştirak edib.
Mövcud pandemiya şəraiti "Yüksəliş" müsabiqəsinin gedişatına da təsir edib. Belə ki, Təşkilat Komitəsi tərəfindən müəyyən olunmuş qaydalara əsasən, əyani mərhələnin növbəti turu olan əsas imtahana 940 namizəd eyni vaxtda, eyni məkanda qatılmalı idi. Təbii ki, müsabiqənin İşçi qrupu karantin rejiminin tələblərinə uyğun addım ataraq, imtahanı təxirə salıb. Əyani mərhələnin əsas məqsədlərindən biri həm də iştirakçılarla yaxından tanış olmaqdır. Ona görə də İşçi qrupu bu mərhələni onlayn platformada təşkil etməyi hələlik nəzərdə tutmur. Növbəti imtahan və mərhələlərin həyata keçirilməsi ölkədəki cari vəziyyətə uyğun tənzimlənəcək və hazırda bu istiqamətdə müzakirələr aparılır. Müsabiqənin növbəti mərhələləri ilə bağlı yeni atılacaq addımlar müəyyən olunduğu halda, hər bir iştirakçıya məlumat veriləcək. Əyani mərhələ yekunlaşdıqdan sonra müsabiqənin yarımfinal və final mərhələləri keçiriləcək.
Xatırladaq ki, "Yüksəliş" müsabiqəsi 21-51 yaş aralığında, 2 illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir.