Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyul 2020 22:06
Azərbaycan Milli Elmlər Akademiyasının Biofizika İnstitutunun Ekoloji biofizika laboratoriyasının müdiri, biologiya elmləri doktoru, professor Tokay Hüseynov Bakı şəhər Baş Səhiyyə İdarəsində məruzə edib.
Akademiyadan Sonxeber.net-a bildirilib ki, məruzə selenin COVID-19, Ebola və digər RNT virus infeksiyalarının genomuna daxil olan HIV/AIDS-in inkişafına və patogenliyinə təsirinə dair araşdırmalara həsr olunub.
Tokay Hüseynov məruzəsində elmi cəhətdən sübut olunmuş tədqiqatlara əsaslanaraq qeyd edib ki, kimyəvi elementlərdən biri olan selenin (Se) insan qidasında çatışmazlığı dövrümüzün ən çox yayılan virus xəstəliklərinin inkişafına səbəb ola bilər. O, Hantavirus, Koksaki, quş qripi, Ebola və digər təhlükəli virus xəstəliklərinin COVID-19-a bənzər simptomlara malik olduğunu deyib.
Məruzəçi vurğulayıb ki, bir çox ölkələrdə, o cümlədən Azərbaycanda artmaqda olan selen çatışmazlığı birbaşa olaraq insan fəaliyyəti ilə əlaqəli ekoloji vəziyyətin ciddi şəkildə pisləşməsi nəticəsində yaranır.
Professorun sözlərinə görə, selenin dərman kimi istifadə edilməsi (əsasən natrium selenit şəklində) xəstələrin vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına, hətta tam sağalmasına (Koksaki virusu - Keşan əyaləti, Çin) səbəb olub. Selen çatışmazlığından əziyyət çəkən bir çox ölkələrdə vəziyyətin normallaşmasını təmin etmək istiqamətində qanunvericilik səviyyəsində dövlət proqramları qəbul edilib.
COVID-19-un tənəffüs xəstəliklərindən daha çox damar xəstəliyi olduğunu söyləyən məruzəçi virusun faciəvi nəticələrinin əsasən qanın laxtalanması ilə əlaqədar olduğunu, natrium selenitin isə antitrombotik xüsusiyyətlərə malik və tromboksanın yaranmasına mane olduğunu vurğulayıb.
Alimin sözlərinə görə, COVID-19 virusuna yoluxma zamanı iflicin inkişafı ilə birbaşa əlaqəli olan trombopeniyanın baş verdiyi də aşkar edilib: "Bütün bunlar koronavirusa qarşı həssaslığın və onun ağırlaşmalarının selenin orqanizmə qəbul dərəcəsindən asılı olduğunu göstərir. Natrium selenit bu xəstəliyin müalicəsində təsirli ola bilər".