Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Avqust 2020 16:33
Bakı. İlhamə İsabalayeva - Trend:
2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul olmaq istəyən subbakalavrlar qabiliyyət imtahanlarında iştirak etmək üçün 12 - 21 avqust 2020-ci il tarixlərində verilən link ( http://eservices.dim.gov.az/erizebak/qabiliyyet ) vasitəsilə qeydiyyatdan keçməlidirlər.
Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, subbakalavrlar qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçərkən aldıqları orta ixtisas təhsilinə uyğun ali təhsil üzrə ixtisasları seçə biləcəklər. Hər bir subbakalavr ən çoxu 2 istiqamət üzrə 6 komissiyadan qeydiyyatdan keçə bilər. Xatırladaq ki, qeydiyyatdan keçən zaman uyğun ixtisaslar proqram təminatı vasitəsilə subbakalavra təqdim ediləcək.
Məşqçilik, Musiqi müəllimliyi, Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi, Təsviri incəsənət müəllimliyi ixtisaslarına qəbul olmaq istəyən subbakalavrların qabiliyyət imtahanlarında iştirak üçün qeydiyyatdan keçməsi tələb olunmur. Onlar müsabiqədə bu ixtisaslar üzrə tələb olunan minimal müsabiqə şərtləri əsasında iştirak edəcəklər.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin Dizayn ixtisasına qəbul olmaq istəyən subbakalavrlar qabiliyyət imtahanında iştirak üçün qeydiyyatdan keçməli və qabiliyyət imtahanında iştirak etməlidirlər. Digər ali təhsil müəssisələrinin Dizayn ixtisasına qəbul olmaq istəyən subbakalavrlar xüsusi qabiliyyət imtahanları verməyəcək. Buna görə də qabiliyyət imtahanlarında iştirak üçün qeydiyyatdan keçmək tələb olunmur. Həmin subbakalavrlar Dizayn ixtisası üzrə müsabiqədə bu ixtisas üzrə tələb olunan minimal müsabiqə şərtləri əsasında iştirak edəcəklər.
Musiqi müəllimliyi ixtisasını öz ərizələrində qeyd etmək istəyən və musiqi məktəbini 2016-cı ilə qədər bitirən subbakalavrlar öz bitirdikləri musiqi məktəbi ilə şəxsən əlaqə saxlayıb musiqi təhsili haqqında məlumatlarını “Musiqi məktəbi-məzun” sisteminə daxil etdirməlidirlər.
Məşqçilik, Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisaslarını öz ixtisas ərizələrində qeyd etmək istəyən subbakalavrlar qəbul olduqları təhsil müəssisəsinə sağlamlıq haqqında 086U formalı tibbi arayışı təqdim etməlidirlər.
Memarlıq ixtisasına qəbul olmaq istəyən subbakalavrlar qabiliyyət imtahanında iştirak etmək üçün 2-6 sentyabr 2020-ci il tarixlərində qeydiyyatdan keçə biləcəklər.
İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən subbakalavrlar müsahibədə iştirak üçün 27-30 avqust 2020-ci il tarixlərində qeydiyyatdan keçə biləcəklər.
2020/2021-ci tədris ilində qabiliyyət imtahanlarının keçirilməsi nəzərdə tutulan xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız bu ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak edən və müsabiqə şərtlərini ödəyən subbakalavrlar seçə bilərlər.
Qabiliyyət imtahanlarında iştirak ödənişlidir. Qeydiyyatdan keçmək üçün subbakalavr şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməli və tələb olunan məbləği (qeydiyyatdan keçmək istədiyi komissiyaların sayından asılı olaraq) şəxsi kabinetindəki hesabına əlavə etməlidir.
Xatırladaq ki, bir müddət əvvəl DİM ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlər üçün “Xüsusi qabiliyyət imtahanları” jurnalının 2020-ci il 1-ci və 2-ci nömrələrini nəşr edib.
"Abituriyent" jurnalının xüsusi buraxılışı olan bu jurnallarda ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul imtahanının qabiliyyət imtahanı mərhələsi və müsabiqənin keçirilməsi şərtləri, ixtisasların Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları (YQYK) üzrə bölgüsü, kadr hazırlığı aparılan orta ixtisas təhsili müəssisələri haqqında məlumatlar, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyə və məsləhətlər, tapşırıq nümunələri, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər və digər faydalı məlumatlar əksini tapıb.