Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2020 12:24
Human Rights Watch təşkilatının Avropa və Orta Asiya üzrə təmsilçisi Giorgi Gogia yeni bəyanatla çıxış edib. Ənənəsinə sadiq qalaraq, bu dəfə də Azərbaycanı hədəf seçib. Gogia 14 iyul 2020-ci il tarixində Bakıda keçirilən, ölkənin silahlı qüvvələrinin dəstəklənməsinə yönəlik mitinq zamanı təxribata əl atan, Milli Məclis binasına soxulan şəxslərin məsuliyyətə cəlb edilmələrindən "narahatdır". Hesab edir ki, milli vəhdət yürüşündən faydalanıb siyasi ambisiyalarını önə çəkənlər, qarşıdurma yaradanlar, təxribat törədib parlamentə daxil olanlar cəzasız qalmalıdırlar. Hansısa siyasi qrupların, konkret olaraq AXCP və "Milli Şura"nın təmsilçiləridirlərsə, toxunulmaz olmalıdırlar.
Bəyanat uzundur və ziddiyyətli tezislərlə doludur, subyektiv mülahizələr üzərində qurulub. Hər cümləsi təftiş edilməli, obyektivlik isbat olunmalıdır. Məsələn, HRW təmsiçisi bəyanatında Azərbaycanda tətbiq olunan karantin rejimini tənqid edir. Bildirir ki, COVİD-19 pandemiyası ilə bağlı tətbiq edilən karantin rejimini pozan insanlara cəza və cərimə tətbiq edilməsi yolverilməzdir.
Giorgi Gogia bu yerdə karantin rejiminə etinasız yanaşanları cəzasız buraxan, ictimai asayiş pozucularına "gül-çiçək bağışlayan" hansısa digər ölkədən nümunə göstərməyi "unudub". Görəsən, Gogia örnək olaraq bircə ölkənin adını çəkə bilərmi ki, orada sərt karantin rejimini pozanlar üçün hüquqi məsuliyyət nəzərdə tutulmayıb? Varmı belə bir ölkə? Maraqlıdır ki, bu yerdə təkcə Giorgi Gogia boşluğa yol verməyib, həm də onun bəyanatını həvəslə tirajlayan "müstəqil", "demokratik yönlü" "milli KİV-lər" də ehtiyatsız davranıblar, HRW-nin açıqlamasındakı nüanslara diqqət yetirməyiblər.
Gogianın bəyanatındakı boşluqlar bununla bitmir, sorğu edilməli, cavab istənilməli çoxlu məqamlar var. Vurğuladıq ki, HRW təmsilçisinin tənqid etdiyi hadisələr - təxribat törədənlərin həbsi - 14 iyul mitinqində baş verib. Xatırladaq ki, 14 iyul mitinqi milli həmrəylik aksiyası idi; iyulun 12-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində törədilən təxribatlara etiraz olunurdu; hücuma məruz qalan Azərbaycan silahlı qüvvələrinə dəstək nümayiş etdirilirdi. Aksiyalar Bakı ilə yanaşı, dünyanın dörd bir yanında, o cümlədən ABŞ-da və Avropanın aparıcı dövlətlərində keçirilirdi. Təxribatlar törətməklə həmin aksiyaları kontekstdən çıxarmaq, yönünü dəyişmək, gözdən salmaq, beləliklə Ermənistanın təxribatçı əməllərini unutdurmaq cəhdləri də təkcə Bakıda deyil, soydaşlarımızın həmrəylik mitinqi keçirdikləri bütün ölkələrdə baş verirdi. Bakıda olduğu kimi, Kaliforniyada, Belçikada, Moskvada da təxribatçılar ortaya çıxdılar, aksiyaların dağıdılmasına, yönünün dəyişdirilməsinə çalışdılar. Onlarla soydaşımız hücuma mərzu qaldı, ölümcül xəsarətlər aldı, hüquqları pozuldu. Amma nə Human Rights Watch-dan, nə də onun Avropa və Orta Asiya üzrə təmsilçisi olan Giorgi Gogiadan bir səs çıxmadı. Niyə? Ermənistanın Azərbaycan sərhəddində - Tovuz rayonunda törətdiyi hadisələr, 10-larla insanın öldürülməsi, yaralanması, təzyiqə məruz qalması insan hüquqlarının pozulması deyilmi? Dünya boyunca azərbaycanlıların ermənilərin təzyiqlərinə məruz qalması, mitinqlərinin dağıdılması, xəsarətlər yetirilməsi hüquq pozuntusu deyildimi? Azərbaycan tərəfindən bunca edilən müraciətlərə rəğmən, Human Rights Watch niyə bəyanat vermədi, erməni təxribatlarını pisləmədi? Onların bu yöndə suallara və müraciətlərə verdikləri cavablar KİV arxivlərində qalır. Cavabları mücərrəd və eybəcərdir: Human Rights Watch-un təmsilçisi Rachel Denber "BBC News Azərbaycanca"ya açıqlamasında bildirdi ki, "Təşkilat ölkələrdə yalnız hökumətlərin siyasəti nəticəsində baş verən insan haqlarının pozuntularına reaksiya verir... Bu təşkilat öz mandatına uyğun olaraq, münaqişələrdə insan hüquqlarının pozuntusuna münasibət bildirmir". Amma yalandır, bəhanədir, vəziyyətdən çıxmaq üçün müvəqqəti uydurulmuş versiyadır. Təşkilatın saytında, "Human Rights Watch-un məqsədi" kateqoriyasına baxanda, belə bir bölgü ilə rastlaşmırıq. Human Rights Watch-un, daha konkret desək, onun Avropa və Orta Asiya üzrə təmsilçisi olan Giorgi Gogia qeyri-səmimi davrandığını, Azərbaycana qarşı ənənəvi olaraq qərəzli münasibət sərgilədiyini isbatlayan faktların sırası genişdir. Bu yöndə ən etibarlı mənbə Gogianın arxividir, bioqrafik göstəriciləridir. O, Human Rights Watch-dan öncə Beynəlxalq Böhran Qrupunda (Crisis Group) çalışıb.
