Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyul 2020 22:36
İyulun 29-da Yeni Azərbaycan Partiyasının İcra Katibliyində "İnformasiya resurslarında milli maraqlarımızın təmin edilməsi" mövzusunda videokonfrans keçirilib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, videokonfransın moderatoru Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu Azərbaycanın uzun illərdir müharibə şəraitində yaşadığını və torpaqlarımız işğaldan azad edilənə qədər də bu vəziyyətin davam edəcəyini bildirib. Ancaq hazırkı tarixi mərhələdə müharibə təkcə hərbi müstəvidə deyil, paralel olaraq bir neçə istiqamətdə aparılır. İyulun 12-də Azərbaycan- Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində işğalçı erməni ordusunun törətdiyi təxribat və ondan sonra yaşananlar bir daha onu göstərdi ki, hərbi, siyasi, diplomatik, ideoloji, psixoloji müstəvidə aparılan müharibə, həm də informasiya müstəvisində aparılır. İnformasiya silahı ilə aparılan müharibə olduqca ciddi qəbul edilməlidir.
Son dövrlərdə internet resurslarında, sosial şəbəkələrdə aparılan informasiya müharibəsinin bu resursların yumşaq güc vasitəsi kimi əhəmiyyətini bir daha ortaya çıxardığını bildirən Hikmət Babaoğlu deyib: "İnternet resurslarına, informasiyaya institusional forma verilməklə onu xüsusi mexanizmə çevirir, manipulyasiya edir, subliminal mesaj ötürücüsünə çevirirlər. Düşmən tərəfi bizə qarşı mübarizədə bunların hamısından istifadə etdi. Biz bu prosesdə güclü və zəif tərəflərimizi gördük. Güclü tərəfimiz Milli Ordumuz, milli həmrəyliyimiz, Ali Baş Komandanımızın ətrafında sıx birləşməklə səfərbərliyə hazır olmağımız, dünyanın ən müxtəlif ölkələrində təşkilatlanma bacarığımız və beynəlxalq hüquq müstəvisində haqqımızı sivil yolla tələb edə bilməyimiz idi. Amma təəssüflə qeyd etməliyik ki, içərimizdə hələ də bəzi radikalların dağıdıcı fəaliyyətlə məşğul ola bilmələri, elə bizdən olan ayrı-ayrı fərdlərin sosial şəbəkələr və sosial media üzərindən milli birliyimizə kölgə salmaq cəhdləri var. Eyni zamanda, erməni terroru ilə dünyanın müxtəlif ölkələrində yenidən üz-üzə gəldik və bu prosesdə yenə də bəzi beynəlxalq təşkilatlar və insan hüquq müdafiəçiləri susdular".
Milli Məclisin deputatı diqqətə çatdırıb ki, belə bir məqamda Birinci vitse-prezident Mehriban Əliyevanın müraciəti, sadəcə, müraciət deyil, həm də bir çağırış və milli fəaliyyət proqramıdır. Burada önə çıxan əsas istiqamətlər bizim informasiya platformamızdakı mübarizəmizdə əsl istiqamətverici tezislərdir.
Videokonfransda çıxış edən YAP-ın Sosial Media Qrupunun rəhbəri Ramil Vəlibəyov sosial şəbəkələrin real mənzərəsi haqqında məlumat verib. O qeyd edib ki, xaricdə məskunlaşmış bəzi azərbaycanlılar anti-Azərbaycan mərkəzlərlə və erməni lobbisi ilə sinxron fəaliyyət göstərirlər.
Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev çıxışında bildirib ki, sosial şəbəkələr və milli maraqlar daim aktual mövzulardır. Ermənilərin təxribatından sonra xalqımız, cəmiyyətimiz çox güclü həmrəylik nümayiş etdirdi. A.Quliyev bu günlərdə Azərbaycan diasporunun da fəaliyyətini təqdir edib.
Baş verən son proseslərlə əlaqədar Birinci vitse-prezident Mehriban Əliyevanın həmvətənlərimizə müraciətinin əhəmiyyətini vurğulayan A.Quliyev bildirib ki, Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edərək, onların erməni təxribatlarına münasibət bildirmələrinin vacibliyini diqqətə çatdırıblar. Bu baxımdan, özünü insan haqlarının müdafiə təşkilatı kimi təqdim edən "Freedom House", "Amnesty International" və "Human Rights Watch" törədilmiş hadisələrə ədalətli qiymət verməlidir.
Milli Məclisin deputatı Nizami Səfərov qeyd edib ki, Ermənistanla Azərbaycan arasında mövcud olan problem qlobal xarakter daşıyır. Ermənilər tarixən azərbaycanlılara qarşı məkrli siyasət həyata keçirib və bunun nəticəsində torpaqlarımız işğal edilib, xalqımız soyqırımına məruz qalıb.
Deputat qeyd edib ki, hazırkı dövrdə sosial şəbəkələr informasiya müharibəsində böyük təsir imkanlarına malikdir. Burada hər bir vətəndaş milli maraqlarımızı ciddi şəkildə qorumalıdır. Diqqətə çatdırılıb ki, 2004-cü ildə qəbul olunmuş "Milli təhlükəsizlik haqqında" Qanunda milli maraqlarımızın qorunması məsələsi öz əksini tapır.
Hazırda sosial şəbəkələrdə müəyyən dairələr tərəfindən dövlətimizə qarşı kampaniyaların aparıldığını, ictimai rəyi çaşdırmağa yönəlmiş məlumatların yayıldığını deyən N.Səfərov qeyd edib ki, bu halların qarşısının alınması üçün sosial şəbəkələrin fəaliyyəti qanunla tənzimlənməlidir. O, bu istiqamətdə beynəlxalq təcrübənin olduğunu diqqətə çatdırıb və Sinqapurla Almaniyanın qanunvericilik təcrübəsindən danışıb.
Tədbirdə, həmçinin Milli Məclisin deputatları Nigar Arpadarai, Razi Nurullayev, Fatma Yıldırım, Ramin Məmmədov, Jalə Əhmədova, sosial media üzrə ekspert Vüsal Məmmədov və "Səs" Media Qrupunun rəhbəri Bəhruz Quliyev çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Azərbaycan Ordusunun Ermənistanın növbəti hərbi təxribatının qarşısını qətiyyətlə alması xalqımızda ruh yüksəkliyini daha da artırıb, cəmiyyətimiz ordumuz, dövlətimiz və Ali Baş Komandan, Prezident İlham Əliyevlə həmrəyliyini mütəşəkkil şəkildə nümayiş etdirib. Natiqlər, həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın həmvətənlərimizə müraciətinin önəmini qeyd ediblər.
Bildirilib ki, xarici ölkələrdə Azərbaycan diasporu fəallıq göstərərək erməni təxribatına etiraz etmək üçün dinc aksiyalar keçirir. Amma ermənilər öz xislətinə sadiq qalaraq həmin aksiyaları pozmaq məqsədilə təxribatlara əl atırlar. Eləcə də müəyyən dairələr sosial şəbəkələr vasitəsilə milli maraqlarımıza zidd kampaniya aparırlar. Çıxışlarda, eyni zamanda, diaspor fəaliyyətinin gücləndirilməsi, eləcə də sosial şəbəkələrin fəaliyyəti ilə bağlı təkliflər səsləndirilib. Sosial şəbəkələrin fəaliyyətinin qanunla tənzimlənməsinin günün ən aktual məsələlərindən biri olduğu vurğulanıb.