Açıqlamalarından görünür ki, əlaqələri indi də davam edir. HRW-dən fərqli olaraq, BBQ-nin işi daha konkretdir: silahlı münaqişə bölgələrində insan haqları, humanitar hüquq məsələlərini araşdırır. Giorgi Gogia Beynəlxalq Böhran Qrupunun Cənubu Qafqaz üzrə təmsiçisi qismində Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağa uzun müddətli səfərlər edib, 2008-ci ildə hesabatlar hazırlayıb. Onun Dağlıq Qarabağa hansı ölkənin icazəsi ilə səfər etməsi bir mövzudur. Amma indilik maraq doğuran məqam səfər təəssüratları və münaqişə, onun tərəfləri barədə nə yazmasıdır. Gogianın Cənubi Osetiya və Abxaziya barədə qeydləri çox aydın, konkretdir. Demək istədikləri hesabatın başlığından və ilk cümləsindən duyulur. 2008-ci ildə hazırlanmış 1-ci hesabatın başlığı belədir: "Cənubi Osetiya ilə bağlı Gürcüstan-Rusiya qarşıdurması, humanitar qanun pozuntuları". 2-ci hesabatı isə belə adlanır: "Gürcüstanın ayrılıq bölgələrindən olan Abxaziyadakı evlərinə qayıdan etnik gürcülərin pozulan hüquqları". Gogianın Dağlıq Qarabağla bağlı hesabatında isə belə konkretlik yoxdur, nə işğalçı, nə işğal olunan göstərilməyib. Dağlıq Qarabağın azərbaycanlı icmasının adı çəkilməyib. Açar sözləri bilməyən şəxs bu hesabatı internetdə, ümumiyyətlə, tapa bilməz. Gogianın 2008-ci il fəaliyyətini, Dağlıq Qarabağ münaqişəsi üzrə hesabatını axtararkən, fərqli mövzular üzə çıxır.
Mənim beynəlxalq təşkilatlara, Avropa institutlarına yanaşmam fərqlidir. Düşünmürəm ki, bütün beynəlxalq təşkilatlarda, xüsusən Avropa institutlarında Azərbaycana qarşı total hücum, sistemli qərəzli yanaşma var. Fikrimcə, bu görüntünü yaradanlar ayrı-ayrı "beynəlxalq təşkilatlar" və ya beynəlxalq təşkilatlara hansısa yollarla daxil olmuş fərdlərdirlər. Onlar öz kampaniyalarını ümumun adından təqdim edə bilirlər. Zamanla bu məqamın isbat olunacağına inanıram. Qənaətim təsadüfən yaranmayıb, təcrübəyə söykənir. "Beynəlxalq ekspert" statusuyla beynəlxalq təşkilatları gəzən, hər yerdə ölkəmizə qarşı bənzər mövqeyi sərgiləyən məşhur ismlər var: Rebecca Vincent, Giorgi Gogia və sair... İstər-istəməz sual yaranır ki, bu şəxslərin Azərbaycanla davalarının səbəbi nədir? Fikrimcə, səbəb onların özlərindən daha çox, mənsub olduqları siyasi qruplarla, xidmət göstərdikləri şəxslərlə bağlıdır.
Linkedin sosial şəbəkəsindəki hesabında, məlumat bölümündə Giorgi Gogianın ön cərgədə göstərdiyi bir məqam var: fəxarətlə bildirir ki, 1999-2000-ci illərdə Mərkəzi Avropa Universitetində (Central European University) təhsil alıb, sonrakı addımlarını da bu məktəbdən aldığı təlimlərin təsiriylə atır. CEU Macarıstanda yerləşən, Corc Sorosun himayəsində olan, onun üçün, sözün həqiqi mənasında, müridlər yetişdirən universitetdir. 2019-cu ildə Macarıstanın Baş naziri Viktor Orbanın Mərkəzi Avropa Universiteti ilə bağlı yaşadığı insident dünyaca məşhurdur. CEU Corc Soros üçün o qədər önəmli müəssisədir ki, o, kimsəyə arxayın olmadan, Macarıstanda yaranmış problemə birbaşa özü müdaxilə etdi, CEU-nun yaşadılması üçün var gücü ilə çalışacağını bəyan etdi.
Giorgi Gogianın Azərbaycana qarşı mübarizəni həyat amalına çevirməsinin səbəblərini bu nöqtədə axtarmaqla, ipucu əldə etmək mümkündür.
Müşfiq Ələsgərli